Azərbaycanın Qoşulmama Hərəkatına töhfəsi böyükdür

16:27 04-03-2023 | icon 564
Azərbaycanın Qoşulmama Hərəkatına töhfəsi böyükdür

          Prezident İlham Əliyevin cari ilin 2 mart tarixində Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışı bu gün Azərbaycanın  dünya birliyində yeri və rolunun aydın mənzərəsini yaradır. Bakıda keçirilməsi ölkəmizin dünyada sülh və tərəqqi işinə töhfələr verməsindən xəbər ve­rir. Qoşulmama Hərəkatının təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayandığından, mürəkkəb qlobal çətinliklər Hərəkatın aktuallıq və əhəmiyyətini daha da artırıb.

        Bu tədbir ölkəmiz və regionumuz üçün olduqca mühüm əhəmiyyət kəsb edən siyasi hadisədir. Qoşulmama Hərəkatında 120 üzv dövlətlə yanaşı, həm də Birləşmiş Millətlər Təşkilatı, Afrika İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı kimi dünyanın 10 beynəlxalq nüfuzlu təsisatının, əlavə olaraq müşahidəçi statusu ilə 17 dövlətin iştirak etməsi bu təşkilatın çox ciddi və qlobal əhəmiyyət daşıyan əməkdaşlıq platforması olduğundan xəbər verir. Üzvlərinin sayına görə Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın ən böyük beynəlxalq qurumudur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana həvalə edilməsi bizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür”.

      Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi ilə fəaliyyət göstərdiyi müddətdə dünyada nüfuzlu bir prosesə çevrilib. Bu, sübut edir ki, Azərbaycan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə də uğurla sədrlik edəcək. Hazırda dövlətimizin yürütdüyü xoşməramlı, məntiqli, uzaqgörən siyasət nəticəsində geostrateji nüfu­zumuz xeyli yüksəlmiş, Azərbaycanla hesabla­şan dövlətlərin sayı çoxalmışdır. Azərbaycanın 2019-2022-ci illərdə Hərəkata sədrlik etməsi, sədrliyin daha bir il artırılması dövlətimizin qlobal proseslərdəki rolunu və nüfuzunu daha da artırır, beynəlxalq müstəvidə mövqelərimizi möhkəmləndirir, ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verir və bundan sonra da verəcək.

       İndi dünya “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir. Düşünürük ki, Qoşulmama Hərəkatının Bakıda keçirilən tədbiri Azərbaycanın dünyada söz sahibi olduğunu bir daha göstərir və beynəlxalq aləmdə dövlətimizin artan nüfuzunun göstəricisidir.

Əliş Eyvazov,

Sosial Xidmətlər agentliyinin

Cəlilabad nümayəndəliyində mütəxəssis


Digər xəbərlər

0.20936894416809