Səttar Möhbalıyev: “Türkiyəli qardaşılarımızın hər bir dərdinə şərikik”

17:51 09-02-2023 | icon 916
Səttar Möhbalıyev: “Türkiyəli qardaşılarımızın hər bir dərdinə şərikik”

“Dost və qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ böyük dağıntı və minlərlə
itkilərə səbəb olub. Bu hadisə bizi dərindən kədərləndirdi və hər bir
azərbaycanlının qəlbi bu gün Türkiyədəki qardaşlarımızla bir döyünür.
Həqiqətən də, qardaş ölkə ən çətin günlərini yaşayır, amma heç kimdə şübhə
yoxdur ki, Türkiyə bu ağır günləri tezliklə arxada qoyacaq. Çünki Türkiyə
qüdrətli bir dövlətdir, çox belə sınaqlardan keçib. Baş verən hadisədə bizi daha
çox üzən isə insan ölümləridir, bacı və qardaşlarımızı itirmişik. Onların yerini
döldurmaq heç cür mümkün deyil. Onların hər birinə Uca Yaradandan rəhmət
diləyirik. Eləcə də xeyli sayda yaralılar var, Allah onların hamısına şəfa versin.
Türk xalqı çox mətindir, belə ağır vəziyyətlərdə daha əzmkar olurlar. İnanırıq ki,
onlar öz qüdrətli dövlətlərinin ətrafında daha sıx birləşərək təbii fəlakətin bütün
fəsadlarını yaxın zamanda aradan qaldıracaqlar”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, baş verən hadisənin xəbəri ölkəmizə çatan kimi,
Azərbaycan öz həmrəyliyini nümayiş etdirdi: “Dövlətimizin başçısı cənab İlham
Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərdi
və bildirdi ki, hər cür yardım göstərməyə hazırıq. Ardınca telefonla zəng edərək
ölkəmizin Türkiyənin dərdinə şərik olduğunu çatdırdı. Təbii ki, bu, sarsılmaz
qardaşlıq nümunəsidir. Tarixən belə olub, bu gün də belədir. Həmçinin Prezident
İlham Əliyev Türkiyənin ölkəmizdəki səfirliyində oldu, qardaş ölkəyə bir daha
başsağlığı verdi. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da rəsmi
instaqram səhifəsində Türkiyə xalqına güc və səbr dilədi. Hazırda bütün
Azərbaycan xalqı türkiyəli qardaşlarının dərdinə şərikdir, davamlı olaraq həmrəyliklərini ifadə edirlər. Təbii ki, bu sözdə deyil, əməldə də belədir. Artıq 6-8 fevral tarixində Azərbaycandan Türkiyəyə 7 təyyarə və 1 avtomobil karvanı
göndərilib. Ümumilikdə faciə baş verdiyi saatdan fevralın 8-dək Fövqəladə
Hallar Nazirliyinin 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34
nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətdir. Azərbaycanın
göstərdiyi humanitar yardıma xilasetmə işlərində istifadə olunan ləvazimatlar,
generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra
hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım
vasitələri, çadırlar, yataq dəstləri də daxildir”.

“Hər zaman humanist və nəcib missiyası ilə nümunə olan Heydər Əliyev Fondu
da qardaş ölkəyə humanitar yardım göstərir. Artıq Fondun Prezidenti Mehriban
xanım Əliyevanın göstərişi ilə 36 ton humanitar yardım zəlzələdən ziyan
çəkənlərə göndərilib. Yardıma müxtəlif dərman preparatları, oksigen maskaları,
filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları,
xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir.
Həmçinin Azərbaycanın bir çox bölgələri Türkiyədə baş vermiş güclü
zəlzələdən zərərçəkənlərə yardım aksiyasına fəal qoşulublar. İnsanlarımız axın-
axın təşkil olunan yardım toplama məntəqələrinə gəlir, gətirdikləri əşyaları
aidiyyəti üzrə təhvil verirlər. Bundan başqa, azərbaycanlılar qardaş ölkəyə
maddi vəsait və ianələr şəklində də dəstək göstərirlər. Əminik ki, bu qardaş
dəstəyi sona kimi davam edəcək”, - Milli Məclisin deputatı deyib.


Digər xəbərlər

0.24892377853394