Strateji prioritetlər: iqtisadiyyatda dayanıqlı inkişaf modeli   

17:02 23-12-2022 | icon 850
Strateji prioritetlər: iqtisadiyyatda dayanıqlı inkişaf modeli 
 

        Bizə yaxşı məlumdur ki, son 19 ildə ölkəmizin sosial-iqtisadi və mədəni həyatında böyük inkişaf yolu keçilib, Azərbaycanın iqtisadiyyatı dinamik inkişaf edib, beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb, cəmiyyətdə dövlətçilik ənənələri güclənib.

          Bu ərəfədə Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq etdiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışına dair I Dövlət Proqramı” cəmiyyətə təqdim olundu. Sərəncam 2026-cı ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir, Dövlət Proqramı çərçivəsində qarşıya qoyulan prioritetlər dayanıqlı inkişaf məqsədlərinə və onların müvafiq hədəflərinə uyğunlaşdırılmışdır.

         Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır. Ərazilərdə meşə fondunun, flora və faunanın bərpası, enerji səmərəliliyi və ekoloji təmiz texnologiyaların tətbiqi, su ehtiyatlarından səmərəli istifadə, bərk məişət tullantılarının idarə edilməsi üçün müasir infrastrukturla təmini kimi məsələlər əsas prioritetlərdir. “Yaşıl enerji” zonasının yaradılması çərçivəsində elektrik enerjisi dəyər zəncirinin hər bir həlqəsində “yaşıl texnologiya”lardan və “yaşıl enerji” potensialından texniki və kommersiya əlverişliliyi nəzərə alınmaqla istifadə ediləcəkdir. Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə üzrə zəruri infrastrukturun yaradılması təmin ediləcəkdir.

         

        Əslində bu planların həyata keçirilməsinə çoxdan start verilmişdir. İşğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Bölgənin rabitə infrastrukturu əsaslı şəkildə şaxələnir. Ərazilərdə zəruri rabitə infrastrukturu qurulmaqla bu sahədə xidmətlər - mobil rabitə, radio-televiziya yayımı, xüsusi radiorabitə, internet, poçt və s. təşkil edilmişdir. Hazırda şəbəkə və xidmətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində intensiv işlər davam etdirilir.    Bununla belə qarşıdakı illərdə bizi “Böyük Qayıdış”la bağlı kifayət qədər mürəkkəb, çətin və məsul vəzifələr gözləyir. Heç şübhəsiz ki, qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Bundan ötrü hər bir vətəndaşın, dövlət qurumlarının, biznes strukturlarınlın əlbir və səmərəli fəaliyyət göstərməsi başlıca şərtdir.

  Eldəniz Cəfərov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Günəşli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi


Digər xəbərlər

0.28976917266846