Ölkəmizin ərazisindən keçən "Şərq-Qərb","Şimal-Cənub" və "Cənub-Qərb" beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanın logistik mərkəzə çevrilməsi üçün real imkanlar yaradır

12:02 29-11-2022 | icon 1048
Ölkəmizin ərazisindən keçən

Dünyada güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın
təmin olunduğu ölkə kimi tanınan müstəqil Azərbaycan dünya birliyinin ayrılmaz
hissəsinə çevrilib. Əlverişli coğrafi mövqedə yerləşən, mühüm nəqliyyat-tranzit
qovşaqlarından birinə çevrilən Azərbaycan Cənubi Qafqazın geoiqtisadi, logistik
mərkəzi kimi tanınır. İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal
dəstəkçisi olan ölkəmiz müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə
etibarlı təminat verir. Əlbəttə ki, müxtəlif ölkələri birləşdirən nəqliyyat layihələrinin
təməlində geosiyasət dayanır və bu layihələr sabitliyin təminatına töhfə verir. Şərqdən
Qərbə və Şimaldan Cənuba uzanan yolun üzərində yerləşən Azərbaycan bu
imkanından istifadə etməklə qitələri və ölkələri birləşdirir. Bütün bunlar onu deməyə
əsas verir ki, artıq nəqliyyat-logistika aspektlərində Azərbaycan regionun mərkəzi
qovşağına çevrilib.
Ölkəmizin ərazisindən keçən "Şərq-Qərb", "Şimal-Cənub! və "Cənub-Qərb"
beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanın logistik mərkəzə çevrilməsi üçün real
imkanlar yaradır. Azərbaycanın bölgənin lider ölkəsi olmasını şərtləndirən mühüm
amillərdən biri beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasında yaxından iştirakıdır.
Tranzit imkanlarının müasir dövrdə ölkənin iqtisadiyyatında, regional və beynəlxalq
mövqeyində rolunu ilk gündən düzgün qiymətləndirən Prezident İlham Əliyevin
yürütdüyü siyasətin nəticəsi olaraq qlobal nəqliyyat dəhlizləri məhz ölkəmizdən keçir.
Son illər dünyanın hər yerində beynəlxalq yükdaşımaları sahəsində rəqabət daha da
yüksəlib. Bu da onu göstərir ki, ölkələr arasında əlaqələrin məzmunu keyfiyyət
dəyişikliklərinə məruz qalsa da, ticari və iqtisadi dəhlizlərin əhəmiyyəti öz aktuallığını
qoruyub saxlayır. Belə şəraitdə böyük tranzit potensialına malik Azərbaycan müşahidəçi
mövqeyində dayana bilməz.
Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas məqsədlərdən biri də ölkəmizin
tranzit mərkəzinə çevrilməsini tam təmin etməkdir. Tarixi "İpək yolu”nun keçdiyi
Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropa və Asiyanı, ən uzaq dövlətləri
birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri olub. İndinin
özündə də Azərbaycan bir sıra ətraf ölkələrlə müqayisədə təbii üstünlüklərə malikdir.
Belə ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ən əlverişli
kəsişməsində yerləşir və bu baxımdan, geostrateji mövqeyə malikdir. Bunu nəzərə
alaraq ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı, tranzit potensialının artırılması
istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə irihəcmli dövlət
investisiyaları yönəldilib. Bakıda və ölkənin digər regionlarında beynəlxalq hava
limanlarının, beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi, dəmir yolu xətlərinin və
təyyarə parkının yenilənməsi xarici iqtisadi əlaqələrin genişlənməsində mühüm rol
oynayır. Bunlar Azərbaycanın tranzit potensialını və tranzit daşımalarında iştirak
imkanlarını genişləndirir və ən əsası bütün yollar Azərbaycanda birləşir. Prezident
cənab İlham Əliyev 25 noyabr tarixində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik
və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında da qeyd etmişdir ki:
“Azərbaycanda bütün nəqliyyat layihələri - istər Şərq-Qərb, istər Şimal-Cənub dəhlizləri,
dəmir yolu və ya magistral yol, hava limanları, donanma, yaxud dəniz limanı -
mövcuddur. Eyni hazırlıq səviyyəsi dəhliz marşrutu boyunca yerləşən bütün ölkələrdə
olmalıdır. Yüklərin Xəzər istiqamətində çatdırılmasına, Trans-Xəzər imkanlarından geniş
şəkildə istifadə etməyə ehtiyac var.”
Coğrafi cəhətləri birləşdirməklə dünyanın dörd bir tərəfinə nəqliyyat çıxışı
Azərbaycanın həyata keçirdiyi uğurlu layihələr sırasındadır. Belə ki, bu layihə
çərçivəsində yaradılan Şərq-Qərb nəqliyyat dəhlizi Çin, Qazaxıstan, Azərbaycan,

Gürcüstan, Türkiyə və ondan sonra Avropa ölkələrini birləşdirir. Şimal-Cənub dəhlizi
vasitəsilə isə Pakistan, Hindistan, İran, Azərbaycan, Rusiya, Avropa ölkələri bir araya
gələcəklər. Maraqlıdır ki, Avrasiya materikində yerləşməsinə baxmayaraq açıq dənizlərə
çıxışı olmayan Azərbaycan mühüm nəqliyyat və logistika mərkəzi kimi dünyaya səs
salır. Bu, ölkəmizin beynəlxalq əməkdaşlıq əlaqələrində böyük imkanlara və güclü
infrastruktura malik olduğunun göstəricisidir. Bu nəhəng layihələrdən sonra Azərbaycan
etibarlı tərəfdaş kimi böyük nüfuzunu bütün dünyaya bir daha sübut edəcək. Etibarlı
tərəfdaş olan ölkəmiz güclü potensialı ilə istənilən böyük layihələrin icrasında öz sözünü
qətiyyətlə deyir.  
Azərbaycan çağdaş dövrümüzün ən parlaq və şərəfli tarixini yazır. Bu şanlı tarix
yalnız bir region çərçivəsi ilə məhdudlaşmır, bütövlükdə qloballaşan dünyamızda
tərəfdaşlığa can atan bütün dövlətlər üçün mühüm əhəmiyyətə malikdir. Bu baxımdan
dünyada nüfuzu artan, iqtisadi və hərbi cəhətdən güclü bir dövlətə çevrilən
Azərbaycanın haqlı mövqeyi birmənalı şəkildə Qafqazın və həm də bütün dünyanın
təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir.

Mahiyyə Həsənova,
Salyan şəhər 9 saylı tam orta məktəbin direktoru


Digər xəbərlər

0.22681307792664