“Orta Dəhliz” layihəsi mühüm əhəmiyyət kəsb edir

12:03 29-11-2022 | icon 885
“Orta Dəhliz” layihəsi mühüm əhəmiyyət kəsb edir

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət,
təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda
çıxış edən ölkə rəhbəri bildirmişdir ki, təhlükəsizlik və iqtisadi potensial olmadan bütün
region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail
olmaq mümkün olmayacaq. Təbii ki, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli
elementlərdən biri sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim
iqtisadi inkişafımızın əsas amillərindən biridir. 
Bildiyimiz kimi, “Orta Dəhliz” yüklərin Çindən Avropaya və Yaxın Şərqə
daşınması üçün ən təhlükəsiz marşrutlardan hesab edilir. Buna görə də, tarixi Böyük
İpək Yolunun (Çin, Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və daha
sonra Avropaya) canlandırılmasına yönəlmiş “Orta Dəhlizi”in əhəmiyyəti artır. Xüsusilə
də Rusiya vasitəsilə Asiyadan Avropa Birliyi bazarlarına məhsulların tədarükündə
problemlərin yaranması bu dəhlizə olan marağı gücləndirir. Bu baxımdan dəhlizin
fəaliyyətinin gücləndirilməsi Qərb və Şərq arasında təbii körpü rolunu oynayan
Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır.
Ümumiyyətlə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan “Orta
Dəhliz” Çin və Avropanı birləşdirir və Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və
əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Bu dəhliz üzrə hərəkət
edən blok qatarı yükləri orta hesabla 20-25 günə Çindən Avropaya çatdırır ki, bu da
nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biri sayılır. Hələ 2017-ci ildə işə salınan
layihənin əhəmiyyəti 2022-ci ildə Ukraynada hərbi əməliyyatların başlanmasından sonra
kəskin şəkildə artıb. Bu, bir həqiqətdir ki, avropalılar Çindən malların fasiləsiz
tədarükünü təmin etmək üçün yeni reallıqlara uyğunlaşmağa məcbur olublar. Əgər
2022-ci ilə qədər hamı Trans-Sibir dəmir yolundan istifadədən çox razı idisə, bu gün
yeni şərtlər altında Avropa İttifaqı ilə ticarət ciddi şəkildə mürəkkəbləşib. Artıq hər kəsə
məlumdur ki, Danimarkanın “Maersk” və Finlandiyanın “Nurminen Logistics” şirkətləri
cari ilin yazında yenidən Çinə aparan Qazaxıstan dəmir yolu şəbəkəsinə keçiblər.
Təbii ki, “Orta Dəhliz” ətrafında yaranmış yeni reallıq Azərbaycanı da bu dəhlizlə
bağlı daha fəal addımlar atmağa vadar edir. Azərbaycan Qərb ilə Şərq arasında “Orta
Dəhliz”in inkişafı üçün Türkiyə və Qazaxıstanla birgə addımlar atır. 27 iyun 2022-ci il
tarixində Bakıda Türkiyə, Azərbaycan və Qazaxıstanın xarici işlər və nəqliyyat
nazirlərinin keçirilən görüşündə vurğulanmışdı ki, Xəzər dənizi ilə yüklərin çatdırılması
böyük əhəmiyyət kəsb edir və hər üç ölkə “Orta Dəhliz”in əhəmiyyətini artırmaq üçün
addımlar atmağa hazırdır. Həmin görüşdə xüsusilə qeyd olunmuşdu ki, nəqliyyat və
logistikaya sərmayənin artması regionda rifahı artıracaq.
Üçtərəfli görüş nəticəsində imzalanan Bakı Bəyannaməsində də qeyd olunduğu
kimi, “Orta Dəhliz” marşrutunun tərkib hissəsi olan Zəngəzur dəhlizinin açılması böyük
perspektivlər vəd edir. Təhlillərə görə, Zəngəzur dəhlizi Azərbaycan və ona aid olan
Naxçıvanı birləşdirməkdən savayı, Şimal-Cənub və Şərq-Qərb tranzit yolları arasında
mühüm əlaqə yaradacaq.
Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Orta Dəhliz nəqliyyat həcmində
böyük artım yaşayıb. 2022-ci ilin yanvar-mart aylarında bu marşrutla 266,3 min ton yük
keçib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 123 faiz çoxdur. Hazırda Orta
Dəhliz Çin-Avropa İttifaqı dəmir yolu ticarətinin ümumi yük həcminin 3-5 faizini təşkil
etsə də, bu həcmin təqribən 10 faizinin dəhliz vasitəsilə asanlıqla daşınacağına dair
gözləntilər böyük maraq kəsb edir.
Orta Dəhlizin əhəmiyyətinin artmasına baxmayaraq, müxtəlif problemlər alternativ
keçiddən səmərəli istifadəyə mane olur. Marşrutun Mərkəzi Asiya hissəsində
problemlər, xüsusən də Çin-Qazaxıstan sərhədində tıxaclar və səmərəsiz sərhəd

nəzarəti ilə bağlı problemlər qalmaqdadır. Sərhəddəki çətinliklər gecikmələrə səbəb olur
və yüklərin daşınması xərclərini artırır, marşrutun etibarlılığını aşağı salır.
Marşrutun Xəzər dənizi və Qara dəniz hissələrində məhdud liman imkanları və
bərə keçidləri ən ciddi problemlər kimi ortaya çıxıb. Nəticədə, bu problemlər
gecikmələrə səbəb olur və çatdırılma vaxtlarını dəqiq idarə etməyi çətinləşdirir.
Son problem dəmir yolu marşrutu və dəhlizin Türkiyədən keçən hissəsi ilə bağlı
nəqliyyat məsələləridir. İstanbul bölgəsində, xüsusən də Halkalı Stansiyasında məhdud
tutum səmərəli daşımalara mane olur və çatdırılma vaxtlarının qurulmasında daha çox
qeyri-müəyyənliyə səbəb olur.
Ümumilikdə, Orta Dəhlizdən istifadə ilə bağlı mövcud çətinliklərə baxmayaraq,
dövlətlər və şirkətlər diqqətlərini gələcək tranzit üçün dəhlizin optimallaşdırılmasına
yönəltməyə başlayırlar. Qısa müddətdə Orta Dəhliz ölkələri və şirkətləri arasında artan
əməkdaşlıq dəmir yollarının, limanların və yumşaq infrastrukturun yaxşılaşdırılmasına
kömək edəcək. Nəticədə, bu təkmilləşdirmələr daha çox yük həcminin Şimal
Dəhlizindən Orta Dəhlizə, xüsusən də Çin-Avropa İttifaqı ticarəti ilə yenidən
istiqamətləndirilməsinə gətirib çıxara bilər.

Qəmbər Həsənov,
Salyan rayon Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndə


Digər xəbərlər

0.21068096160889