Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin beynəlxalq mövqeləri ildən-ilə yüksəlir”

14:47 17-01-2023 | icon 990
Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin beynəlxalq mövqeləri ildən-ilə yüksəlir”

“Ölkə həyatının bütün sahələrində dayanıqlı inkişafını təmin etmiş
Azərbaycanın beynəlxalq nüfüzu durmadan möhkəmlənir. Eləcə də milli
maraqlara əsaslanan ölkəmizin xarici siyasət konsepsiyası uğurlu nəticələrini
verməkdədir. Beynəlxalq aləmdə tam müstəqil siyasət yürütməklə dövlətimizin
başçısı cənab İlham Əliyev ölkəmizin müsbət imicini formalaşdırıb. Onun
qətiyyətli mövqeyi, diplomatik bacarığı, uzaqgörən siyasəti sayəsində
Azərbaycan dünyada böyük söz sahibinə, regionun isə əsas aparıcı aktoruna
çevrilib. Həmçinin Azərbaycanın müəllifi olduğu vaxtı ilə utopik görünən iri
layihələrin, irəli sürüyü təşəbbüslərin dünya üçün əhəmiyyəti artmaqdadır. Buna
misal olaraq enerji sahəsində reallaşdırılan layihələri göstərə bilərik ki, bu gün
həmin layihələr xilaskar kimi, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli
rol oynayır. Əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin hazırladığı
Azərbaycanın enerji strategiyası onun layiqli davamçısı cənab İlham Əliyevin
gördüyü effektli işlər sayəsində ölkəmizi regionun böyük enerji mərkəzinə
çevirib”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli
Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, cənab İlham Əliyevin dövlət rəhbəri olaraq hər bir
sahədə, o cümlədən xarici ölkələrlə əməkdaşlıqda atdığı hər bir imzasına
hörmətlə yanaşması Azərbaycanın etbarlı tərəfdaş imicini bərqərar edib:
“Məsələn, enerji ixracını uzun illərdir həyata keçirən ölkəmiz indiyə kimi
təchizatda heç bir ləngiməyə yol verməyib, müqavilə şərtlərində dəyişiklik
etməyib, üzərinə götürdüyü öhdəlikləri şərəflə yerinə yetirib. Bütün bu
yanaşmalar və sərgilənən mövqe ölkəmizi müasir dünya birliyinin layiqli

üzvünə çevirib. Bu gün keçirilən istənilən beynəlxalq tədbirə, müxtəlif
platformalarda aparılan müzakirələrə dövlətimizin başçısı dəvət olunur, fikirləri
dinlənilir, rəyləri nəzərə alınır. Bu il yanvarın 16-da Birləşmiş Ərəb
Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış
mərasiminə də Prezident İlham Əliyev dəvət olundu və çıxış etdi. Bu, bir
tərəfdən dövlətimizin dünyada artan rolunu, digər tərəfdən isə Prezident İlham
Əliyevin beynəlxalq aləmdə şəxsi nüfuzunu göstərir. Məlumdur ki, Əbu-Dabi
Dayanıqlılıq Həftəsi dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini
hədəfləyən mühüm beynəlxalq platformadır və burada gəlinən qənaət dünya
üçün xeyli əhəmiyyətlidir”.

“Dövlətimizin başçısı çıxışında bir sıra vacib məqamlara toxundu, o
cümlədən Azərbaycanın enerji siyasətinin əhəmiyyətindən söz açdı. Bildiyimiz
kimi zəngin neft-qaz potensialına malik olan ölkəmiz bundan səmərəli şəkildə
istifadə edir. Həmçinin Azərbaycanın alternativ və bərpa olunan enerji
imkanları böyükdür. Məsələn, Abşeron yarımadasında və Xəzər sahilində
küləkli günlərin çox olması külək enerjisi istehsalına münbit şərait yaradır.
Bundan başqa, ölkəmizdə günəşli günlərin sayının üstünlük təşkil etməsi də
günəş enerjisinin inkişafına geniş yol açır. Prezidentimizin açıqladığı kimi, bu
sahədə ölkəmizin 200 qiqavata yaxın potensialı var. Ötən il yanvarın 13-də
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən 240 meqavat
gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının, martın 15-də isə
Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən 230 MVt gücündə
Qaradağ Günəş Elektrik Stansiyasının təməllərinin qoyulması ölkəmizdə bu
istiqamətdə aparılan işlərin miqyasının genişliyini göstərir. Həmçinin ölkəmizdə
yaradılmış əlverişli investisiya mühiti bu sahəyə böyük sərmayələr yatırmağa
imkan verir. İnanırıq ki, Azərbaycan yaxın gələcəkdə yaşıl enerjinin önəmli
təchizatçısına çevriləcək”, - Milli Məclisin deputatı deyib.


Digər xəbərlər

0.28053617477417