Mehmet Egilmezer: “Dinləmək və düzgün sual verməklə bir çox problemləri həll etmək olar”

21:43 21-02-2023 | icon 1236
Mehmet Egilmezer: “Dinləmək və düzgün sual verməklə bir çox problemləri həll etmək olar”

Müasir dövrün tələbləri və qlobal kataklizmlər müxtəlif yeni sahə və peşələrin yaranmasına şərait yaradır. XXI əsrdə elm, maddi-texniki resurslar ağlasığmaz sürətlə tərəqqi edir, bu isə öz növbəsində, insanların həyatını rahatlaşdırır, məsələn, onların qısa zamanda maariflənməsinə, özünüinkişafına və kommunikasiya yaratmasına geniş imkanlar açır. Lakin, təəssüf ki, bu cür inkişaf bəşər övladının həyatını çox vaxt xaosa çevirir, onu fiziki, eləcə də psixoloji, psixi və mənəvi problemlər qarşısında qoyur. Belə problemlər isə öz növbəsində, psixologiya, psixiatriya, mentorluq kimi sahələrin aktuallığınını artırır.


İnsan düşüncəsi, onun mənəvi problemləri, müxtəlif proseslərə yanaşması ilə məşğul olan çox gənc peşələrdən biri də kouçinqdir. Bu haqda Azeripress.az- a İCE Academy-nin prezidenti, beynəlxalq səviyyəli kouç Mehmet Egilmezer danışıb.


- Mehmet bəy, özünüz haqda oxuculara məlumat verərdiniz.
- Mən Türkiyədə “Doqquz Eylül Universiteti”ni tikinti mühəndisi ixtisası ilə bitirmişəm. Artıq 15 ildən çoxdur ki, bu sahədə çaılışıram. Beynəlxalq səviyyəli layihələrin müəllifiyəm. Bununla yanaşı, Azərbaycanda da bir çox layihələrə imza atmışam. Bakıda Heydər Əliyev Mərkəzi, “Flame Tower” kimi möhtəşəm binaların inşasında əməyim olub.
Bir gün mütəmadi olaraq iştirak etdiyim treninqlərin birində tam təsadüfən kouçinqlə tanış oldum. Elə həmin gün başa düşüdüm ki, bu mənim sevimli peşəmə çevrilməlidir. Bundan dərhal sonra kouçinqlə bağlı ciddi təhsil almağa başladım, ABŞ, Böyük Britaniya, Fransa və bir çox digər Avropa ölkələrində təhsilimi təkmilləşdirdim. Hazırda qarşınızda həm tikinti mühəndisi, həm də beynəlxalq dərəcəli kouç əyləşib (gülür).


- Necə oldu ki, İCE Academy-ni təsis etdiniz?
- Mən ailəmlə birgə uzun illərdir Azərbaycanda yaşayıram, burada biznes qurmuşam, övladlarım bu gözəl ölkədə böyüyür, təhsil alırlar. Və bu torpağın mənə verdiyi sərvətlərin qarşılığında ona nə isə verməyi özümə vicdan borcu hesab etdim. Kouçinq müasir dövrün aktual sahələrindən biridir və düşünürəm ki, o getdikcə, daha da aktuallaşacaq. Dövran bunu tələb edir. Həyatı qovhaqovlar, inkişaf, yeni nailiyyətlər axtarışında keçən müasir insan çox vaxt özünün harada olduğunun, kim olduğunun, etdiklərini nəyin naminə etdiyinin fərqində olmur, çaşğınlıq içinə düşür. Məhz belə hallarda peşəkar kouça böyük ehtiyac yaranır. Xoşbəxtəm ki, Azərbaycanda bu cür xeyirxah biznesin əsasını qoya bildik. Onu da qeyd edim ki, akademiyamız İCF-in (Beynəlxalq Kouçinq Federasiyasının) rəsmən tanıdığı ilk qurumdur.


- Bəs kouçinq nədir?
- Mənə bu sualı verildikdə, çox vaxt metaforik cavab verirəm. Baxın, əksər 4-5 ulduzlu otellərdə konsyerj xidməti mövcuddur. O, bir sıra işlərlə yanaşı, qonağı əvvəlcədən qeyd edilən vaxtda oyatmaq, onun gün ərzində hansı işləri görəcəyini yadına salmaq kimi öhdəlikləri də icra edir, ayrı-ayrı problemlərin həllində ona yardım göstərir. Kouçinqlə məşğul olan mütəxəssis, yəni kouç da bu cür işləyir, lakin o, insanı mənəvi olaraq oyadır və onun daxili problemlərini öz psixoloji resursları ilə həll etməkdə yardımçı olur, həyatda düzgün marşrutla irəliləməyə, məqsədlərinə çatmağa təkan verir.


- Bu mənə psixologiya və ya mentorluğu xatırlatdı...
- Xatırlada bilər, lakin konseptual olaraq bu sahələrdən fərqlidir. Psixoloq pasiyentinin keçmiş travmaları ilə işləyərək, onu müalicə edir, mentor isə topladığı bilikləri, həyat təcrübəsini bölüşür, müştərisinə dəyərli məsləhətlər verir, ona düzgün yol göstərir, hayatındakı problemlərini həll etməyə yardımçı olur. Kouçinqin işləmə mexanizmi isə tamam fərqlidir. Kouç seanslar zamanı müştərisinə lazımı suallar verərək, onun problemlərini, belə deyək, özünə həll etdirir. Kouçinqin əsas işi - dinləmək, eşitmək və düzgün suallar verməkdir. Düzgün suallarla bir çox həqiqətləri üzə çıxarmaq, mənəvi problemləri həll etmək olar. Yeri gəlmişkən, insanların ciddi problemlərindən biri də elə dinləməyi, düzgün dialoq qurmağı bacarmamalarıdır. Nəticədə fikir ayrılıqları, konfliktlər yaranır.


- Yəqin ki, İCE Academy böyük bir komanda işinin nəticəsidir?
- İnanmazsınız, amma bütün işləri həyat yoldaşım Sənəm Əgirmezerlə ikimiz həyata keçirdik. Əslində, akademiyanın yaradılması ideyası ona məxsusdur. Təşkilati işlərin bütün məsuliyyətini üzərinə o götürdü. Doğrusu, bu layihənin uğur qazanacağına əvvəlcə skeptik yanaşdım. Lakin Sənəmin çox iddialı olması, zəhmətkeşliyi, insanlarla kommunikasiya qurma bacarığı, özünə və mənə inamı, üstəgəl peşəkar psixoloq olması güclü motivasiya yaratdı və mən var qüvvəmlə ona dəstək olmağa başladım. Hazırda işlərimiz sürətlə irəliləyir, ətrafımıza savadlı, enerjili gənclər toplayıb, onlara kouçinq öyrətmək niyyətindəyik. Bu gün Azərbaycanda İCF sertifikatına malik cəmi səkkiz kouç var. Ümidvaram, fəaliyyətimizin nəticəsində bu say dəfələrlə artacaq.


- İnşaat mühəndisi olduğunuzu bildirdiniz, bu peşənin kouçinqlə nə əlaqəsi var ki?
- Əslində əlaqəsi yoxdur. Və kouçinqin üstünlüklərindən biri də budur. Bu sahədə çalışmaq üçün ixtisas heç bir əhəmiyyət kəsb etmir. Əgər həqiqətən, insanlara köməklik etmək istəyirsənsə və müəyyən qədər ümumi biliklərə maliksənsə, xüsusi treninq keçməklə bu peşəyə yiyələnmək olar.


- Xüsusi treninq dedikdə nəyi nəzərdə tutursunuz?
- Xüsusi treninq dedikdə, İCF-in tanıdığı qurumların təşkilatçılığı ilə keçirilən treninqlər nəzərdə tutulur. Məhz onların təqdim etdiyi sertifikatlar etibarlı sayılır və beynəlxalq səviyyədə tanınır.
Təəssüf ki, hazırda bir çox insanlar hansı isə qeyri-ciddi bir müəssisənin sertifikatını əldə edərək, özünü peşəkar kimi təqdim edə bilir. Lakin vaxt gələcək insanlar daha çox maariflənəcək və qarşısındakı mütəxəssisin nə dərəcədə ixtisaslı olduğunu bilmək istəyəcəklər. Ona görə də kouçun İCF sertifikatına malik olması vacibdir.


- İCA Academy-nin təşkil etdiyi treninqlər hansı formatda keçiriləcək?
- Növbəti treninqimiz mart ayında başlayıb, sentyabradək davam edəcək. Treninq nəzəriyyə və praktikadan ibarət olacaq. Tələb olunan bilikləri aldıqdan sonra iştirakçılar İCF-in şərtlərinə uyğun imtahan verəcək və sertifikat əldə edəcəklər.


- Maraqlı müsahibə üçün təşəkkür edir və uğurlar arzulayırıq.
- Təşəkkür edirəm.

İnsanların həyatdakı əsas missiyalarından biri də başqalrına mənəvi yardım göstərməkdir. Əgər bunu peşəkar səviyyədə etmək istəyirsinizsə, sizi İCE Academy-nin təşkil edəcəyi treninqlərə dəvət edirik.
Əlaqə üçün: 010 313 21 94

Hazırladı: Rəşad İbrahimov

 


Digər xəbərlər

0.30389595031738