Heydər Əliyev Mərkəzində opera və moda layihəsi təqdim olunacaq - Video

21:02 15-02-2023 | icon 924
Heydər Əliyev Mərkəzində opera və moda layihəsi təqdim olunacaq - Video

Martın 8-də Heydər Əliyev Mərkəzində keçiriləcək “Opera və moda. Sultan Couture 20” adlı tədbirdə  Azərbaycan və dünya klassiklərinin əsərləri yer alacaq.

Həmin gün konsertdə Asəf Zeynallı, Qara Qarayev, Niyazi, Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Cakomo Puççini, İohann Ştraus, Jorj Bize və digər klassiklərin əsərləri səslənəcək.

 

Tədbirdə Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının solisti Anastasiya Çernovolos (soprano), “Helikon-opera” Moskva Musiqili Teatrının solisti Elnarə Məmmədova (soprano), beynəlxalq müsabiqələr laureatı Yana Melikayeva (messo-soprano), Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının solistləri Yuliya Süleymanova (soprano) və Yekaterina Sannikova (soprano) çıxış edəcək.

Müğənnilər səhnəyə rəssam-modelyer Orxan Sultanın məhz Bakı konserti üçün hazırladığı libaslarda çıxacaq. Beləliklə, Auditorium zalındakı konsert zamanı yaranmasının 20 illiyini qeyd edən “SULTAN COUTURE&Co” brendinə məxsus 16 geyimdən ibarət kolleksiya nümayiş etdiriləcək. Gecə ərzində səhnəyə çıxacaq müğənnilər həm də BVLGARI brendinin zinət əşyalarını təqdim edəcəklər.

Elə həmin gün Heydər Əliyev Mərkəzində Azərbaycan operasının ilk qadın müğənnilərinə həsr olunan sərgi də təqdim olunacaq. Burada Azərbaycan operasının qadın ifaçılarının ən məşhur tamaşalardakı səhnə geyimlərində fotoları da sərgilənəcək. Bunların sırasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, Müslüm Maqomayevin ”Nərgiz”, Niyazinin “Xosrov və Şirin”, Əfrasiyab Bədəlbəylinin “Qız qalası”, Cüzeppe Verdinin “Traviata”, Reynqold Qliyerin “Şahsənəm”, Jorj Bizenin “Karmen” operalarından fotolar da yer alacaq.

Konsert-sərgiyə biletləri Heydər Əliyev Mərkəzinin kassası və iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

 

 
 
 

Digər xəbərlər

0.21737504005432