Səttar Möhbalıyev: “Azərbaycan gəncləri qüdrətli ölkənin vətəndaşı, müzəffər xalqın nümayəndələridir”

11:00 02-02-2023 | icon 878
Səttar Möhbalıyev: “Azərbaycan gəncləri qüdrətli ölkənin vətəndaşı, müzəffər xalqın nümayəndələridir”

“Azərbaycan xalqının gənc nümayəndələri hər zaman fəal olub, tarixən baş
vermiş proseslərin önündə gediblər. Məhz onların qurduğu dövlətlər öz qüdrəti
və əzəməti ilə dünya tarixində dərin iz qoyub. Hətta təcavüzkarlara qarşı
mübarizədə, milli azadlıq mücadilələrində, milli dirçəlişimizdə nümayiş
etdirdikləri rəşadətlə yeni-yeni nəsillərə örnək olublar. Hər səhifəsi qəhrəmanlıq
dastanı olan şanlı tariximizi vərəqlədikcə gənclərimizin mədəniyyət, incəsənət,
ədəbiyyat və digər sahələrdə də yaradıcılığına heyran qalmamaq mümkün deyil.
Onlar bilik və bacarığı, parlaq istedadı ilə bu sahənin zənginləşməsinə,
xalqımızın maariflənməsinə əvəzsiz töhfələr veriblər. Onların ideyaları,
yaradıcılığı xalqımızın milli sərvəti kimi daim qorunur və növbəti nəsillərə
ötürülür”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli
Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, sovet hakimiyyəti illərində də Azərbaycan gəncləri öz
fəallığı ilə seçilib, milli kimliyimizin qorunmasında, müstəqillik ideyalarının
yaşamasında səylə çalışıblar: “Rejimin sərtliyi, göstərilən təzyiqlər və qanlı
repressiyalar onları qorxuda bilməyib. Azərbaycan gəncləri daha bir
qəhrəmanlıq dastanını 1941-1945-ci illər müharibəsində yazdılar. Nümayiş
etdirdikləri şücaətlə Alman faşizmi üzərində qələbədə böyük pay sahibi oldular.
Heç də təsadüfü deyil ki, 130 azərbaycanlı gənc Sovet İttifaqı qəhrəmanı adına
layiq görüldü. Onlar döyüş rəşadəti ilə əsl qəhrəmanlıq nümunəsi oludular.
Sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər
Əliyev fəaliyyətinin hər bir məqamında gənclərin yanında oldu, onlara hər cür
dəstəyi verdi. Məhz onun dövründə gənclərimiz ittifaqın ən nüfuzlu ali təhsil
müəssisələrinə göndərilir, peşəkar kadr və yüksək ixtisaslı mütəxəssis kimi yetişmələri üçün bütün şərait yaradılırdı. Həmçinin kadr siyasətində gənclərə üstünlük verilir, yüksək vəzifələrə irəli çəkilirdilər”.
“Dövlətimizin müstəqilliyinin bərpasında, Birinci Qarabağ müharibəsində
gənclərin misilsiz xidmətlərini saymaqla qurtaramaq olmaz. Bir onu demək
kifayətdir ki, bu yolda şəhidlərimizin böyük əksəriyyətini gənclər təşkil edirdi.
Onlar dövlətimizi, Vətənimizi hər şeydən uca tutdular, bu yolda canlarından
belə keçməyə hazır oldular. Xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə
qayıdan Heydər Əliyevin ətrafında sıx birləşən gənc nəsil böhrandan çıxış
yolunu yalnız Ulu Öndərin şəxsində gördülər. Dövlətimizin qurulmasında,
müstəqilliyimizin qorunmasında fədakarlıqla mübarizə apardılar. Qısa
müddətdə ölkəmizi məhv olmaqdan xilas edən dahi lider gənclər siyasətini
prioritet istiqamətə çevrdi. Onun gənclərlə bağlı imzaladığı fərman və
sərəncamlar dövlətimizin ictimai-siyasi həyatında gənclərin parlamasına, aktiv
iştirakına geniş imkanlar açdı. Onların yüksək səviyyədə təhsil almaları üçün
normal şərait yaradıldı, xarici ölkələrin ali təhsil müəssisələrinə tələbələrin
göndərilməsinə başlanıldı. Məhz bu siyasətin nəticəsi olaraq artıq 2003-cü ildə
dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər müxtəlif ixtisas üzrə
3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Heydər Əliyev istedadlı gəncləri
xüsusilə diqqətdə saxlayıdı, onların hərtərəfli inkişafına hər cür dəstəyi verirdi.
1994-cü ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman
Nazirliyinin yaradılması, gənclərin forumlarının keçirilməsi, fevralın 2-si
tarixinin Azərbaycanda Gənclər Günü elan edilməsi onların cəmiyyətdə rolunun
və nüfuzunun artmasında, ölkəmizin inkişafında iştirakının və məsuliyyətinin
yüksəlməsində, ölkə gəncləri arasında fikir mübadiləsinin aparılmasında
əhəmiyyətli rol oynadı”, - AHİK sədri bildirib.
“Bütün sahələrdə olduğu kimi, Ulu Öndər Heydər Əliyevin gənclərlə bağlı
siyasətini yüksək peşəkarlıqla davam etdirən Prezident İlham Əliyev onların
potensialının gerçəkləşməsi, vətənpərvər ruhda böyüməsi, bilikli və bacarıqlı
kadr kimi formalaşması istiqamətində əhəmiyyətli işlər gördü. Məhz cənab İlham Əliyevin qayğısının və bu sahəyə olan diqqətinin nəticəsidir ki, gənc nəslin ictimai-siyasi həyatda rolu durmadan artır, ölkənin əsas aparıcı qüvvəsini
təşkil edirlər, həmçinin onlarda öz gücünə, istedadına, bacarığına inam hissi
güclənib. 2007-ci ilin “Gənclər İli” elan edilməsi gənclərin ölkənin ictimai-
siyasi və mədəni həyatında aktiv fəaliyyətinə əlverişli şərait yaratmış oldu. Ulu
Öndərin siyasətinin davamı olaraq dövlətimizin başçısı cənab İlham Əliyev də
gənclərin təhsil məsələsini prioritet hesab edir, onların qabaqcıl xarici təhsil
proqramlarına cəlb edilməsi üçün ardıcıl sərəncamlar verir. Bu sahədə icra
olunmuş dövlət proqramları nəticəsində 5000-dən çox gənc dünyanın nüfuzlu
ali məktəblərində təhsil alıb. Dövlətin dəstəyi sayəsində gənclərin dünyanın 32
ölkəsinin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları
məqsədilə ümumilikdə 3558 təqaüd verilib və bu məqsədlər üçün 200 milyon
manat vəsait xərclənib. Həmçinin “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil
müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət
Proqramı”nın icrası müddətində 2000 nəfərədək gəncimiz xaricdə bakalavriat
və magistratura səviyyələrində təhsil alması təmin ediləcəkdir”, - Milli Məclisin
deputatı deyib.
S.Möhbalıyev vurğulayıb ki, Azərbaycan gənclərinin inkişafında Heydər
Əliyev Fondunun xidmətləri misilsizdir: “Belə ki, Fondun prezidenti Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə elm, təhsil, mədəniyyət, səhiyyə, idman
sahələrində müxtəlif layihələr həyata keçirilir, yaradıcı gənclərin potensialının
aşkara çıxarılmasına, bilik və bacarıqlarının dəyərləndirilməsinə yüksək
səviyyədə köməklik göstərilir, onların fərdi və peşəkar inkişafına hər cür dəstək
verilir”.
AHİK sədri bildirib ki, 2020-ci ildə qəhrəman Azərbaycan gəncləri
dünyanın hərb tarixində yeni səhifə açdı, Vətənə, torpağa olan sonsuz sevgiləri
ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində oldular: “Ali Baş Komandan
cənab İlham Əliyevin ətrafında dəmir yumruğa dönərək tarixi missiyanı uğurla
tamamladılar, xalq və Vətən qarısında borclarını şərəflə yerinə yetirdilər. Vətən müharibəsi bir daha təsdiqlədi ki, gənclərimiz dövlətə sədaqət, Vətənə sevgi ruhunda tərbiyə alıblar və hər zaman müstəqilliyimizin, suverenliyimizin,
dövlətçiliyimizin keşiyindədirlər. Bu misilsiz xidmətlərinə görə, biz igid oğul və
qızlarımıza hər zaman minnətdarıq. İnanırıq ki, gələcək nəsillər də bugünkü
gənclərimizdən nümunə götürəcək, Vətənimizi ləyaqətlə qoruyacaqlar”.

S.Möhbalıyev əlavə edib ki, səlahiyyətləri daxilində Azərbaycan həmkarlar
ittifaqları da dövlətimizin gənclər siyasətinə fəal dəstək verir: “Həmkarlar
ittifaqı üzvlərinin 38,5 faizini gənclər təşkil edir. Biz də onların həmkarlar
ittifaqlarının fəaliyyətində yaxından iştirakını yüksək qiymətləndirir, təşkilatın
gələcək inkişafının və daha da möhkəmlənməsinin əsas mənbəyi hesab edirik.
Hazırda sahə həmkarlar ittifaqlarının böyük əksəriyyətində gənclər şurası
fəaliyyət göstərir və gənclərlə mütəmadi iş aparılır. Şuralar gənclərin tələbatına
cavab verən strategiyanın, kollektiv müqavilələrin və sazişlərin işlənib
hazırlanmasında, peşə ustalığı üzrə müsabiqə və baxışların keçirilməsində
fəallıq göstərirlər”.


Digər xəbərlər

0.26679110527039