Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir

15:49 11-12-2022 | icon 784
Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində mühüm yer tutan Heydər Əliyev epoxasının hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir. Onun hər bir səhifəsi, hər bir sətri ümummilli liderimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılmışdır. Azərbaycanı bəşər sivilizasiyasının beşiyi olan ölkələrdən biri, xalqımızı isə zəngin və unikal bir mədəniyyətin övladları adlandıran dahi şəxsiyyətin ən böyük xidmətlərindən biri də məhz xalqımızın şərəfli tarixi keçmişini bərpa etməsi, milli-mənəvi irsimizin dəyərlərini, milli adət-ənənələrimizi yaşatması, Azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin hər cür buxovlardan azad olunaraq, öz həqiqi təsdiqini tapması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularımızın reallaşmasına nail olmasıdır.

      1969-cu il Azərbaycanın  sosial-iqtisadi və mədəni inkişafında dönüş ili olmuşdur. Ulu Öndərin rəhbərliyi altında respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji 70-ci illərin bariz əlamətinə çevrilmişdi. Bu illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Kənd təsərrüfatının inkişafında böyük nailiyyətlər əldə edilmiş, sənayenin dinamik yüksəlişini təmin etmək üçün iqtisadiyyatda struktur islahatları həyata keçirilmiş, yeni sənaye sahələri yaradılmışdır. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur.

        Heydər Əliyevin həyatının mənası Azərbaycan idi, ölkənin inkişafı və tərəqqisi idi. Ümummilli liderimizin Azərbaycana rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilmiş, Azərbaycan müstəqilliyə qovuşmuş, Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsasları və müstəqillik konsepsiyası hazırlanmışdır.

       İllər, qərinələr ötdükcə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin tarixi xidmətləri, bir insan ömründə yaratdığı xarüqələr daha aydın görünəcəkdir. Zaman keçdikcə ulu öndərimizin böyüklüyünü daha çox hiss edəcəyik. O, Azərbaycanın yalnız bu gününü düşünmürdü, xalqımızın sabahını, dövlətimizin gələcəyini düşünürdü. Mənalı ömrünü öz xalqına həsr etmiş ulu öndərimizin siyasi irsi dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ümummilli liderimizin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə bundan sonra da faydalanacaqdır.

      O, xilaskarlıq üçün doğulmuşdu. Bütün ömrünü bu işə sərf etdi. O, birinci dəfə xalqını gerilikdən çıxarıb yüksəltməklə xilas etdi. İkinci dəfə xalqını parçalanıb məhv olmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. O, xalqı ilə yaşadı, xalqını yaşatdı. Hələ sağlığında xalqın qəlbində özünə əbədi abidə ucaldan, millətin ümummilli liderinə çevrilən Heydər Əliyev Azərbaycan xalqı durduqca onunla yaşayacaqdır.

 

Aydın Hüseynov,

“Yeni gün”


Digər xəbərlər

0.27385807037354