Səttar Möhbalıyev: “Türkdilli ölkələr arasında münasibətlər yüksələn xətlə inkişaf edir”

14:36 15-12-2022 | icon 1164
Səttar Möhbalıyev: “Türkdilli ölkələr arasında münasibətlər yüksələn xətlə inkişaf edir”

“Əlverişli coğrafi mövqeyi, beynəlxalq və regional nəqliyyat dəhlizlərinin
üzərində yerləşməsi, logistik imkanlarının genişliyi, tranzit yük daşımalarının
səmərəli təşkili və etibarlı təminatı ölkəmizin bütün səviyyələrdə əhəmiyyətini
artırmaqla yanaşı, iqtisadi qüdrətini də möhkəmləndirir. Regionun lider dövləti
statusunu qazanan Azərbaycanın təşəbbüskarı olduğu və reallaşdırdığı layihələr
iştirakçı dövlətlər üçün olduqca faydalı hesab olunur və dəstəklənir, həmçinin
ölkəmizin istər Avropa ölkələri, istərsə də Asiya ölkələri ilə əməkdaşlığı
durmadan genişlənməkdədir. Bu baxımdan Azərbaycanın Mərkəzi Asiya, o
cümlədən türkdilli dövlətlərlə münasibətlərini xüsusilə yüksək qiymətləndirmək
olar.


Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.


Onun sözlərinə görə, türkdilli ölkələrlə mövcud olan əlaqələrimizin strateji
səviyyəyə çatmasında və durmadan inkişafında dövlətimizin başçısı cənab
İlham Əliyevin xidmətləri xüsusilə vurğulanmalıdır və bu, dövlətimizin xarici
siyasətinin mühüm tərkib hissəsidir: “Bu il reallaşan Qırğızıstan və Qazaxıstan
prezidentlərinin Azərbaycana, Prezident İlham Əliyevin Özbəkistana,
Türkmənistana və Qırğızıstana səfərləri münasibətlərin dinamik inkişafından
xəbər verir. Prezident İlham Əliyevin Türkmənistana son səfəri, Azərbaycan,
Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşünün
keçirilməsi hazırda dünyada yaşanan ziddiyyətli məqamlar və gərgin hərbi-
siyasi vəziyyət fonunda olduqca xüsusi əhəmiyyət kəsb edir”.

“Bu cür görüşlər və təşkil olunan qarşılıqlı səfərlər, həmçinin aparılan danışıqlar
və imzalanan sənədlər imkan yardır ki, qardaş ölkələr həmrəy olsunlar, istənilən
böhrana qarşı vahid mövqedən çıxış etsinlər. Təbii ki, eyni soykökə, dilə, dinə, ortaq mədəniyyətə malik olmaları bu birliyin təməl prinsipləridir. Məlumdur ki, hər üç ölkə arasında münasibətlər bütün sahələrdə ildən-ilə yüksəlir, əsasən
iqtisadi göstəricilər durmadan artır. Ticari-iqtisadi, gömrük, energetika,
nəqliyyat, elm, təhsil və mədəniyyət sahəsində Azərbaycan-Türkiyə-
Türkmənistan səndələrinin imzalanması bu ölkələr arasında olan əlaqələri yeni
müstəviyə daşıyacaq, qeyd olunan sahələrdə dinamik inkişafa yeni təkan
verəcək”, - Milli Məclisin deputatı bildirib.


Digər xəbərlər

0.61598420143127