Öz adını kimə qoymaq istəyirsən?

17:09 16-12-2022 | icon 846
Öz adını kimə qoymaq istəyirsən?

Erməni təbliğatının yalanları baş alıb gedir. Az qala göz yaşları töküb başlarını yolur, kökdən düşən ney kimi zığıldayaraq və özlərinə yazıq görkəmi verərək guya azərbaycanlıların yolları bağladığı barədə haray-həşir salırlar. Eyni zamanda belə bir rəy formalaşdırılır ki, Rusiya sülhməramlıları öz işlərinin öhdəsindən gələ bilmirlər. Beləliklə, ermənilər bu məsələni də rusların əleyhinə təbliğatın nüvəsinə çevirir, həmin əsasla beynəlxalq ictimaiyyətdən kömək dilənirlər. Bir növ istəkləri budur ki, “adımı qoyum sənə, səni qoyum yana-yana”. Keçməyəcək, ay hərif!

       Bu il dekabrın 3-dən müvafiq dövlət qurumlarının mütəxəssislərindən ibarət Azərbaycan nümayəndələrinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlar ilə bağlı dekabrın 10-da sözügedən ərazilərə səfərinə ermənilər tərəfindən maneçilik törədilmişdir. Bu təxribatın məntiqi nəticəsi kimi 12 dekabr 2022-ci il tarixindən azərbaycanlı fəalların etiraz aksiyası start götürmüş və hələ də davam etməkdədir. Bəri başdan deyək ki, bu aksiyanın əhəmiyyəti böyükdür. Hər şeydən əvvəl ona görə ki, bu tədbir, əslində, erməni cinayətlərini dünyaya çatdırmaq fürsətidir, eyni zamanda, Ermənistanın sülh prosesindən yayınaraq yeni reallıqlar formalaşdırmaq istiqamətindəki cəhdlərinə cavabdır.

      Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda son bir neçə gün ərzində həyata keçirdiyi etiraz aksiyası ermənilərin və onların şəriklərinin qeyri-qanuni fəaliyyətlərinə qarşı Azərbaycan ictimaiyyətinin haqlı narazılığının nəticəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Bu etiraz aksiyasının məqsədi hər hansı bir yolun bağlanması deyil və yoldan mülki təyinatlı nəqliyyat vasitələri sərbəst şəkildə hər iki istiqamətdə hərəkət edə bilərlər.

       Bu hadisə Azərbaycan cəmiyyətində ciddi narazılığa səbəb olmaqla yanaşı, Rusiya sülhməramlılarının Qarabağda mövcudluğuna ehtiyacın olub-olmadığı məsələsini aktuallaşdırdı. Ümumiyyətlə, son vaxtlar Rusiya sülhməramlıları ilə bağlı narahatedici məqamların sürətlə artması müşahidə edilir ki, bu da əbəs deyil.  Sülhməramlılar azərbaycanlıların Şuşada erməni vəhşiliyi əleyhinə keçirdiyi  aksiyanı nəinki görür, həm də aksiya keçirilən əraziyə əlavə qüvvələr cəmləməklə, bir növ, “əzələ nümayişi” sərgiləyirlər. Sülhməramlıların ikili standartlardan çıxış etməsinin nəticəsidir ki, Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiyaya nota vermək məcburiyyətində qaldı. Notada Azərbaycan nümayəndələrinin qeyd olunan yataqlara maneəsiz girişinin təmin edilməsi tələb olundu, sülhməramlıların Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə riayət etməsinin vacibliyi bir daha nəzərə çatdırıldı.      

       Gəlin açıq danışaq, sülhməramlıların davranışları Rusiya – Azərbaycan münasibətlərinin səviyyəsinə uyğun gəlmir. Lakin Azərbaycan məsuliyyətli ölkədir. Azərbaycan tərəfi ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır. Sülhməramlılara isə təklifimiz və tələbimiz budur ki,  öz vəzifələrini dürüst yerinə yetirsinlər.

Aydın Hüseynov,

Cəlilabad şəhər sakini


Digər xəbərlər

0.25234007835388