AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev şəhid ailələri ilə görüşüb

17:07 23-12-2022 | icon 1143
AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev şəhid ailələri ilə görüşüb

Dekabrın 23-də Azərbaeycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK)
sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev AHİK tərəfindən övladları
himayəyə götürülmuş şəhidlərimizin ailə üzvlərinin bir qismi ilə görüşüb.
Tədbir Vətən uğurunda canından keçən oğul və qızlarımızın əziz xatirəsinin bir
dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Şəhid ailələrini salamlayan S.Möhbalıyev onları qarşıdan gələn 31 Dekabr -
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik
edib.

AHİK sədri 44 günlük Vətən müharibəsindən, Silahlı Qüvvələrin müzəffər Ali
Baş Komandanı cənab İlham Əliyevin mahir sərkərdəlik keyfiyyətlərindən və
diplomatik bacarığından, düşmənin işğalçı ordusunu məhv edən əsgər və
zabitlərimizin qəhrəmanlıqlarından, onların şanlı döyüş yolundan danışıb.
Bildirib ki, Azərbaycan Ordusu uzun illər düşmən tapdağı altında olan
torpaqlarımızı Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə
cəmi 44 günə azad etdi, bu gün Şərqi Zəngəzurda və Qarabağda üçrəngli Dövlət
bayrağımız əzəmətlə dalğalanır: “Əsgər və zabitlərimizin yüksək döyüş ruhu,
Vətənə, torpağa olan sonsuz sevgisi bütün dünyanı heyran qoydu. Yaralı
əsgərlərimizin müharibə meydanını tərk etməməsi, o vəziyyətdə belə
döyüşməyə davam etməsi misilsiz qəhrəmanlıqdır. Hər bir əsgər ancaq qələbə
haqqında düşünürdü, çünkü bu məqsədlə cəbhəyə yola düşmüşdülər. Onları
böyüdən və tərbiyə edən valideynlər, həyata hazırlayan müəllimlər yalnız
mübariz ruhlu gənclik yetişdirdilər. Əsgərlərimiz Vətən qarşısında borclarını
ləyaqətlə və vicdanla yerinə yetirdilər, döyüş tapşırıqlarını uğurla başa
çatdırdılar”.

AHİK sədri şəhid ailələrinə deyib ki, məhz sizin övladlarınız, həyat
yoldaşlarınız, atalarınız düşmən qarşısında mətin dayandılar, yalnız irəli
getdilər, taktiki olsa belə, geri addım atmadılar: “İllər keçsə də, Azərbaycan
xalqı şəhidlərini heç vaxt unutmayacaq, əziz xatirəsini hər zaman ehtiramla yad
edəcək”.
Konfederasiya sədri vurğulayıb ki, dövlətimiz hər zaman şəhid ailələrinin
yanıda olub: “Bu sahədə dövlət orqanları ilə yanaşı, ictimai təşkilatlar da fəallığı
ilə seçilir. Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlərin misili
yoxdur. Hər zaman Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fond şəhid
ailələrinə hərtərəfli dəstək olur”.

Görüşdə çıxış edən şəhid ailələrinin üzvləri ölkəmizdə onlara göstərilən ali
münasibətdən və yüksək qayğıdan razılıqlarını bildiriblər. Qeyd ediblər ki,
dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban
xanım Əliyeva onlara xüsusi diqqət göstərir və hərtərəfli dəstək olurlar.
Sonda AHİK tərəfindən şəhid ailələrinin üzvlərinə bayram sovqatları verilib,
maddi köməklik göstərilib, Yeni il münasibətilə keçiriləcək bayram şənliklərinə
biletlər paylanılıb.


Digər xəbərlər

0.23869299888611