Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Romada Xocalı ilə bağlı tədbir - Fotolar

17:56 24-02-2023 | icon 622
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Romada Xocalı ilə bağlı tədbir - Fotolar

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə təşkilatçılığı ilə səfirliyin Mədəniyyət Mərkəzində anım tədbiri keçirilib.

Tədbirdə İtaliya parlamentinin üzvləri, dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, diplomatik korpus təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov Xocalı soyqırımının 31 il bundan öncə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü zamanı mülki əhaliyə qarşı törədilən ən ağır cinayətlərdən biri olduğunu diqqətə çatdırıb. Bir gecədə 613 mülki şəxsin etnik mənsubiyyətinə görə xüsusi amansızlıqla qətlə yetirildiyini vurğulayan səfir bunun Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə siyasətinin təzahürü olduğunu qeyd edib.

2020-ci il Vətən müharibəsi nəticəsində ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə öz gücü sayəsində ədaləti bərqərar edərək, ərazi bütövlüyünü bərpa etdiyini deyən səfir Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsi, cinayətkarların ədalət mühakiməsinə cəlb edilməsi üçün də dövlətimizin israrlı olduğunu diqqətə çatdırıb. 

 
 
 

Heydər Əliyev Fondunun nümayəndəsi Fidan Yusibova çıxış edərək bildirib ki, ötən əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımı yalnız soydaşlarımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət idi.

O, erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlərin, eləcə də Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının hər zaman Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətləri sırasında olduğunu qeyd edib. Vurğulayıb ki, bu dəhşətli soyqırımının dünyada tanıdılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri var. Xocalı həqiqətlərinin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası xüsusi əhəmiyyət kəsb edir.

F.Yusibova qeyd edib ki, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası soyqırımı faktının xaricdə tanınması prosesinə böyük töhfə verib. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı haqqında məlumatlandırmaq, bu faciənin qurbanlarının xatirəsinin anılmasına və hadisələrin yaddaşlarda yaşamasına, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına nail olmaqdır.

Tədbir çərçivəsində, həmçinin Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan fotosərgi təşkil edilib.

 

 







Digər xəbərlər

0.29072690010071