AHİK-də Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilib

09:52 13-12-2022 | icon 1120
AHİK-də Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilib

Dekabrın 12-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında
(AHİK) müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli
Lideri Heydər Əliyevin anım mərasimi keçirilib.
Tədbirdə AHİK-in rəhbərliyi və kollektivi, üzv təşkilatların sədrləri və
məsul əməkdaşları iştirak ediblər.
Öncə Ulu Öndər Heydər Əliyevin və Vətənmizin müdafiəsi uğrunda şəhid
olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardınca Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti ilə bağlı hazırlanmış
videoçarx tədbir iştirakçılarına nümayiş etdirilib.
Tədbirdə çıxış edən AHİK sədrinin müavini Cavanşir Alxasov Heydər
Əliyevin Azərbaycan tarixində yeri və rolundan, ötən əsrin 70-ci illərində
respublikamızın həyatında gördüyü misilsiz işlərdən, milli ruhlu fəaliyyətindən
söz açıb.
Bildirib ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə
başlayanda Azərbaycan Sovet İttifaqı respublikaları arasında bütün göstəricilərə
görə axırıncı yerlərdə idi. Onun ölkəyə rəhbərlik etdiyi dövrdə sənaye, o
cümlədən yüngül sənaye və kənd təsərrüfatı ən parlaq inkişaf dövrünü
yaşamışdır.
C.Alxasov qeyd edib ki, Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi
dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir: “1993-2003-cü illərdə
Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə
görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq
aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini
nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan
islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır”.

Onun sözlərinə görə, Ulu Öndərin həyata keçirdiyi çoxşaxəli inkişaf
strategiyası onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən inamla davam
etdirilir: “Məhz cənab İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, bu
gün Azərbaycan regionda lider, dünyada sayılıb-seçilən ölkələrdəndir.
Ermənistan işğalı altında olan torpaqlarımızı “dəmir yumruq” əməliyyatı ilə
cəmi 44 günə azad edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev
bununla ikiəsrlik münaqişəyə, 30 illik müharibəyə, yüzminlərlə keçmiş məcburi
köçkünün yurd həsrətinə son qoydu. Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu Ulu Öndərin irsini ləyaqətlə
yaşadır və təbliğ edir”.
AHİK sədrinin müavini əlavə edib ki, Azərbaycan xalqı öz xilaskar oğlu
Heydər Əliyevin əziz xatirəsini daim yaşadacaq, Ulu Öndərin
müəyyənləşdirdiyi yolla bundan sonra da daha böyük qələbələrə doğru inamla
addımlayacaq.
Digər çıxış edənlər Ulu Öndərin dövlət quruculuğu yolunda gördüyü
işlərdən, keçirdiyi ardıcıl sosial-iqtisadi islahatlardan, müstəqilliyimizin
möhkəmləndirilməsi, dövlətçilyimizin inkişaf naminə atdığı addımlardan bəhs
ediblər.


Digər xəbərlər

0.22751402854919