Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur

10:50 03-02-2023 | icon 977
Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər
Əliyevin hakimiyyətinin hər iki dövründə gənclərə diqqət və qayğı xüsusi yer
tutub. Ümummilli Lider bildirirdi ki, gələcəyimiz indiki gənclərə nəyi və necə
öyrətməyimizdən asılıdır. Dahi şəxsiyyət  respublika rəhbərliyinə gəldiyi ilk
vaxtdan öz siyasətində gənclərə mühüm yer ayırdı və onların  himayədarı kimi
çıxış etdi.
Bu gün hər birimiz böyük fəxr hissi ilə qeyd edirik ki, günbəgün güclənən,
qüdrətlənən, dünya birliyində layiqli yer tutan   Azərbaycan  qürür
mənbəyimizdir. Bu uğurlarımızı önə çəkərkən, təbii ki, onların böyük səylərin,
qətiyyətin sayəsində qazanıldığını  unutmamalıyıq. Müstəqil Azərbaycan
dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin bəyan etdiyi kimi, həyat  inkişaf
edir, nəsillər nəsilləri əvəz edir. Gənclərin Azərbaycanın  müstəqillik yolunun 
nə qədər ağır dövrdən keçməsindən xəbəri yoxdur. Bunun üçün onları düzgün
məlumatlandırmaq, tariximiz barədə aydın təsəvvür yaratmaq əsas
tələblərdəndir. Müharibə şəraitində yaşayan bir ölkədə vətənpərvər ruhlu
gənclərin yetişdirilməsi vacibdir.
Azərbaycan gənclər ölkəsidir. Ölkə əhalisinin 60 faizdən çoxunu gənclər
təşkil edir. Bu nöqteyi-nəzərdən yanaşdıqda gənclərin qarşısında dayanan
vəzifələr daha qabarıq şəkildə özünü büruzə verir. Gənclərə diqqət və qayğının
dövlət siyasətinin əsas tərkib hissinə çevrilməsi də onlara olan etimaddan irəli
gəlir. Gənclər Azərbaycanın gələcəyi kimi dəyərləndirilir. 1997-ci ildə
ümummilli lider Heydər Əliyevin Sərəncamı əsasında Gənclərin I Forumunun
keçirildiyi tarix-yəni 2 fevral   Azərbaycanda Gənclər Günü kimi elan edildi.
Gənclər onlara göstərilən etimadı fəaliyyətləri ilə doğrultmağa səy göstərirlər.
Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, gənclərimizin əksəriyyəti böyük
qürur hissi ilə deyə bilərlər ki, onlar artıq müstəqillik illərində formalaşmış
nəslə mənsubdurlar. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil
dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə
potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir.
İnformasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər sübut edir ki,
müasirlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas
yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişdirə bilər. Məhz bu
keyfiyyətlərə söykənərək belə bir inam ifadə olunur ki,  hazırda müasir dünyada
qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və
qətiyyəti sayəsində həllini tapacaq.
44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən
sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm döyüş
meydanında, həm də kompüter arxasında informasiya müharibəsində
vətənpərvərlik hisslərini nümayiş etdirdilər. Dövlətimizin başçısı İlham
Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük
ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, üçrəngli
bayrağmızı dalğalandırdılar. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın
qürurunu özünə qaytardı. Dövlətimizin başçısı İlham Əliyev Yeni Azərbaycan
Partiyasının VII qurultayında gənclərin milli ruhda tərbiyəsinin prioritet

xarakter daşıdığını önə çəkərək partiyanın nəzdincə yeni yaradılan Veteranlar
Şurasının bu işə böyük töhfələr verəcəyini xüsusi qeyd etmişdir. Ölkəmizdə
təcrübə ilə gənclərin dinamizmi arasında vəhdətin yaradılması  hər dövrün
tələblərinə uyğun addımların atılmasına yol açır.
  Azərbaycan gənci tariximizi yaxşı bilməlidir. 44 günlük İkinci Qarabağ
müharibəsi Azərbaycan tarixinə yeni bir səhifəni- Zəfər Gününü yazdı.  Hələ
müharibəni şərtləndirən amillər, Azərbaycanın hərb təcrübəsi ilə bağlı kitablar
yazılacaq, bu tarix dərsliklərdə xüsusi yer alacaq, gələcək nəsil bu tariximizlə
qürur duyaraq artıq torpaqlarımızın işğalı deyil, işğaldan azad olunduğu günü
qeyd edəcəklər.
Azərbaycan  zəngin tarixi, mədəniyyəti ilə hər zaman diqqət mərkəzində
olub. Baxmayaraq ki, tariximiz  şanlı səhifələri ilə yanaşı, faciəli anları ilə də
doludur. Bu günün əsas tələbi məhz gəncləri keçmişi öyrənmələri fonunda
gələcəyə inamla irəliləmələridir. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi
ilə 1993-cü ildə  hakimiyyətə qayıdışı digər sahələr kimi, Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması  istiqamətində də uğurlu yolun
əsasını qoydu. Hər bir ölkənin dünyada öz təsdiqini tapmasında həqiqətlərinin
düzgün təbliği vacib rol oynayır.  Milli maraqlar hər şeydən öndə dayanmalıdır.
Tariximizin, mədəniyyətimizin, həqiqətlərimizin təbliğinə, vətənpərvərlik
hissinin aşılanmasına xidmət edən  tədbirlərin miqyasının genişləndirilməsi
mütləqdir.
44 günlük İkinci Qarabağ müharibəsində gənclərimizin göstərdiyi şücaət bir
vətənpərvərlik məktəbidir. Bu məktəbi öyrənmək, şahidlərimizin xatirəsinə
hörmətlə, qazilərimizə diqqət və qayğı ilə yanaşmaq hər birimizin vətəndaşlıq
borcudur.
  Hər bir dövlət  onda güclü olur ki, onun qüdrətli  iqtisadiyyatı və güclü
ordusu var. Azərbaycanın güclü orduya malik olması 44 günlük Vətən
müharibəsində bir daha nümayiş edildi.  Gənclərimizin bu gün dövlət başçısı 
İlham Əliyevin Fərmanı ilə hərbi xidmətə böyük ruh yüksəkliyi ilə getmələri də 
onlarda Vətən sevgisinin böyüklüyünün təsdiqidir. Xatırladaq ki,
müstəqilliyimizin ilk illərində digər sahələr kimi, orduda da vəziyyət acınacaqlı
idi.  Hərbi çağırışdan yayınma halları geniş vüsət almışdır. Amma ulu öndər 
Heydər Əliyevin hakimiyyətə qayıdışından  sonra ordu quruculuğu sahəsində
əsaslı islahatlar aparıldı. İnsanların dövlətçiliyə və orduya inamı daha da artdı.
«Vətən mənə oğul desə, nə dərdim» prinsipi gənclərimizin fəaliyyətinin əsasına
çevrildi. 1993-cü ildən başlayaraq gənclər çağırış məntəqələrinə könüllü
gedərək hərbi xidmət borclarını yerinə yetirməyə başladılar. Təbii ki, bu da
gənclər arasında vətənpərvərlik tərbiyəsinin yüksəlməsi ilə bağlı idi. Bu gün hər
çağırış gənclərin böyük vətənpərvərlik çoşquları ilə qarşılanır.
  Gənclərimiz bu gün  Azərbaycanın  xarici ölkələrdə təbliğatçılarıdır. Heydər
Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının
sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi
Leyla Əliyevanın gördüyü işlər gənclərimiz üçün örnəkdir. Onun fəaliyyətində
tariximizin, mədəniyyətimizin təbliği  prioritet istiqamətlərdəndir. Leyla
Əliyevanın  təşəbbüsü ilə keçirilən «Xocalıya ədalət!» beynəlxalq kampaniyası
çərçivəsində bütün dünya xalqlarına  bəyan edilir  ki, genosidə  məruz

qaldıqlarını saxta fakt və iddialarla sübuta yetirməyə çalışan ermənilər
tərəfindən əsl soyqırıma məruz qalan  Azərbaycan xalqıdır.
Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, güclü Azərbaycan
hamımızın qürur mənbəyidir. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq səviyyəli
tədbirlər, gənclərimizin istər ölkə daxilində, istərsə də xaricdə keçirilən
forumlarda fəal iştirakı bir daha bu həqiqəti ortaya qoyur ki, hər bir vətənpərvər,
millətini, xalqını sevən hər bir azərbaycanlı Azərbaycanın daha da
qüdrətlənməsinə, beynəlxalq nüfuzunun artmasına öz töhfəsini verməyə səy
göstərir. Birlik, həmrəylik hər bir məqsədə yüksək səviyyədə nail olmağa stimul
verir. 44 günlük İkinci  Qarabağ müharibəsində dəmir yumruq kimi birliyimiz
dünyaya səs saldı.  Mübaligəsiz deyə bilərik ki, müzəffər ordumuzun əfsanəvi
qəhrəmanlığı və modern döyüş bacarığını nümayiş etdirməsi bütün dünyada
heyrətlə qarşılandı.Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil
torpağımızı işğalçılardan azad etdi. Torpaqlarımızın azad edilməsində bütün
nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, ancaq döyüşdə iştirak
edənlərin mütləq əksəriyyəti 2003-cü ildə uşaq olan insanlardı. Onlar yetişdi,
onlar vətənpərvərlik  və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid
oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.
Gənclər bükülmüş belimizi dikəltdilər,mənfur düşmənin saxta mifini heç etdilər.
Belə vətənpərvər, qəhrəman və professional gəncləri olan Vətən heç vaxt
yenilməyəcək, daim öz şan-şöhrətini və qüdrətini qoruyub saxlayacaqdır!
İnanırıq ki, vətənpərvər gənclərimiz mənfur düşməndən azad etdikləri
müqəddəs torpaqların bərpa edilməsində və çiçəkləndirilməsində də,  burada
müasir infrastrukturun qurulmasında da böyük xidmət və rəşadət göstərəcəklər!
Əzzalıyev Ruslan
Saatlı rayonu Qaracalar kənd tam orta məktəbin müəllimi


Digər xəbərlər

0.2665319442749