Azərbaycan etibarlı tərəfdaşdır

11:10 23-01-2023 | icon 951
Azərbaycan etibarlı tərəfdaşdır

       Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeni dünya sisteminin müasir çağırışlarına cavab verən siyasi kursu Azərbaycanı regionun lider dövlətinə çevirməklə yanaşı, ölkəmizi dünyada etibarlı tərəfdaş kimi tanıdıb. Davos İqtisadi Forumu isə Azərbaycan dövlətinin etibarlı tərəfdaş olduğunu bütün dünyaya göstərmək üçün ən əlverişli müzakirə platformalarından biri kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin Forumda iştirakı hər zaman çoxsaylı yüksək səviyyəli görüşlərlə yadda qalır. Azərbaycanın iqtisadi tərəfdaşlarının sayının artması da bunun göstəricisidir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsveçrənin Davos şəhərinə işgüzar səfəri çərçivəsində Dünya İqtisadi Forumunda keçirdiyi bir sıra görüşlərdə qeyd etdiyimiz məsələlər barədə ətraflı danışılıb.

      Forumdan öncə Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı bərpaolunan enerji məsələləri ilə bağlı razılaşmalar əldə olundu. Hazırda dünya iqtisadiyyatının davamlı inkişafında bərpaolunan enerjidən səmərəli istifadə məsələsi ön planda dayanır. Bu baxımdan Azərbaycan hökumətinin həyata keçirdiyi işlər nəinki ölkəmiz, eyni zamanda, region və dünya üçün əhəmiyyətlidir.

       Bu gün Azərbaycanın siyasi arenada qazandığı nailiyyətlərə kölgə salmaq, siyasi qələbələrimizi həzm edə bilməyən qüvvələr var. Bunlar Avropa və digər beynəlxalq təşkilatlarda dövlətimizə qarşı kampaniya aparırlar. Son zamanlar Laçın yolu ilə bağlı qəbul olunan qərəzli qətnamələr də bunun bariz nümunəsidir. Bütün bunların qarşısını almaq üçün Forumun yaratdığı imkanlardan istifadə edərək dünya ictimaiyyətinə geniş və dolğun məlumat verildi ki, bütün bunlar gələcək perspektivə yönələn addımlardır. Prezident İlham Əliyev keçirdiyi bütün görüşlərdə Laçın yolu ətrafında yaranmış vəziyyət, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərimizin talan edilməsinə qarşı etiraz aksiyasından danışıb. Bu aksiyanın legitim əsaslara söykəndiyi vurğulanıb. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində kriminal qruplaşmaların mövcudluğu, Laçın yolundan uzun müddət minaların daşınması üçün istifadə edildiyi diqqətə çatdırılıb.

      Dünya İqtisadi Forumu qlobal müzakirə platforması kimi özünü təsdiq etmiş və dünya iqtisadiyyatının oyunçuları tərəfindən qəbul edilən mühüm bir təsisatdır. Burada tərəfdaşlıq məsələsi ilk sırada dayanır. Hesab edirik ki, bu məqam istər milli, istər regional və istərsə də qlobal siyasət təşəbbüsləri baxımından respublikamız üçün olduqca önəmlidir.

Etibar Sadıqov,

Cəlilabad rayon, Göytəpə şəhər

Peşə Təhsili Mərkəzinin direktoru


Digər xəbərlər

0.25055503845215