Azərbaycan Vətən müharibəsindəki yeni reallıqlar müstəvisində maraqlarını qətiyyətlə təmin edir

11:59 29-11-2022 | icon 1105
Azərbaycan Vətən müharibəsindəki yeni reallıqlar müstəvisində maraqlarını qətiyyətlə təmin edir

44 günlük müharibədə torpaqlarını işğaldan azad edən Azərbaycanın yaratdığı
əsas reallıqlardan biri Dağlıq Qarabağ münaqişəsinə son qoyulmasıdır. Münaqişənin
başa çatması ilə 30 ilə yaxın müddətdə bir iş görməyən, əslində isə işğal siyasətinə
dəstək verən Minsk qrupunun ömrü başa çatdı. ATƏT-in Minsk qrupunun edə
bilmədiklərini Azərbaycan güc yolu ilə təmin etdi. Artıq Azərbaycan ərazi bütövlüyünü
təmin edib. 30 ilə yaxın bir müddətdə öz vəzifələrini yerinə yetirə bilməyən Minsk
qrupunun da fəaliyyətinə ehtiyac yoxdur və müharibənin başa çatmasından sonra bu
missiya faktiki olaraq dayanıb.
Artıq yeni reallıqlar müstəvisində nə Qarabağın, nə də keçmiş Minsk qrupunun
adı çəkilir. İndiyə qədər istər Rusiyanın, istər Avropa İttifaqının vasitəçilyi ilə keçirilən
görüşlərdə yalnız və yalnız Azərbaycanla Ermənistan arasında  münasibətlərin
normallaşdırılmasından, İrəvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən
bəhs olunub. Ermənilərin iddia etdikləri Qarabağa status məsələsi də müzakirə
mövzusu deyil. Görünən odur ki, Prezident İlham Əliyevin yürütdüyü diplomatiya
nəticəsində müharibənin başa çatmasından sonra yaranan bu reallıqlar siyasi mərkəzlər
tərəfindən qəbul edilir. 
Bəli, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə status
söhbətləri də birdəfəlik bağlandı. Ölkəmizin ərazisində yaşayan ermənilərin məsələsi isə
Azərbaycanın öz daxili işidir. Noyabrın 25-də ADA Universitetində keçirilən "Orta Dəhliz
boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda
iştirakçıların suallarını cavablandıran Prezident İlham Əliyev bir daha bu mövzuya
toxunaraq deyib: “İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda müəyyən illüziya
yaranıb ki, onlar bizimlə Qarabağla bağlı danışmağa davam edəcəklər. Biz əvvəldən
demişdik ki, bu, qətiyyən mümkün deyil. Biz heç bir ölkə ilə, heç bir beynəlxalq qurumla
Qarabağdan danışmaq fikrində deyilik. Qarabağ münaqişəsi həll olunub, bu, bizim
ərazimizdir, hamı tərəfindən tanınır və bizim daxili işimizdir”. 
Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyi
aydın və dəqiqdir.  Bu məsələdə Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və
prinsiplərinə əsaslanır, sülhün əldə olunmasına xidmət edir. Lakin üzərinə götürdüyü
öhdəliklərə və üçtərəfli görüşlərdəki razılaşmalara rəğmən Ermənistan normallaşma
prosesinə və bölgədə sülhün bərqərar olması səylərinə maneçilik törədir. Ermənistana
pozuculuq fəaliyyətində əsas  dəstək verən isə Fransadır. Bildiyimiz kimi, oktyabrın 6-da
keçirilən Praqa görüşü zamanı Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması
ölkəmizin Vətən müharibəsindən sonra növbəti diplomatik qələbəsi oldu. Lakin Fransa
Prezidentinin Praqa görüşündən 6 gün sonra müsahibəsi zamanı ölkəmizə qarşı
təxribatçı fikirləri, etmədiyimiz işlərdə bizi günahlandırması yalnız vəziyyətin
gərginləşməsinə xidmət edir, sülh gündəliyinin həyata keçirilməsinə, iki ölkə arasında
münasibətlərin normallaşmasına zərbə vurur. Bu cür qərəzli addımlar Azərbaycanla
Ermənistan arasında münasibətlərin normallaşması prosesinə qeyri-adekvatdır. 
Bütün bunlar bir daha təsdiq edir ki, Fransanın Azərbaycanla Ermənistan
arasında münasibətlərin normallaşdırılması prosesində hansısa formada iştirakı,
ümumiyyətlə, mümkün deyil. Ona görə Ermənistanın baş naziri N.Paşinyanın dekabrın
7-də Brüsseldə keçirilməli olan görüşdə  Fransa Prezidentinin iştirakını da istəməsi
danışıqları pozmaqdan başqa bir şey deyil. Konfransda Praqa görüşündən sonra
Fransanın təxribatlarını diqqətə çatdıran Prezident İlham Əliyev bəyan etdi ki, belə bir
şəraitdə Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə
bilməz: “Onları bu formatdan kənarlaşdıran biz yox, özləri oldu. Çünki nə Rusiya, nə də
Amerika, keçmiş Minsk qrupunun hansısa həmsədri heç vaxt rəsmən, yəni

müharibədən sonrakı dövrdə tərəf tutmayıb, yalnız Fransa tutub. Deməli, bu o deməkdir
ki, dekabrın 7-də Brüssel görüşü baş tutmayacaq və baxaq görək, hansı alternativimiz
olacaq, vasitəçi kim olacaq, platforma harada olacaq. Mən Ermənistanın baş nazirinin
bu qərarını sülh prosesini pozmaq cəhdi hesab edirəm, çünki onlar təsəvvür edə
bilərdilər ki, biz buna qarşı olacağıq”. 
Bəli bü gün Azərbaycan Vətən müharibəsindəki yeni reallıqlar müstəvisində
maraqlarını qətiyyətlə təmin edir. İndiyədək keçirilmiş görüşlərin məntiqi sonluğu sülh
sazişi olmalıdır. Bu prosesdə isə ermənilərin Qarabağla bağlı iddialarına yer yoxdur.
Ona görə Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ola bilsin ki, Ermənistan tərəfi heç
bir nəticəyönümlü ssenari olmadan prosesi sonsuz etmək üçün işğal zamanı da istifadə
etdiyi köhnə taktikadan istifadə etmək qərarına gəlib. Ermənistanın köhnə taktikasının
sonu isə Vətən müharibəsindən yaxşı məlumdur. Bu mənada sülh prosesinin pozulması
Ermənistana baha başa gələcək.

Əsmər Bədəlova,
Salyan şəhər 4 saylı tam orta məktəbin müəllimi


Digər xəbərlər

0.24058604240417