Media ilə bağlı cərimələr artırılır

13:54 19-01-2023 | icon 114
Media ilə bağlı cərimələr artırılır

Media haqqında qanunvericiliyin pozulmasına görə cərimələr artırılır.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, media məhsullarının qanunla müəyyən edilmiş qaydada yayımına mane olmağa görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə ediləcəklər. Mövcud Məcəlləyə əsasən, kütləvi informasiya vasitələri məhsullarının qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olmağa və ya dövri mətbu nəşrin tirajının pərakəndə satışına qanunla nəzərdə tutulmayan məhdudiyyətlər qoyulmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə cərimələnir.

Eyni zamanda, layihəyə əsasən, jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə müəyyənləşir. 

 
 
 

Həmçinin, Məcəlləyə təklif edilən digər dəyişikliklə qanunla müəyyən edilmiş müddətdə onların sorğusuna cavab verilməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə tətbiq edilməsi təklif edilir. Hazırda qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə tətbiq olunur.

Layihəyə əsasən, media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsinin “Media haqqında” qanunla müəyyən edilmiş qaydaların pozulmasına görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.

Eyni zamanda, media subyektinin redaksiyası (məsul redaktoru) və jurnalistlər tərəfindən informasiya mənbəyini qanunla yol verilməyən hallarda açıqlamağa görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimələnəcəklər.

Bunlarla yanaşı, layihədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) görə vəzifəli şəxslərin min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslərin iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulub.


Digər xəbərlər

0.40139508247375