Serbiya - Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar

16:26 26-12-2022 | icon 879
Serbiya - Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar

    Dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Serbiya Respublikasının Prezidenti AleksandarVuçiç ilə təkbətək görüşü olub. Səfər çərçivəsində hər iki ölkənin dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan və Serbiya prezidentlərinin çıxışlarında səslənən fikirlərin ümumiləşdirilmiş məntiqi ondan ibarətdir ki, Azərbaycan və Serbiya əlaqələri dostluq və qarşılıqlı anlaşma üzərində qurulub.
    İki ölkənin bir çox sahələr üzrə əməkdaşlığının böyük tarixi var və sirr deyil ki, Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar. Ötən ay Prezident İlham Əliyevin Serbiya Respublikasına dövlət səfəri çərçivəsində bir sıra mühüm sənədlər imzalanaraq gələcək dövrdə əlaqələrin daha sıx şəkildə inkişafına töhvə verildi. Prezident Vuçiçin ölkəmizə son səfəri isə bu imzalanmış sənədlər çərçivəsində qəbul olunmuş qərarların tezliklə icrasına Azərbaycan və Serbiyanın nə dərəcədə yüksək önəm verdiyini nümayiş etdirir.
Ölkələrimiz arasında diplomatik münasibətlər 1997-ci il avqustun 21-də qurulub. Bu il ölkələrimiz arasında əlaqələrin qurulmasının 25 illiyi tamam olur.
Son illərdə Serbiya prezidentləri Azərbaycana bir neçə dəfə səfərə gəliblər. 2010-cu il mayın 11-13-də Prezident BorisTadiç, 2013-cü il fevralın 7-9-da isə Prezident Tomislav Nikoliç ölkəmizdə rəsmi səfərlərdə olublar. Tomislav Nikoliçin səfəri zamanı Bakıda görkəmli serb alimi NikolaTeslanın abidəsinin açılışı olub. Bundan əlavə, 2015-ci ilin aprelində o vaxt Baş nazir olan AleksandarVuçiç, həmin ilin iyununda isə Prezident Tomislav Nikoliç Bakıya səfər ediblər.
       Serbiya Respublikasının Prezidentinin ölkəmizə işgüzar səfəri çərçivəsində keçirilən mətbuat konfransında möhtərəm Prezidentimiz ölkəmizlə strateji tərəfdaş olan dost Serbiya arasında əlaqələrin hərtərəfli inkişaf etdiyi vurğulamaqla, şəhərsalma sahəsində, iqtisadi və sənaye inkişafı sahəsində, kənd təsərrüfatı, ticarət, nəqliyyat-loqistika sahəsində mövcud olan böyük potensial əməkdaşlıq üçün yeni imkanlar yarandığını qeyd edib: “Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Ölkələrimiz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, dəstəkləyir və bu siyasət dəyişməz olaraq qalacaq”.
      Azərbaycan və Serbiya öz resurslarına arxalanan, müstəqil siyasət yürüdən ölkələrdir. Bu mənada, bu gün bir-biri ilə sıx əlaqədə olan Azərbaycan və Serbiyanın gələcək əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi üçün mühüm amillər mövcuddur. Onu da əlavə etmək lazımdır ki, ölkələr hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, dəstəkləyir və bu siyasət dəyişməz olaraq qalacaq.

    Prezident İlham Əliyevin bildirdiyi kimi, “Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar”. İki ölkə arasında qəbul edilmiş qərarların reallaşdırılması ilə inkişaf dinamikasını yüksəltmək, ticarət, nəqliyyat-logistika, energetika, müdafiə sənayesi və başqa sahələrdə uğurlu əməkdaşlıq nümunələri ortaya qoymaq mümkündür. Heç şübhəsiz ki, iki ölkənin əldə etdiyi qarşılıqlı razılaşmaların icrası əsasında ticarət dövriyyəsi artacaq. Eləcə də uğurlu əməkdaşlıq özünü Azərbaycan və Serbiya ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə birgə fəaliyyətdə də göstərəcək. Əlbəttə ki, ən geniş və mühüm əməkdaşlıq sektorlarından birini də energetika sahəsi təşkil edir. Hazırda Avropaya qaz nəqlini həyata keçirən Azərbaycanın Serbiya ilə həm təbii qaz, həm də elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanları var. Bu gün 22 milyard kubmetr qaz ixrac edən Azərbaycan gələcək illər ərzində potensialını 35 milyard kubmetrə qədər artıracaq. Azərbaycan Cənub Qaz Dəhlizi, TANAP, TAP layihələri ilə digər enerji qaynaqlarının da Avropaya ixracı üçün əlverişli şərait yaradır. Yəni, bu gün Azərbaycan Avropanın enerji təminatı mənbəyidirsə, gələcəkdə həm də enerji koridoru, qovşağı olacaq. Serbiya da öz növbəsində 2023-cü ildə qaza olan tələbatının 40 faizə qədərini Azərbaycan hesabına bağlamağı planlaşdırır. Bu məqamda elektrik enerjisinin ixracı və idxalı sahəsindəki əməkdaşlıq münasibətlərini qeyd etmək lazımdır. Çünki Serbiyanın elektrik enerjisinə olan tələbatının 10 faizini də idxal edir. Qış aylarında isə bu rəqəm 30 faizə qədər artır. Ona görə də bu ölkənin elektrik enerjisi idxal etmək planları da genişdir. Belə məqamda Qara dəniz vasitəsilə Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirən elektrik paylayıcı şəbəkənin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Bu fonda isə təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabər olan, təsdiq olunmuş bərpaolunan enerji potensialının 167 qiqavatdan çox olan Azərbaycanın Serbiyanın da enerji təhlükəsizliyinin təminatı nöqteyi-nəzərdən əvəzsiz rolu bir daha diqqət mərkəzinə gəlir.

       Prezident gələn ildən başlayaraq Serbiyaya Azərbaycandan elektrik enerjisi ixrac ediləcəyini vurğulayıb. Ölkə rəhbəri bu günlərdə Rumınya səfəri çərçivəsində Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması ilə bağlı müvafiq saziş imzalandığını, Qara dənizin dibi ilə çəkiləcək kabelin Azərbaycanı Avropa üçün önəmli təchizatçıya çevirdiyini qeyd edib. O, bu sazişin Azərbaycanla Avropa ölkələri, eləcə də dost Serbiya arasında əməkdaşlığın yeni imkanlarını və yeni üfüqlər yaratığını deyib.
  Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanla Serbiya arasındakı münasibətlərin yaxşı perspektivləri var və yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin inkişafına töhfə verəcək.

Nahid Hacıyev

Saatlı rayonu Azadkənd kənd tam orta məktəbin tarix müəllimi.


Digər xəbərlər

0.22367405891418