Xalqın tarixi yaddaşı, doğma torpaqlarımıza sevgisi

18:46 27-12-2022 | icon 911
Xalqın tarixi yaddaşı, doğma torpaqlarımıza sevgisi

       Qarabağ torpaqlarının işğaldan azad edilməsi bu gün Qərbi Azərbaycan torpaqların, İrəvanın, Göyçənin, Dərələyizin, Zəngəzurun azadlığına və uzun illər həsrət içərisində yaşayan insanların o torpaqlara qayıdışına yollar açır və bu unudulmaz tarix, müqəddəs amal, ürəkləri riqqətə gətirən duyğulardır. Prezident İlham Əliyev cari ilin 24 dekabr tarixində Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşündə deyib ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, tariximiz təsdiqləyir. Əfsuslar olsun ki, Ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.

Prezident İlham Əliyev görüşdə çox mühüm tövsiyələr vermişdir. O, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının mahiyyətini də açıqlamış, onun sülhsevər məzmun daşımasının vacibliyini, beynəlxalq konvensiyalardakı müddəalara əsaslanmasının zəruriliyini diqqətə çatdırmışdır. Dövlət başçısı demişdir: “Qərbi Azərbaycandan olan hər bir in­san öz ulu babalarının yaşadıqları yerləri yaxşı bilir. İndi müxtəlif yollarla bu informa­siyanı əldə etmək olar. Azərbaycanlıların yaşadıqları yerlərin əksəriyyətində heç kim yaşamır. Ermənistanda bütövlükdə indi depopulyasiya dövrü hökm sürür. İn­sanlar oradan gedir. Həm təbii artım yox­dur, eyni zamanda, dözülməz siyasi vəziy­yət, repressiyalar, faktiki olaraq diktatura və iqtisadi çətinliklər onları buna vadar edir. Bizim kəndlərimiz dağıdılır. Biz buna dözə bilmərik. Ona görə biz Qayıdış Kon­sepsiyası üzərində işləməliyik. Bu, çox sanballı sənəd olmalıdır”.

Prezident qarşıya vəzifə qoymuşdur ki, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır. Hüquqi müstəvidə bütün lazımi tədbirlər görülməlidir. Beynəlxalq hüquqşünaslar cəlb edilməlidir. Onlar bu qayıdış istəyini və hüququnu beynəlxalq müstəvidə necə reallaşdırmaq lazımdır yolunu bizə göstərəcəklər.

Bəli, həmişə olduğu kimi, bu gün Azərbaycan Prezidenti xalqın səsini, haqqımızı, istəyimizi dünyaya çatdırmağa, ən çətin sədləri, maneləri dəf etməyə qadirdir. Biz hamımız özümüzə inandığımız kimi inanırıq ki, Qərbi Azərbaycana uzanan yollarımız uğurlu, sabahımız işıqlı olacaq, məqsədimizə hökmən çatacağıq. Prezidentimizi qeyd etdiyi kimi, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar.

Pərviz Ağayev,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Şabanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə

vəzifəsini müvəqqəti icra edən


Digər xəbərlər

0.23752808570862