Enerji potensialı

13:41 19-01-2023 | icon 628
Enerji potensialı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Birləşmiş
Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış
mərasimində çıxış edib.
Dövlət başçısı çıxışında bildirib ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri
arasında münasibətlər strateji əhəmiyyətə malikdir. Azərbaycanda enerji təhlükəsizliyi
bir neçə il əvvəl təmin olunub. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin
edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və
elektrik enerjisini ixrac edir.
Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir.
Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində
ixracımızı şaxələndirəcəyik.
Cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz
tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya
edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500
kilometrdir.
Ölkəmizdə təbii qaz ixracımız artır, 2021-ci ildə 19 milyard kubmetr idisə, bu il 24
milyard kubmetrə çatacaq. Artım davam edəcək. Azərbaycanın bərpaolunan enerji
mərkəzlərindən birinə çevrilməsi planlarımız təkcə Azərbaycanın öz enerji təhlükəsizliyi
ilə bağlı deyil.
Bu gün quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən
müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi,
həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları
mövcuddur. Bu səbəbdən Azərbaycana kifayət qədər ixrac marşrutları lazımdır.
Azərbaycan Prezidenti qeyd edib ki, “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti
4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma
imzaladılar. Bu qısamüddətli bir layihədir. Ortamüddətli layihələr nəticəsində güclər 10
qiqavata qədər artırılacaq. “Masdar” ilə apardığımız əməkdaşlıq Azərbaycanı yaşıl
enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir.
Təbii ki, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma
memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək
imkanını yaradacaq.
2022-ci ilin 17 dekabr tarixində Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya
Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara
dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzaladılar. Bu Saziş Avropa
Komissiyası Prezidentinin şahidliyi ilə imzalanmışdır. Planımız Azərbaycandan 4
qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabeli çəkməkdir.
Prezident İlham Əliyev sonda əminliklə qeyd edib ki, ölkəmiz neft və qaz
sektoruna böyük sərmayələr cəlb edib. İndi isə hədəfimiz bərpaolunan enerjidir.

Soltanova Zahidə Cəmilağa qızı
Saatlı rayon Dövlət Rəsm Qalereyasının əməkdaşı


Digər xəbərlər

0.19109797477722