“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulunun zərurəti

13:07 18-01-2023 | icon 1254
“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulunun zərurəti

Bir neçə ildir ki, ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar artıq həyatın bütün sahələrində özünü açıq şəkildə büruzə verir. Bu mənzərə bütün fəaliyyət sahələrində, o cümlədən dövlət idarəçiliyinə aid olan fəaliyyət sahələrində, həmçinin müstəqilliyimizin ilk illərində qəbul edilmiş, bu gün müasir tələblərə cavab verməyən qanunvericilik aktlarında da özünü açıq şəkildə büruzə verir. Artıq indiki Azərbaycan 30 ilki dövrdən tamamilə fərqlidir. Hazırda ölkəmiz dünyada söz sahibinə çevrilmiş, sürətlə inkişaf edən dövlətdir. Ona görə də əvvəlki illərdə qəbul edilmiş qanunların təkmilləşdirilməsi, beynəlxalq normalara uyğunlaşdırılması zərurəti yaranıb. Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni Qanunun yaradılması dövrün tələblərindən irəli gəlirdi.

Artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl - 1992-ci il 3 iyun tarixində qəbul edilmişdir. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir.

“Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət”, Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun 2021-ci ildə qəbul etdiyi “Ukraynanın Siyasi partiyalar haqqında Qanununun layihəsinə dair birgə rəy”, 24 ölkənin təcrübəsi, 47 siyasi partiyadan Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif, Milli Məclisdə komitə və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş 350-dən çox təklif nəzərdən keçirilib. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının qanunu demokratik inkişaf yolunda atılmış uğurlu addımlardan biridir və bu, ölkəmizin milli inkişafının bariz nümunəsi kimi səciyyələndirilməlidir. Ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi, ictimai-siyasi institutlaşma tendensiyası uğurla davam etdirilir.

Diqqət yetirilməli olan əsas məqamlardan biri də yeni Qanunun ölkədə həyata keçirilən çoxşaxəli islahatlar prosesinə uyğun olaraq mövcud siyasi sistemin təkmilləşməsinə xidmət etməsidir. “Siyasi partiyalar haqqında” yeni Qanun dövrün tələblərinin zərurətidir.

İlahə Dadaşova,

Cəlilabad rayon Alar kənd

 3 saylı tam orta məktəbin direktoru


Digər xəbərlər

0.19501900672913