Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin təməl irsi ölməzdir  

15:54 11-12-2022 | icon 797
Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin təməl irsi ölməzdir
 

       Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” - Ulu Öndər Heydər Əliyevin bu fikri dövlət gənclər siyasətinin fəlsəfi və ideoloji əsası olmaqla daim aktualdır və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir.       

        1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb.   

         Ümummilli Liderin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə imkan yaratdı və onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirdi. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edirdi. O, vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir”.

        Gənclər siyasətinin institutlaşdırılması istiqamətində müstəqil Azərbaycanın ilk addımları böyükdür. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Yaradılmış yeni Nazirlik gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin etdi.

          Bu gün ölkəmiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Cənab Prezident tərəfindən həyata keçirilən uğurlu və məqsədyönlü daxili və xarici siyasət, ordu quruculuğu sahəsində görülmüş işlər, vətənpərvər gənc nəslin yetişməsi yönündə həyata keçirilmiş tədbirlər Vətən müharibəsində ölkəmizin qələbəsinin təmin olunmasında mühüm rol oynadı. Gənclər əsl vətənpərvərlik və qəhrəmanlıq nümunəsi göstərərək canlarından keçdilər, şəhid oldular, sağlamlıqlarını itirdilər, lakin qarşıya qoyulan məqsədə nail oldular – Azərbaycan tarixinə şanlı, unudulmaz Zəfər səhifəsini yazdılar.

        Bu gün gənclərimiz fəxrlə, qürurla deyirlər ki, onlar qalib Azərbaycanın gəncləridir. Biz gənclər hər zaman əziz babamız Heydər Əliyevin müqəddəs ruhuna borcluyuq, onun xatirəsini daim ürəklərimizdə və  əməllərimizdə yaşadacağıq.

Musa Gözəlov,

Masallı Regional Mədəniyyət İdarəsinin

Cəlilabad Nümayəndəliyinin əməkdaşı       

 


Digər xəbərlər

0.21726608276367