Zəruri əməkdaşlıq istiqaməti

17:13 24-01-2023 | icon 742
Zəruri əməkdaşlıq istiqaməti

1971-ci ildən ənənəvi olaraq İsveçrənin Davos şəhərində təşkil edilən
Dünya İqtisadi Forumunun əsas məqsədi dünyanın taleyinə birbaşa təsir edən
mühüm strateji problemlərin və hadisələrin müzakirəsini aparmaqdan ibarətdir.
Koronavirus pandemiyası səbəbindən Forum 2021-ci ildə onlayn, 2022-ci ildə
isə yanvar ayında deyil, may ayında təşkil olunub. Dünya İqtisadi Forumu bu il
16-20 yanvar tarixlərində “Parçalanmış dünyada əməkdaşlıq” mövzusunda
keçirildi.
Forumun proqramı dünyanın ən aktual problemlərinin həlli üçün dövlət və
özəl sektoru tərəfdaşlığa, dünya liderlərini enerji, iqlim və ticarət sahələrində
birgə işləməyə çağırır. Builki Forumda dünyanın 130-dan çox ölkəsindən
ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən 52 dövlət və hökumət
başçısı iştirak etdi. Müdafiə tədbirlərini proaktiv, uzaqgörən siyasətlərə və
biznes strategiyalarına çevirmək yollarının tapılması Forumun əsas diqqət
mərkəzində idi.
Dövlətimizin başçısı hər dəfə Davos Forumu kimi nüfuzlu platformadan
istifadə edərək Azərbaycan həqiqətlərini, habelə ölkəmizin təşəbbüsü və iştirakı
ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinin
əhəmiyyətini dünya liderlərinin və ictimaiyyətinin diqqətinə çatdırıb. Davosda
Ermənistanın təcavüzkar obrazı Prezident tərəfindən bir daha dünya
ictimaiyyətinə təqdim olundu. Prezident İlham Əliyev regiondakı geosiyasi
sabitliyə təhdid olan Ermənistanın rəhbərliyinin sülh və təhlükəsizlik
məsələlərinin müzakirə edildiyi belə beynəlxalq platformaya qatılmamasını
İrəvan hökumətinin sülh təşəbbüskarlığına qarşı hədsiz məsuliyyətsiz
davarmasının nümunəsi kimi qiymətləndirdi və bir daha Davosda beynəlxalq
sülh ictimaiyyəti qarşısında Ermənistanın bu siyasətini ifşa etdi.
Təbii qazla bağlı Avropa Komissiyasından müraciət daxil olan kimi dərhal
müxtəlif istiqamətlər üzrə işlərin görülməsi prosesi başlandı. 2021-ci ildə
Avropa bazarına ixracımız təqribən 8 milyard kubmetrdən çox idi. Bu il ixrac
ən azı 11,6 milyard kubmetr olacaq. Artım çox sürətlidir. Ümumi həcm isə 24
milyard kubmetrdir. Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün
Azərbaycan gərgin çalışır. TANAP-ı 16 milyard kubmetrdən 32 milyard
kubmetrə, TAP-ı isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər
genişləndirməliyik. TAP yalnız iki il bundan əvvəl açılmışdır. Lakin indi biz
həcmi genişləndirməliyik. Beləliklə, əlavə maliyyələşmə tələb olunacaq və biz
buna hazırıq. Yaşıl enerji ilə bağlı potensial çox böyükdür. Xəzər dənizinin
külək potensialı 157 qiqavatdır. Qurudakı potensial 27 qiqavatdır. Eyni
zamanda, iki il bundan əvvəl aparılmış Vətən müharibəsində işğaldan azad
etdiyimiz ərazilərdə 10 qiqavat potensial mövcuddur.

Orta Dəhlizlə bağlı çoxtərəfli razılaşmalara gəlindiyini bildirən Prezident
qeyd etdi ki: “Mövcud və ənənəvi Şimal marşrutu vasitəsilə daşımalarda
çətinliyə görə yük həcminin artmasını gözləyirik. Biz artıq Mərkəzi Asiyadan
böyük həcmdə yükün istiqamətinin dəyişilməsini müşahidə edirik və bu, sadəcə,
başlanğıcdır. Avropa Birliyinin Cənubi Qafqazla olan ticarət dövriyyəsinin 75
faizini Azərbaycan formalaşdırır. Təbii ki, bunlar da Davos İqtisadi Forumu və
bu tip iqtisadi forumlar üçün Azərbaycanın əhəmiyyətini göstərən amillərdir.
Azərbaycan investisiya cəlb etməkdə maraqlıdır, eyni zamanda şirkətlər də
bazarlar axtarırlar. Bu baxımdan Davos İqtisadi Forumu bizim üçün nə qədər
əhəmiyyətlidirsə, ölkəmizlə əməkdaşlıq da Davos İqtisadi Forumu üçün bir o
qədər mühümdür.
Prezidenti İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində
“Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda nitqində vurğuladığı
məqamlar hər cəhətdən maraqlıdır. Bugünkü reallıqlar fonunda tranzit ölkəsi
olmaq vacibdir. Bunun əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlıdır.
Nəqliyyat sahəsi ixracımızı şaxələndirməyə imkan verəcək. Orta Dəhliz
üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes
imkanları yaradır. Tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad
zonanın açılışı olacaq; “Vahid pəncərə” sistemini tətbiq etmək məqsədilə
gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün
iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da
sıx əməkdaşlıq aparılmalıdır.
Biznes mühitinin təkmilləşdirilməsi uğurun əsas amillərindən biridir. Bütün
ölkələrin, hətta ən inkişaf etmiş ölkələrin də əlavə investisiyalara ehtiyacı var.
Ümumiyyətlə, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və
yerli investisiyalar lazımınca qorunur. Ümid edirik ki, qeyri-enerji sektoruna
daha çox investisiyalar olacaq, çünki ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti
neft və qaz sektoruna yönəlmişdir. Bu da təbiidir və biz bunu anlayırıq.

İlkanə Əzizova.
Saatlı rayonu Potubəyli kənd ümumi orta məktəbin Tarix müəllimi


Digər xəbərlər

0.29958891868591