Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Zirvə görüşündə irəli sürdüyü təşəbbüslər dünya üçün çox aktualdır”

23:46 03-03-2023 | icon 483
Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Zirvə görüşündə irəli sürdüyü təşəbbüslər dünya üçün çox aktualdır”

“Uzun illərdir Azərbaycan siyasi, iqtisadi və digər mövzularda beynəlxalq
tədbirlərin keçirildiyi mərkəz kimi tanınır. Son illərin tarixi də göstərir ki, ölkəmiz
onlarla beynəlxalq sammitə, qlobal layihələrin müzakirə olunduğu toplantılara
evsahibliyi edib. Artıq bu sahədə böyük təcrübə əldə edən ölkəmiz belə tədbirləri
ən yüksək səviyyədə böyük peşəkarlıqla təşkil edir. Bakı bu ərəfələr də xeyli
qonaqlı-qaralıdır. Paytaxtımızda Qoşulmama Hərəkatının COVID-19-a qarşı
mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü baş tutub. Görüşədə 70-ə yaxın
ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin prezidenti, 3 ölkənin Baş naziri,
müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin beynəlxalq
təşkilatların rəhbərləri qatılıblar. Tədbirə diqqətin bu qədər yüksək olması
müzakirə olunan mövzunun aktuallığı ilə yanaşı, Azərbaycanın dünyada artan
nüfuzu, həmçinin Hərəkata uğurla rəhbərlik etməsidir”.


Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.

“Azərbaycan 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik edir. Beynəlxalq
ictimaiyyət tərəfindən də etiraf olunduğu kimi, təşkilat hazırda Azərbaycanın
sədrliyi ilə böyük inkişaf yolu tutub, nüfuzu dünyada durmadan artır və qlobal
proseslərə təsir imkanları yüksəlir. Məlumdur ki, bütün dünyada tüğyan edən,
minlərlə insanın ölümünə səbəb olan, ağır sosial-iqtisadi fəsadlara yol açan
pandemiya dönəmində Hərəkatın sədri olaraq Azərbaycan öz işinə böyük
məsuliyyətlə və peşəkarcasına yanaşaraq real vəziyyətə operativ və adekvat
reaksiya verdi, qlobal səylərin səfərbər edilməsi istiqamətində irəli sürdüyü

təşəbbüslər yüksək səviyyədə dəstəkləndi. Bilavasitə dövlətimizin başçısı cənab
İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ildə Hərəkatın COVID-19-a qarşı mübarizə
mövzusunda onlayn sammiti keçirildi, BMT Baş Assambleyasının pandemiya ilə
mübarizəyə həsr edilən Xüsusi Sessiyası təşkil edildi. Həmçinin ölkəmizin təklifi
ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında
vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi. Bu qeyd
etdiklərim bir daha təsdiqləyir ki, Hərəkat dünyada böyük söz sahibinə
çevrilməkdədir. Bu da, təbii ki, ölkəmizin peşəkar rəhbərliyinin təzahürüdür”, -
S.Möhbalıyev ifadə edib.
AHİK sədri bildirib ki, Prezident İlham Əliyev Bakıda Qoşulmama
Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə
çıxışı zamanı bir sıra vacib məqamlara toxundu: “Beynəlxalq siyasətin dərin
bilicisi olan dövlətimizin başçısı diplomatik ustalıqla dünyanı narahat edən
məsələləri gündəmə gətirdi. Vacib məqamlardan biri formalaşmaqda olan yeni
dünya düzəni fonunda beynəlxalq hüququn norma və prinsiplərinin təsir
imkanlarının zəifləməsidir. Beynəlxalq qurumların qəbul etdiyi qərarlara laqeyd
münasibət, tətbiq olunan ikili standartlar dünyada sülhü və təhlükəsizliyi təhdid
edən faktorlardan biridir. Bu gün dünyada ağır böhrana səbəb olan müharibələr
mövcuddur, ərazi iddiaları daha da artıb. Bütün bu və digər bu kimi xoşagəlməz
halların aradan qaldırılması üçün mütləq beynəlxalq təşkilatlar fəaliyyətlərini
təkmilləşdirməli, dünya dövlətləri məsuliyyətlərini artırmalıdır”.
Milli Məclisin deputatı vurğulayıb ki, Prezident İlham Əliyev BMT ilə bağlı
çox mühüm olan fikirlərini səsləndirdi və bu, dünya üçün son dərəcə önəmli və
ədalətli təkliflərdir: “Həqiqətən də, indiki reallığın tələbinə uyğun olaraq, BMT
Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsinə çox ehtiyac var, bu, ədalətli
addım olardı. Biz görürük ki, BMT dünyada yaşanan gərginliyin azaldılması
istiqamətində elə də bir iş görə bilmir. Yeri gəlmişkən, xatırladım ki, keçmiş

Qarabağ münaqişəsi ilə bağlı Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi uzun ilər
kağız üzərində qaldı, bunun icrası üçün işğalçıya heç bir təziyiq göstərilmədi. Təbii
ki, yaşanan bu cür hallar dünyanın ən böyük təşkilatına olan etimadı aşağı salır.
Ona görə də bu kimi hallar qurumda köklü islahatları labüd edir”.
“Prezident İlham Əliyev Ermənistan işğalından azad olunan Şərqi Zəngəzur
və Qarabağdakı vəziyyət barədə də iştirakçılara məlumat verdi və bir daha
törədilən vandal aktlarını dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Təbii ki, bu da
üzv dövlətlərin bundan sonra da ədalətli yanaşma sərgiləməsi üçün vacibdir.
Dünya bilməlidir ki, Azərbaycan işğalın acı nəticələrini aradan qaldırmaq üçün
səylə çalışır, yeni şəhərlər, kəndlər salır. Hüquqları pozulmuş sakinlərin həmin
ərazilərə qayıtması üçün əlindən gələn hər şeyi edir. Özü də təkbaşına, heç bir
kənar yardım olmadan. Həm də dövlətimizin başçısının səsləndirdiyi kimi,
Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələrdəndir. Təkcə 2020-ci
ilin noyabrından indiyədək 282 şəxs mina qurbanı olub, onlardan 46 nəfəri
həyatını itirib, 236 nəfəri isə yaralanıb. Qoşulmama Hərəkatına üzv ölkələrin
bir çoxu da bu cür problemdən əziyyət çəkir. Buna görə də Prezident İlham
Əliyevin Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun
yaradılması ilə bağlı təklifi son dərəcə vacib amildir”, - Səttar Möhbalıyev əlavə
edib.


Digər xəbərlər

0.21246218681335