AHİK-in V Məclisi keçirilib

22:36 28-12-2022 | icon 987
AHİK-in V Məclisi keçirilib

Dekabrın 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
(AHİK) V Məclisi keçirilib.
Öncə Məclis iştirakçıları Vətən uğrunda canından keçən şəhidlərimizin əziz
xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Məclisin gündəliyinə “BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata
keçirilməsində həmkarlar ittifaqlarının rolu”, “AHİK-in Nizamnaməsinə əlavə
və dəyişikliklər haqqında” və təşkilati məsələlər daxil edilib.
Gündəliyə çıxarılan məsələlərin müzakirəsi aparılıb, təşkilati və gündəlikdə
duran digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.
Məclisdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin “Birləşmiş
Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində
həmkarlar ittifaqlarının rolu” mövzusunda məruzəsi dinlənilib.
AHİK sədri qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev
Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına xüsusi əhəmiyyət verir: “2016-cı ildə
dövlətimizin başçısı BMT-nin Azərbaycan hökumətinə göstərdiyi dəstəyin
əlaqələndirilməsi üçün əsas tərəfdaş kimi fəaliyyət göstərən Dayanıqlı İnkişaf
üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasına dair fərman imzalayıb. Eyni
zamanda Azərbaycan MAPS (2030 Gündəliyi naminə aktuallaşdırma,
sürətləndirmə və siyasətə dəstək) missiyasını həyata keçirən ilk ölkələrdən biri
olaraq 2018-ci ildə keçirilən Dayanıqlı İnkişaf üzrə Bakı Forumunda ölkə
təcrübəsini təqdim edib. Digər məsələlərlə bərabər, regional forumda Dayanıqlı
İnkişaf Məqsədlərinin inteqrasiyası və onların icrasını sürətləndirmək məqsədilə
fəaliyyətləri müəyyən edən Bakı Prinsipləri qəbul edilib. Azərbaycan DİM-i
həyata keçirən keçmiş sovet respublikaları arasında yeganə ölkədir ki, BMT-nin
Yüksək Səviyyəli Siyasi Forumunda üç dəfə (2017, 2019 və 2021-ci illərdə)
Könüllü Milli Hesabat təqdim edib. Bu göstəriciyə görə ölkəmiz ilk onluqda yer
alır. AHİK də ötən il DİM-in öhdəliklərini yerinə yetirmək üçün Azərbaycanda
həyata keçirilən tədbirlərə dair öz könüllü qiymətləndirmə hesabatını hazırlayıb.

Burada 5 il ərzində görülən işlər və əldə olunan nailiyyətlər barədə ətraflı
məlumatlar verilib”.
Onun sözlərinə görə, həmkarlar ittifaqları işçilərin nümayəndələri olaraq
dayanıqlı inkişafın təşviqində ən vacib qüvvələrdəndir: “Onların sənaye
sektorunda dəyişikliklərə uyğunlaşma təcrübələrini nəzərə alsaq, görərik ki, əsas
diqqət istehsal mikroiqliminin və ətraf mühitin qorunmasına, balanslaşdırılıb
sosial-iqtisadi inkişaf uğrunda mübarizəyə yönəldilib. Həmkarlar ittifaqları,
onların çoxsaylı üzvləri arasındakı mövcud əməkdaşlıq sistemi dayanıqlı inkişaf
konsepsiyaları və tətbiqlərinə dəstək verə biləcək mühüm kanallardır. Mövcud
sosial tərəfdaşlıq prinsipləri işçilərin, onların nümayəndələrinin, hökumətlərin
və işəgötürənlərin davamlı inkişafa keçiddə əməkdaşlığının gücləndirilməsinin
əsasını təşkil edir”.
“AHİK beynəlxalq ictimaiyyətin qlobal inkişaf təşəbbüslərinə daim
yaxından maraq göstərib. DİM-in daha yaxşı mənimsənilməsi və milliləşdirilmə
prosesinə töhfə vermək məqsədilə “Dayanıqlı İnkişaf Məqsədləri Gündəliyi
2015-2030-cu illər” mövzusunda 2016-cı ildən başlayaraq BƏT ilə birlikdə
beynəlxalq, regional, subregional maarifləndirici seminar və konfranslar keçirib.
Eləcə də AHİK-in mütəxəssisləri mövzu ilə əlaqədar BƏT-in dəstəyi ilə digər
ölkələrdə keçirilən bir sıra beynəlxalq təlim kursları, seminarlar və plenar
iclaslarda iştirak ediblər. Konfederasiyanın tərkibində DİM-lə bağlı komissiya
yaradılıb. Komissiyanın üzvləri tərəfindən “Birləşmiş Millətlər Təşkilatının
Dayanıqlı İnkişaf Məqsədləri 2015-2030-cu illər Gündəliyi-Həmkarlar
ittifaqlarının davamlı inkişafını təşviq etmək üçün inkişaf strategiyası” sənədi
hazırlanıb”, - S.Möhbalıyev vurğulayıb.
Konfederasiya sədri deyib ki, DİM-in həyata keçirilməsində sülhün və
əmin-amanlığın müstəsna rolu vardır: “Məcburi köçkünlərin ata-baba yurdlarına
qayıtması prosesi artıq başlayıb. Şərqi Zəngəzurda və Qarabağda açılacaq iş
yerlərində məşğul əhalinin sosial, iqtisadi və əmək hüquqlarının müdafiəsini
təmin etmək məqsədilə həmkarlar ittifaqı təşkilatlarının yaradılmasına

çalışacağıq. Azad olunmuş ərazilərimizdə işğaldan əvvəl fəaliyyət göstərən
pansionat, sanatoriya və istirahət mərkəzlərinin, idman qurğu və müəssisələrinin
bərpası da bizim gələcək işlərimizin siyahısındadır”.
“Hesab edirəm ki, bizim fəaliyyətimizin əsasını BƏT-in müvafiq
konvensiyalarının ratifikasiyasının dəstəklənməsi və bunun üçün normativ
aktların qəbul edilməsi, Təhlükəsizlik, səhiyyə və dayanıqlı inkişaf məsələlərini
həll edən ikitərəfli və üçtərəfli mexanizmlərin yaradılması, Dayanıqlı inkişafa
nail olmaq üçün toplu ekoloji sazişlərin sayının artırılması, Sənaye qəzalarına,
zədələnmələrə və peşə xəstəliklərinə yol verilməməsi üçün mübarizə aparılması,
İşçilərin təhsilinin, xüsusilə də işçi təhlükəsizliyi, sağlamlığı və iş mühitinin
yaxşılaşdırılması sahəsində maarifləndirmənin təşkili, peşə hazırlığı və yenidən
hazırlıq işlərinin genişləndirilməsi təşkil etməlidir”, - AHİK sədri əlavə edib.
Məclisdə Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar
İttifaqı Respublika Komitəsinin sədri Hüseyn Kərimov, Nəqliyyat, Rabitə və
Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri
Rəşad Səfərov və Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri
Habil Qurbanov çıxış edərək Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı rəhbərlik
etdikləri qurumların fəaliyyətindən danışıblar.
Ardınca AHİK sədri əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat
sanitariyası, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, bədbəxt hadisələrin,
istehsalat zədələrinin, peşə xəstəliklərinin minimuma endirilməsi, əməyin
mühafizəsi üzrə qayda və normalara əməl edilməsi məqsədilə mütəmadi
maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı Məclis üzvlərinə bəzi
tövsiyələr verib.
S.Möhbalıyev həmçinin deyib ki, həmkarlar ittifaqlarına ünvanlanan
bütün müraciətlər dərindən araşdırılsın, qaldırılan bütün problemlər
qanunvericiliyə uyğun olaraq, vaxtında həll edilsin, vətəndaş məmnunluğu tam
təmin olunsun.

Şəhid ailələrinin və valideynlərinin, qazilərin, veteranların müraciətlərinə
həssaslıqla yanaşmağı diqqətə çatdıran Konfederasiya sədri bunun hamımızın
müqəddəs borcu olduğunu vurğulayıb.
Sonda S.Möhbalıyev Məclis iştirakçılarını, həmçinin Azərbaycan
həmkarlar ittifaqlarının bütün üzvlərini 31 Dekabr – Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, növbəti ildə onlara yeni-
yeni uğurlar və səadət dolu günlər arzulayıb. Geridə qoyduğumuz 2022-ci ildə
ölkəmizin qazandığı uğrlara və əldə etdiyi nailiyyətlərə görə, dövlətimizin
başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım
Əliyevaya təşəkkür edən S.Möhbalıyev dövlətimizin daha da inkişafı,
xalqımızın firavanlığı və xoşbəxt gələcəyi naminə onlara qarşıdan gələn ildə də
böyük nailiyyətlər arzulayıb.


Digər xəbərlər

0.24917006492615