Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub

13:06 01-12-2022 | icon 879
Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün davamı kimi 1992-ci il
mayın 18-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu işğal edilib. İşğal
nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb və hazırda 77 min nəfərdən artıq Laçın
sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi yaşayır. Ermənistan tərəfindən rayonda dövlət
və özəl mülkiyyətə ciddi zərər yetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət,
30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib.
  54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. VI əsrə aid Alban Ağoğlan
məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq
bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası
talan edilib. Həmçinin talan edilmiş Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda
"Sotheby`s" auksionunda 80 min ABŞ dollarına satılıb.
  Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə
pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc
mənbəyinə çevrilməsi, əsasən Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla, məqsədyönlü məskunlaşma
siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərini davam etdirir.
  Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə Azərbaycanın Laçın
rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə qərar qəbul edərək, onların İnsan
Hüquqları və Fundamental Azadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyət hüququ, şəxsi və ailə
həyatına hörmət kimi hüquqlarının pozulduğunu təsbit edib. Həmçinin qərarın 19-20-ci paraqraflarında Laçın
rayonu, xüsusən Laçın şəhərinin hərbi hücuma məruz qalması, 1992-ci il may ayının ortalarında Laçının
havadan bombardman edilməsi və bunun nəticəsində çoxlu sayda evlərin dağıdılması, şəhərin talan edilməsi
və yandırılması, hərbi münaqişə dövründə Laçın və ətraf kəndlərin tamamilə dağıdılması öz təsdiqini tapıb.
  Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların Ermənistan silahlı qüvvələri tərəfindən işğalı,
işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl
niyyətinin hərbi təcavüz və işğal yolu ilə ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir.
  Beynəlxalq hüququn imperativ normaları və BMT Nizamnaməsinə zidd olaraq Ermənistan tərəfindən
Azərbaycana qarşı qeyri-qanuni gücdən istifadənin, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərindən 700
mindən artıq köklü Azərbaycan əhalisinin zorla qovulması ilə onların fundamental hüquq və azadlıqlarının
kütləvi pozulmasının nəticələrinin Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan
sayı 90 mindən az olan erməni azlığın “öz müqəddəratını təyin etmək” və “insan hüquqları” kontekstində
təqdim etmək cəhdləri cəfəngiyatdır və heç bir mənəvi, hüquqi və siyasi çərçivəyə sığmır.
  Ermənistan, nəhayət başa düşməlidir ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman
Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz və işğala əsaslanan status-kvo Ermənistanın özünü
təcridinin və bugünkü sistematik sosial-iqtisadi və demoqrafik böhranının əsas səbəblərindəndir. Azərbaycan
ərazilərinin işğalına son qoyulması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən
çıxarılması hərtərəfli regional əməkdaşlıq üçün imkanlar aça və davamlı sülhün təmin olunmasına töhfə verə
bilər.
  Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi Laçın, habelə ölkənin digər
işğal olunmuş rayonlarından olan məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq kimi hüquqlarının təmin
edilməsi və ümumilikdə münaqişənin ağır fəsadlarının aradan qaldırılması beynəlxalq ictimaiyyətinin öhdəliyi
olmaqla yanaşı, BMT Nizamnaməsində təsbit edildiyi kimi, Azərbaycan dövlətinin şəksiz ayrılmaz hüququdur.
  Azərbaycan tərəfi münaqişənin tezliklə həlli istiqamətində beynəlxalq səylərin artırılmasını dəstəkləyərək,
beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini və vətəndaşlarının
pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır.

Zeynallı Mirkamal
Saatlı şəhər Bülbül adına UMM-nin Qarmon müəllimi


Digər xəbərlər

0.28643202781677