Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsi əlilləri və şəhid ailələri dövlət qayğısı ilə tam əhatə olunub”

13:44 19-01-2023 | icon 756
Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsi əlilləri və şəhid ailələri dövlət qayğısı ilə tam əhatə olunub”

“Hər bir xalq öz tarixini yaradır və bu tarix onun kimliyinin göstəricisidir.
Azərbaycan xalqının tarixini vərəqlədikdə, hər səhifəsinə nəzər saldıqda kamil
bir xalqın sahib olduğu zəngin bir tarixi görürük. Məlumdur ki, Azərbaycan
xalqı qəhrəmanlıqları, mübarizliyi, əzmkarlığı, müdrikliyi ilə dünya tarixində
dərin iz qoyub. Yaratdığı dövlətlər daha çox sülhsevərliyi, hümanistliyi ilə
tarixin yaddaşında qalıb. Xalqımız sərt sınaqlarla üzləşərək təcavüzə məruz
qaldıqda buna qarşı cəsarətlə mübarizə aparıb, işğala boyun əyməyib. Yetirdiyi
qəhrəman oğllarının ətrafında sıx birləşərək yenidən öz müstəqilliyinə qovuşub,
suveren dövlətinə sahib olub. Azərbaycan xalqının milli azadlıq mücadiləsinin
ən şanlı dövrü sovet hakimiyyətinə qarşı apardığı mübarizədir. Uzun illər sovet
imperiyasının tərkibində olsa da, öz mənliyini unutmadı, müstəqillik arzusu ilə
yaşadı, bu yolda yorulmadan mübarizə apardı. Göstərilən təzyiqlər, represiyalar
xalqımızın mübarizə əzmini sındıra bilmədi, öz ali məqsədinə doğru inamla
irəlilədi. Həmçinin xalqımız ayrı-ayrı vaxtlarda sovet hakimiyyətinin
respublikamıza qarşı ikiüzlü, riyakar planlarına qətiyyətlə etiraz edərək öz
ləyaqətini şərəflə qoruyub”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə paytaxt
Bakıda sovet hakimiyyətinin Dağlıq Qarabağı Azərbaycandan ayıraraq
Ermənistana birləşdirmək kimi çirkin planına qarşı etiraz edən, həmçinin
özünün müstəqilliyini tələb edən əliyalın xalqımıza qanlı divan tutuldu: “Bu
hadisə daim demokratiyadan bəhs edən, əslində isə totalitar təməllər üzərində
qurulan və yaşayan imperiyanın iç üzünü açaraq bütün dünyaya göstərdi. Sübut
etdi ki, sovet dövləti irticaçı bir imperiyadır və əsarət altında saxladığı xalqların hər bir etirazına silahlı müdaxilə edir, qanlı insidentlər törədir. Bakı ilə yanaşı,
rayonlarda da dinc əhali atəşə tutuldu, qətlə yetirildi. Həmin günlərdə
ümumilikdə Respublikada 147 nəfər həlak oldu, 744 nəfər yaralandı, 841 nəfər
qanunsuz həbs olundu, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili
yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edildi. Dövlət, ictimai və
şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5 63 286 rubl miqdarında maddi ziyan
vuruldu. İnsanlığa, bəşəriyyətə qarşı yönəlmiş bu qanlı hadisə xalqımızı
qətiyyən qorxutmadı, daha da mətinləşdirdi, birliyini möhkəmləndirdi, azadlıq
ruhunu alovlandırdı. 20 Yanvar hadisəsi həmçinin Azərbaycan tarixinə istiqlal
və hürriyyət uğrunda mübarizənin zirvəsi kimi düşdü. Dünyaya nümayiş etdirdi
ki, xalqımızın oğul və qızları azad, suveren yaşamaq uğrunda, Vətən naminə
hətta canlarından belə keçməyə hazırdır. Bu, bizim şərəf tariximizdir, gələcək
nəsillərə ibrət dərsi və böyük bir örnəkdir”.
S.Möhbalıyev bildirib ki, baş verən qırğından sonra sovet imperiyası
Respublikamızda nüfuzunu tamamilə itirdi, sosial dayaqları zəiflədi:
“Göstərilən müqavimətlə imperiya anladı ki, müdrik bir xalqın azadlığını
məhdudlaşdırmaq, dövlətini əlindən almaq mümükün deyil. Həmişə olduğu
kimi, həmin ağır dönəmlərdə də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının
yanında oldu. Hadisənin ertəsi gün - yanvarın 21-də sovet rejiminin
qadağalarına, yaratdığı əngəllərə baxmayaraq, həyatını təhlükə qarşısında
qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək qanlı
faciənin təşkilatçılarını beynəlxalq ictimaiyyət qarşısında ittiham etdi. Cəsarətli
sözləri ilə törədilən faciəni hüquqa, demokratiyaya, humanizmə zidd,
Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud
siyasi səhv kimi ifşa etdi. Bu, həmin vaxt son dərəcə cəsarətli addım idi. Ulu
Öndər bir daha göstərdi ki, o, hər zaman xalqı ilə birlikdədir, onunla həmrəydir,
dar gündə də, şad gündə də öz xalqının yanındadır. Sonralar müasir müstəqil Azərbaycan dövlətini yaradan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20
Yanvar hadisələrinə ilk siyasi-hüquqi qiymət verildi”.
AHİK sədri qeyd edib ki, dövlətimiz hər zaman 20 Yanvar şəhidlərinin
ailələrinin yanında olub, onları öz diqqətində saxlayıb: “Prezident İlham Əliyev
onların sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Dövlətimizin
başçısının təşəbbüsləri ilə 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər
və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Belə ki, “20
Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin
təqaüdünün təsis edilməsi haqqında” Fərmanla şəhid ailələrinə dövlət qayğısını
artırmaq məqsədilə təqaüd verilir. Hazırda bu məbləğ 600 manat təşkil edir”.
Milli Məclisin deputatı əlavə edib ki, müzəffər xalqımız daim 20 Yanvar
şəhidlərinin əziz xatirəsini dərin ehtiramla anır, hər ilin 20 yanvar tarixində
Şəhidlər xiyabanını ziyarət edərək onların ruhlarına dualar oxuyur.


Digər xəbərlər

0.23187804222107