Alı Qocayev: "Azərbaycan deyəndə Heydər Əliyev, Heydər Əliyev deyəndə isə Azərbaycan yada düşür"

11:40 12-12-2022 | icon 829
Alı Qocayev:

"Ömrünü ölkəsinə və xalqına xidmətə həsr edən dahi şəxsiyyət Heydər Əliyev
müstəqil Azərbaycanın tarixində xilaskar kimi əbədi qalacaqdır."

Bu sözləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Samux Rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev bildirib.

İcra Başçısı qeyd edib ki, Azərbaycanda elə bir sahə yoxdur ki, orada ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri
olmasın:

"Məhz bu səbəbdən də Azərbaycan deyəndə Heydər Əliyev, Heydər
Əliyev deyəndə isə Azərbaycan yada düşür. Milli liderliklə siyasi liderlik
keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast
gəlinən haldır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz
birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. O, idarəetmənin ustadı və siyasətin
kamil bilicisi idi. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, siyasi
iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında
əvəzedilməz rola malikdir. Heydər Əliyev güclü xarizmatik şəxsiyyət,
fenomenal siyasətçi və dövlət xadimi idi. Ulu Öndərin ən böyük gücü dərin və
universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında,
tükənməz səbrində, uzaqgörənliyində və müdrikliyində idi. Ulu Öndər öz
müdrikliyi, cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanmışdır. Dahi
şəxsiyyət hər zaman Azərbaycanı düşünmüş, xalqın milli maraqlarının qarantı
olmuşdur. Hələ Sovetlər dövründə ölkəmizə rəhbərlik edən Ulu Öndər Heydər Əliyev
Azərbaycanın inkişafı naminə mühüm siyasi qərarların verilməsinə nail
olmuşdur. Eyni zamanda, xalqın milli mədəni dəyərlərinin qorunub saxlanması
da Ulu Öndərin adı ilə bağlıdır. Dahi şəxsiyyətin Azərbaycan dili ilə bağlı tarixi
təşəbbüsü milli dilimizin qorunub saxlanmsı üçün atılmış çox böyük və
qətiyyətli addım olmuşdur. Ulu öndər Heydər Əliyevin “Azərbaycan Sovet
Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”- təklifi  1978-ci il 21
aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini
tapmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider
Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu
Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini
məharətlə qorumuşdur. Milli dövlətçilik ənənələrinə böyük ehtiram bəsləyən ulu öndər Heydər Əliyev  Sovet imperiyası tamamilə süqut etməmiş, 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağını Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq etmiş, Azərbaycan SSR Ali Soveti
qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması
haqqında vəsatət qaldırmışdı. Ulu Öndər hər zaman xalqın milli birliyinin təmin
olunması üçün də var gücü ilə çalışmışdır. Belə ki, Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi
ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilmiş, Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan
Respublikasının Ali Sovetinə müraciət etmişdi. Artıq  31 ildir ki,  Dünya
azərbaycanlıları bu günü bayram kimi qeyd edir. Dünya azərbaycanlılarının
həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan
Ulu Öndər həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji
həmrəyliyinə müvəffəq olmuşdur. Həmrəylik günü dünyanın 70-dən çox
ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar
arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Azərbaycan xalqı da hər zaman ulu öndər Heydər Əliyevə ümid bəsləmiş, çətin məqamlarda xalq öz böyük oğlunun ətrafında birləşmişdir. Azərbaycan
belə çətin bir dövrü 1990-cı illərin əvvəllərində yaşayırdı. Məhz həmin
məqamda xalq öz qurtuluş nicatını Ulu Öndər Heydər Əliyevə müraciət
etməkdə gördü. Xalq dahi şəxsiyyətin ətrafında birləşmək üçün siyasi bir
təşkilata ehtiyac duyurdu. Azərbaycanın taleyini düşünən insanlar ölkəni
böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və
bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti
ətrafında birləşdilər. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən
başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-
siyasi şəraitin məntiqi nəticəsi idi. Azərbaycanın bütün regionlarından seçilmiş
nümayəndələrinin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər
Əliyevin sədrliyi ilə keçirildi. 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana
gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Təsis
konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın
Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə
partiyanın Sədri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə
böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Ulu Öndər
cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa
zamanda inkişaf etdirdi, özünün dediyi kimi, “dünənin, bu günün və sabahın
partiyası” səviyyəsinə yüksəltdi. Ümummilli Liderimiz rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət
kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf
strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar
atmışdır. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən
sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin
olunmasının əsası qoyulmuşdur. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-
siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni
silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə
yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar
edilmişdir. İctimai-siyasi sabitlik bərqərar edilməklə paralel ölkədə ordu quruculuğu
məsələlərinə xüsusi diqqət ayrılırdı. Müstəqilliyin ilk illərində mövcud olan
ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr Ali Baş Komandan Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv edilmiş, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami Silahlı
Qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülmüş, orduda
kütləvi fərarilik hallarına son qoyulmuş, hərbi intizam möhkəmləndirilmişdir. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqqında saziş imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması
daha da sürətləndi. Milli Ordunun formalaşmasında ulu öndər Heydər Əliyevin
hələ sovet dönəmində müstəsna xidmətləri sayəsində yaradılan hərbi kadrlar
hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan
hərbi liseyin məzunlarından istifadə edildi. Ulu öndər Heydər Əliyevin 1998-ci
il 22 may tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun
yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü
elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır.Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi
Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu
1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. Ulu öndər Heydər Əliyevin
rəhbərliyi ilə həyata keçirilən siyasət fonunda ölkənin siyasi-hüquqi sistemində
müsbət mənada əsaslı dəyişikliklər oldu. Dövlətin hüquqi bazasının
möhkəmləndirilməsi istiqamətində növbəti addımlar atıldı: məhkəmə
islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və Ombudsman
təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi və onlarla digər bu kimi
islahat xarakterli demokratik təşəbbüslər bilavasitə Heydər Əliyevin gərgin
əməyinin nəticəsidir. Bir sözlə, ulu öndər Heydər Əliyev hüquqi dövlətin
sarsılmaz əsaslarını qoydu. Azərbaycan Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan
nüfuzlu bir dövlətə çevrilmişdir – qısa müddət ərzində xarici siyasət sahəsində
böyük dönüş yaranmış, uğurlar əldə olunmuşdur. Yalnız Heydər Əliyevin
hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını
gerçəkləşdirməyə başlamışdır. Azərbaycanın beynəlxalq aləmdən təcrid
olunmaq təhlükəsi aradan qaldırılmışdır. Dünya siyasət meydanında cərəyan
edən proseslərə təsir baxımından Ulu Öndər həmişə öz sözü və çəkisi ilə
seçilmişdir. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət
verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli
məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi
Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə
əhəmiyyətli olmuşdur. Fəal diplomatiyanın nəticəsində dünyanın demokratik
dövlətlərinin və aparıcı təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsi mümkün olmuşdur. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına,
sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə
hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir.
Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi
azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş,
milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək Dünya azərbaycanlılarının
həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan ziyalısını son
yüzilliklərdə ən ciddi formada düşündürən milli dirçəliş problemləri bütöv
şəkildə Ulu öndər Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət
siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə
keçmişdir. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan
şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə
edən, Dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli
məfkurəyə çevrildi. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur
mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən
azərbaycanlıyam!” – Ulu öndər Heydər Əliyevin bu kəlamları hər bir
həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir."


Digər xəbərlər

0.27865815162659