AHİK Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə şəhərdə apardığı abadlıq-quruculuq işlərinə dəstək olaraq avtomobil bağışlayıb

20:38 16-01-2023 | icon 735
AHİK Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə şəhərdə apardığı abadlıq-quruculuq işlərinə dəstək olaraq avtomobil bağışlayıb

2021-ci il iyunun 22-də Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Şuşa
Şəhəri Dövlət Qoruğu İdarəsi şəhərdə yerləşən abidələrin bərpasını,
qorunmasını, öyrənilməsini, istifadəsini təmin edir. Otuz il düşmən tapdağı
altında qalan mədəniyyətimizin beşiyi qədim Şuşada tarixi-mədəniyyət
abidələrimiz talan edilib. Beş minə yaxın eksponatı olan Şuşa Tarix Muzeyi,
Dövlət Xalça Muzeyinin filialı, Qarabağ Dövlət Tarix Muzeyi, dünya
əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası və
onlarla digər tarixi abidə və məscidlərimiz talan edilib, kitabxanalar yandırılıb,
misilsiz əlyazma nümunələri məhv edilib.
Prezident, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham
Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlayan və cəmi 44 gün
davam edən Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı.
Hazırda işğaldan azad edilmiş Şərqi Zəngəzur və Qarabağda abadlıq-quruculuq
işləri sistemli və sürətli şəkildə həyata keçirilir. Bu və digər istiqamətlərdə
görülən işlərə Azərbaycan həmkarlar ittifaqları hər cür dəstəyi verir. Qeyd edək
ki, Azərbaycan həmkarlar ittifaqları tərəfindən 44 günlük Vətən müharibəsi və
sonrakı dövrdə Silahlı Qüvvələrə Yardım Fonduna və cəbhə bölgəsinə 2 milyon
329 min 704 manat, “YAŞAT” Fonduna 669 min 876 manat, Qarabağ Dirçəliş
Fonduna 1 milyon 218 min 200 manat vəsait xərclənib.
Məlumdur ki, Şuşa şəhərində yenidənqurma və bərpa işlərində Şuşa Şəhəri
Dövlət Qoruğu İdarəsi fəal iştirak edir. Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası (AHİK) İcraiyyə Komitəsi şəhərdə görülən işlərə dəstək
məqsədilə “Mitsubishi” L200 markalı, 56 000 manat dəyərində avtomobilini
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin balansına verib. Azərbaycan həmkarlar
ittifaqları bundan sonra da işğaldan azad olunmuş ərazilərimizin tam bərpası və
sakinlərin öz ata-baba yurduna tezliklə qayıtması üçün hər cür dəstəyi verəcək.


Digər xəbərlər

0.27911591529846