Tarixi Sərəncam

17:00 23-12-2022 | icon 819
Tarixi Sərəncam

 “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir. Sərəncamında vurğulanır ki, müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan 2026-cı ilədək olan illəri əhatə edən strateji mərhələyə daxil olur. Hazırda dövlətin davamlı inkişafını təmin etmək üçün Azərbaycanda bütün zəruri amillər mövcuddur. Eyni zamanda, ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb, cəmiyyətdə dövlətçilik ənənələri güclənib, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilib. Təbii ki, ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövr bizdən dərin struktur-institusional islahatlar aparılmasını tələb edir. Məhz bu islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması Azərbaycanın daha da inkişafını təmin edə bilər, ölkə vətəndaşlarının rifahı yüksələr.

 Vətən Müharibəsində əldə olunan qələbə ilə Azərbaycanda mahiyyət etibarı ilə yeni inkişaf mərhələsi başlanıb. Qarşıdakı illərdə bizi “Böyük Qayıdış”la bağlı kifayət qədər mürəkkəb, çətin və məsul vəzifələr gözləyir. Yəni, işğaldan azad olunan bölgələrə tarixi qayıdışın və əbədi məskunlaşmanın həyata keçirilməsi ən vacib və təxirəsalınmaz tədbirlərdən biri olmalıdır. Heç şübhəsiz ki, qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatındakı rolunu daha da möhkəmləndirəcək. Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar isə 2026-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.

Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Proqramda işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır.

        Bütün bunlar göstərir ki, qəbul olunan Proqram Azərbaycanın hərtərəfli inkişafını təmin edəcək. 

Fərid Səmədov,

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası

 Publik Hüquqi Şəxsin şöbə müdiri


Digər xəbərlər

0.26567411422729