AHİK aztəminatlı ailələrə bayram sovqatı göndərib

10:53 28-12-2022 | icon 805
AHİK aztəminatlı ailələrə bayram sovqatı göndərib

Vətəndaşların qayğısına qalmaq, onların üzləşdiyi çətinlikləri aradan qaldırmaq,
həmçinin şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına, aztəminatlı
ailələrə qayğı ilə yanaşmaq, lazımi maddi və mənəvi dəstəyi göstərmək
dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsidir. Bu məqsədlə ölkəmizdə
müxtəlif layihələr icra olunur, vətəndaş rifahının təminatı, həssas
əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli
işlər görülür.
Dövlətimizlə bərabər, ölkəmizin aparıcı ictimai təşkilatları da bu cür humanist
layihələrə dəstək verir, qeyd olunan kateqoriyaya aid insanlara qayğı göstərirlər.
Hər bir sahədə olduğu kimi, Heydər Əliyev Fondu bu istiqamətdə də nümunəvi
fəaliyyəti ilə fərqlənir. Belə ki, Fondun prezident Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə bayramlarda və
dövlətimiz üçün əlamətdar günlərdə sovqatlar, hədiyyələr göndərilir, onlar üçün
bayram süfrələri təşkil olunur.
Azərbaycan həmkarlar ittifaqları da qeyd olunan sosial layihələrin əsas
iştirakçılarındandır. Bu yöndə dövlətimizin bütün çağrışlarına adekvat cavab
verir, həmçinin öz təşəbbüsləri ilə xeyirxah addımlar atırlar.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə
Komitəsinin qərarları əsasında 2020-ci il aprelin 29-da respublikanın 76 şəhər
və rayonunda yaşayan 3 900, 2021-ci il martın 17-də 3 900, həmin il mayın 8-
də 4 000, bu il martın 16-da 4 065 və noyabrın 5-də 4 500 şəhid ailələri və
qazilər, həmçinin aztəminatlı ailələr üçün ərzaqla dolu avtomobil karvanları
yola salınıb.
Bundan başqa, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına
orada yaşayan həmin kateqoriyadan olan ailələrə sovqat göndərilməsi üçün hər
dəfə maliyyə vəsaiti ayrılıb.

Bu nəcib missiyanın davamı olaraq dekabrın 28-də qarşıdan gələn 31 Dekabr -
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə
AHİK İcraiyyə Komitəsinin qərarı əsasında respublikanın rayonlarında
yaşayan 5500 aztəminatlı ailəyə, o cümlədən şəhid və qazi ailələri üçün ərzaqla
dolu avtomobil karvanı yola salınıb. Bura Naxçıvan Muxtar Respublikasında
yaşayan həmin kateqoriyadan olan ailələr də daxildir. Qeyd edək ki, bununla da
AHİK tərəfindən sovqat göndərilən ailələrin sayı 26 mini ötüb.
AHİK-dən başqa, sahə həmkarlar ittifaqları da bu ərəfədə bütün bölgələr üzrə
qeyd etdiyimiz kateqoriyadan olan ailələrə ərzaq yardımları göstərirlər.


Digər xəbərlər

0.23596596717834