Yaşıl enerji ilə bağlı potensialımız böyükdür

11:09 23-01-2023 | icon 124
Yaşıl enerji ilə bağlı potensialımız böyükdür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda keçirilən panel iclasında iştirak edib və burada dərin məzmunlu nitq söyləyib. Dövlətimizin başçısı deyib ki, son bir neçə ay ərzində biz 22 qiqavat bərpaolunan enerji mənbələrini yaratmaq üçün sərmayə təmin edəcək sənədlər imzalamışıq. Söhbət həm dənizdən, həm də qurudan gedir. Bu isə regional iqtisadi konfiqurasiyanı tamamilə dəyişəcək. Çünki Avropada baş verən yaşıl enerjiyə keçiddən xəbərimiz var. Eyni zamanda, Azərbaycan neft və təbii qazın təchizatçısıdır. İndi biz yaşıl enerjini, o cümlədən dənizdə külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi planlaşdırırıq. Bunun təkcə bizim ölkə üçün yox, həm də bütün region üçün çox böyük potensialı var.

Xəzər dənizinin külək potensialı 157 qiqavatdır. Qurudakı potensial 27 qiqavatdır. Eyni zamanda, iki il bundan əvvəl aparılmış Vətən müharibəsində işğaldan azad etdiyimiz ərazilərdə 10 qiqavat potensial mövcuddur. Demək olar ki, 200 qiqavata yaxındır.

Keçən ilin dekabrında Gürcüstandan Rumıniyaya sualtı kabel xəttini çəkmək üçün Buxarestdə müqavilə imzalanıb. Bu xəttin gücü 4 qiqavatdır. Hazırda texniki-iqtisadi əsaslandırma işləri aparılır. “Masdar”la imzalanmış razılaşma külək və günəş enerjisi hasilatını 2027-ci ilədək 4 qiqavat və 2037-ci ilədək 6 qiqavat artıracaq. “FortescueFutureIndustries”lə imzalanmış Anlaşma Memorandumuna əsasən 12 qiqavatadək hasilat üçün Azərbaycana investisiya yatırılacaq.

 Ancaq Ermənistan bizim çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı təklifimizə cavab verməyib. Səbəbi odur ki, bizim üçtərəfli əməkdaşlıq formatına başlamaqla bağlı Gürcüstanla birgə etdiyimiz təklif Ermənistan tərəfindən rədd edilib.

 Azərbaycan bir çoxlarının iddia etdiyi kimi, yalnız neftdən asılı olan iqtisadiyyat yaratmayıb. İllərlə reallaşdırılan proqramlar imkan verir ki, neftin ucuzlaşması mərhələsində belə ölkədə gəlir gətirən özəl sektor fəaliyyət göstərsin. Bunun sayəsində Azərbaycan bu dəfə də çox az itki ilə yeni inkişaf səviyyəsinə yüksələ biləcək. Bizcə, Forum iştirakçıları üçün ən maraqlı olan məhz bu məqam olub. Prezident İlham Əliyevin nitqi ilə bağlı öz fikirlərini ifadə edənlərin söylədikləri belə bir nəticə çıxarmağa əsas verir.

Arif Nəcəfov,

Cəlilabad rayon Statistika İdarəsinin rəisi


Digər xəbərlər

0.36058402061462