Haqsızlığa və ədalətsizliyə qarşı birgə uğurlu mübarizə

16:31 04-03-2023 | icon 691
Haqsızlığa və ədalətsizliyə qarşı birgə uğurlu mübarizə

Prezident İlham Əliyev 2 mart 2023-cü il tarixində Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışında xarici siyasətin əsaslarına toxunub, onları izah edib. Prezident qeyd edib ki, Azərbaycan kifayət qədər mürəkkəb və strateji əhəmiyyətli regionda yerləşdiyinə görə xarici siyasət kursunu müəyyənləşdirərkən, bir tərəfdən, öz milli maraqlarını qorumaq, bölgənin aparıcı dövləti statusunu möhkəmlətmək, digər tərəfdən, bölgədə maraqları olan bütün dövlətlərlə, eləcə də qonşu dövlətlərlə bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini saxlamaq və genişləndirmək kriteriyalarından çıxış edir. Bu baxımdan Azərbaycan dövlətinin xarici siyasətinin əsasını balanslaşdırılmış siyasət, müstəqilliyimizin beynəlxalq dayaqlarını daha da möhkəmləndirməyə istiqamətlənmiş qlobal layihələrin həyata keçirilməsi, dunyanın güclu dövlətləri və aparıcı beynəlxalq təşkilatları ilə əlaqələrin daha da genişləndirilməsi təşkil edir.

       Tam əminliklə deyə bilərik ki, Azərbaycan bütün ölkələrlə qarşılıqlı anlaşma, hörmət və heç bir dövlətin daxili işlərinə qarışmadan və bütün dünyada qəbul edilmiş demokratik prinsiplərə əsaslanan müstəqil siyasət həyata keçirir. Həmin siyasətin təməlində, şübhəsiz ki, haqsızlığa və ədalətsizliyə qarşı mübarizə dayanır. Bu, çox açıq və prinsipial siyasətdir və məhz bu siyasət sayəsində 2020-ci il Azərbaycan üçün əlamətdar il olub – Hərəkatın gündəliyində duran vacib məsələlərdən biri uğurla həll edilib. 30 ilə yaxın idi ki, Ermənistan ərazimizin təqribən 20 faizini işğal altında saxlayırdı. Bu təcavüzə cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb və işğal altındakı ərazilərin böyük hissəsini azad edib. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində icra olunub. Lakin Azərbaycana gəldikdə isə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmamışdır. 2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi.

      Prezident İlham Əliyev dünya siyasətinin və gündəminin müəyyənləşdirilməsində mühüm rol oynayan beynəlxalq platformalardan istifadə edərək Azərbaycan həqiqətlərini dünyaya çatdırır, ölkəmizin haqlı mövqeyini müdafiə edən dövlətlərin sıralarının genişlənməsinə, Azərbaycanın qlobal məsələlərin müzakirə olunduğu beynəlxalq əməkdaşlıq məkanına çevrilməsinə nail olur, dövlətimizi addım-adım strateji hədəflərə yaxınlaşdırır.   Şübhəsiz, əldə olunan bütün müsbət nəticələrin əsasında Azərbaycan Prezidentinin hələ 2011-ci ildə ölkəmizin Qoşulmama Hərəkatına üzvlüyü ilə bağlı qəbul etdiyi strateji qərar dayanır.

 

 

Ədalət Əsgərov,

Cəlilabad rayon Ağsaqqallar Şurasının sədri


Digər xəbərlər

0.23325800895691