Azərbaycan Premyer Liqası: İlin son turuna 2 oyunla start verilir

09:25 23-12-2022 | icon 880
Azərbaycan Premyer Liqası: İlin son turuna 2 oyunla start verilir

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start veriləcək.

Ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçında 35 xalla 3-cü pillədə yer alan "Neftçi" 13 xalla 7-ci olan "Şamaxı"nı qəbul edəcək.

İki komanda indiyədək ölkə çempionatında 71 dəfə üz-üzə gəlib. Bunların 40-da "ağ-qaralar", 16-da "şirlər" qələbə qazanıb. 15 görüşdə qalib müəyyənləşməyib. Topların nisbətində də paytaxt təmsilçisinin aşkar üstünlüyü var - 114:68.

"Neftçi" 11 oyundur meydanı qolsuz tərk etmir. "Şamaxı" son 3 matçda xal qazanmayıb.

Günün digər oyununda "Sabah" Sumqayıtda eyniadlı komandanın qonağı olacaq. Hazırda Bakı klubu 40 xalla 2-ci sırada qərarlaşıb. 12 xalı olan "gənclik şəhəri" təmsilçisi isə 8-cidir.

Bu, iki kollektiv arasında Premyer Liqada 17-ci duel olacaq. Əvvəlki matçların 6-sı meydan sahiblərinin, 7-si isə qonaqların xeyrinə başa çatıb. 3 qarşılaşmada heç-heçə qeydə alınıb. "Sabah"ın vurduğu 23 qola "Sumqayıt" 19 topla cavab verib.

Son 11 matçda iki və ya daha çox qol vurulub. Bakılılar son 4 görüşdə uduzmayıb.

Azərbaycan Premyer Liqası

XVIII tur

23 dekabr (cümə)

16:00. “Neftçi” – “Şamaxı”
Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Vüsal Məmmədov, Səbuhi Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bakcell Arena”.

18:30. “Sumqayıt” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Kapital Bank Arena".

Qeyd edək ki, ilin son turunun "Qəbələ" - "Turan Tovuz" və "Səbail" - "Qarabağ" oyunları dekabrın 24-də, "Zirə" - "Kəpəz" matçı isə dekabrın 25-də gerçəkləşəcək.


Digər xəbərlər

0.24947214126587