Doğma torpaqlar bizi gözləyir, biz qayıdacağıq

18:45 27-12-2022 | icon 778
Doğma torpaqlar bizi gözləyir, biz qayıdacağıq

Azərbaycan Prezidenti cənab İlham Əliyev dekabrın 24-də Qərbi Azərbay­can İcmasının ziyalıları ilə görüşündə ta­riximiz, bu günümüz və gələcəyimiz üçün son dərəcə müstəsna əhəmiyyət daşıyan mesajlar verdi. O bir daha göstərdi ki, Dağlıq Qarabağ münaqişəsinin tarixə qoyuşması ilə ölkəmizin həyatında yeni səhifənin açılması bütün sahələrdə, o cümlədən dövlət quruculuğu və siyasi islahatların davamlılığında yeni mərhələnin başlanmasından xəbər verir.

İki il bundan əvvəl 27 sentyabrdan başlayaraq hər gün Ali Baş Komandan cənab İlham Əliyevin Qarabağın kəndbəkənd, şəhərbəşəhər işğaldan azad olunması barədə verdiyi xoş müjdələr biri-birini əvəz edirdi. Doğma torpaqlarında müharibə aparan ölkəmiz ərazi bütövlüyünü qarış-qarış bərpa edirdi. Nəhayət, 2020-ci ilin noyabrın 9-da bütün Azərbaycan daha bir xoş xəbərə sevindi. Dövlətimizin başçısı torpaqlarımızın işğaldan azad olunduğunu xalqımıza sevinclə bildirdi. Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirərək ədaləti bərpa etdik, düşmənləri torpaqlarımızdan qovduq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik. Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca tarixdə qalacaq.

Prezident vurğulayıb ki, biz Azərbaycan-Ermənistan sərhədində də məcburən hərbi əməliyyat keçirməli olduq. Sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq. Əldə edilən həm hərbi, həm siyasi uğurlarımız da gələcək üçün zəmin yaradır.Çünki Ermənistanda revanşist qüvvələr baş qaldırır. Çünki Ermənistanda cəmiyyətin şüuru o qədər zəhərlənib, azərbaycanofobiya o qədər geniş vüsət alıb ki, orada faktiki olaraq normal düşüncəyə malik olan qalmayıb. Ona görə onlar revanş fikri ilə yaşayırlar. Onlar yenə də ümid edirlər ki, kimsə gələcək, onların əvəzinə bizimlə müharibə aparacaq, özləri hər zaman olduğu kimi, hansısa himayədarın arxasında gizlənərək yenə də bizə qarşı öz məkrli planlarını həyata keçirəcəklər. Bu hərbi əməliyyatlar nəticəsində bizim tarixi şəhərlərimiz bu gün artıq vizual müşahidə yolu ilə gözümüzün önündədir. Bütün bunlar həm qayıdış üçün, həm təhlükəsizlik üçün, həm Azərbaycanı güclü dövlət kimi qəbul etmək istəməyənlər üçün də bir dərs oldu və bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz.

Bu gün azad edilmiş torpaqlarda yaşayırıq, qururuq, yaradırıq, dağıntıları aradan qaldırırıq və dünyaya göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın, bu vəhşilikləri törədən sizin sevimli erməni xalqıdır. Zəngilan rayonunun Ağalı kəndinin timsalında biz xalqımızın tarixi yaddaşını görürük. Bu kənddə yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda, uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti və Vətən sevgisi onları oraya getməyə vadar etdi. Çünki oranı heç vaxt görməyən uşaqlar, gənclər oraya qayıdıblar. Biz eynisini Qərbi Azərbaycanda da görəcəyik.

Ələkbər Dövlətov,

Lənkəran-Regional Qaz İstismarı İdarəsinin

rəisinin Cəlilabad rayonu üzrə müavini


Digər xəbərlər

0.27913403511047