Qoşulmama Hərəkatına sədrlik

09:08 06-03-2023 | icon 704
Qoşulmama Hərəkatına sədrlik

Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi bu təşkilatın fəaliyyətinin və
tarixinin çox mürəkkəb dövründə başlanıb. O vaxt Qoşulmama Hərəkatının
fəallığı get-gedə zəifləyir, nəticədə bu Hərəkat mövcud beynəlxalq təhlükəsizlik
sisteminə və bütövlükdə beynəlxalq münasibətlər sisteminə o qədər də uyğun
gəlmirdi. Hərəkat dünyada baş verən bir çox proseslərdən sanki kənarda
qalmışdı. Ola bilsin, bu fakt həm də bir sıra obyektiv səbəblərlə bağlı idi, çünki
vaxtilə Qoşulmama Hərəkatı ikiqütblü dünyada əsas qüvvə mərkəzlərini
tarazlayan bir amil kimi düşünülmüşdü: bir tərəfdə sosializm düşərgəsi, digər
tərəfdə kapitalizm düşərgəsi dayanmışdı, Qoşulmama Hərəkatı isə həmin
düşərgələrin heç birini dəstəkləməyən, blokların qarşıdurmasında iştirak
etməyən ölkələrdən ibarət idi. Sonrakı dövrdə dünyamız mahiyyət etibarilə
birqütblü olanda Qoşulmama Hərəkatının funksional vasitələri fəaliyyət
qabiliyyətini itirdi, sadəcə onlara ehtiyac qalmadı.
Agentliyin müsahibinin sözlərinə görə, Hərəkat 2019-cu ilə qədəm qoyanda
faktiki olaraq öz potensialını tükətmişdi. Azərbaycan sədrliyə başlayanda
Qoşulmama Hərəkatının inkişafına yeni dinamika vermək məqsədini qarşıya
qoymuşdu. Lakin obyektiv səbəblər üzündən bütün dünya, o cümlədən
Qoşulmama Hərəkatı da yeni çağırışlarla üzləşdi. Sonrakı ildə baş verən
pandemiya bütün bəşəriyyət üçün təhdid oldu, Hərəkatın bəzi iştirakçıları üçün
fəlakətli nəticələr törətdi. Bu dövlətlərin çoxu belə genişmiqyaslı fəlakətlərin
öhdəsindən gəlmək üçün ciddi maddi bazaya malik deyildi. Azərbaycan bu
Hərəkatın sədri kimi öz üzərinə çox böyük məsuliyyət götürərək COVID-19-a
qarşı mübarizə üzrə Qlobal Plan işlənib hazırlanması təşəbbüsü ilə çıxış etdi,
bununla əlaqədar bütün gündəliyi hazırladı və onu BMT-nin Baş katibi,
həmçinin Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi ilə razılaşdırdı. Onlar bu
planı dəstəklədiklərini bildirdilər. Sonra yenə Azərbaycanın təşəbbüsü ilə BMT
Baş Assambleyasının bu məsələyə həsr edilmiş fövqəladə sessiyası keçirildi.
Vəziyyətin çox mürəkkəb olmasına baxmayaraq, Azərbaycan Qoşulmama
Hərəkatının sammitini onlayn formatda keçirməyə nail oldu. Sammitin bu
formatda keçirilməsi Qoşulmama Hərəkatının tarixində ilk belə hadisə, dünya
praktikasında ilk belə tədbirlərdən biri idi.
Azərbaycan özü də ölkələrin postpandemiya vəziyyətindən çıxması üçün
praktiki səy göstərib, inkişaf etməkdə olan, yardıma ən çox ehtiyac duyan
ölkələrə kömək kimi çox böyük məbləğdə vəsait sərf edilib. Ölkəmiz həm də
vaksin millətçiliyinə qarşı çıxış edib, zəif inkişaf etmiş dövlətlərin
iqtisadiyyatının bərpasına kömək məqsədilə genişmiqyaslı planın həyata

keçirilməsini dəstəkləyib. Bu, əlbəttə, Qoşulmama Hərəkatının fəallaşmasına
çox mühüm töhfə oldu.
Sonrakı illərdə Azərbaycan bu Hərəkatın qurucu qüvvəsini üzv dövlətlərin
davamlı inkişafının təmin edilməsi ilə bağlı ən mühüm məsələlərin həllinə,
yoxsulluğun azaldılmasına yönəldib, Qoşulmama Hərəkatının fəaliyyətinə
dinamika vermək, institusional islahatları reallaşdırmaq üçün çox işlər görülüb,
təşkilatın gənclər və parlament şəbəkələri yaradılıb. Bütün bu təşəbbüslər
Qoşulmama Hərəkatının inkişafına təkan verib, onu amorf birlikdən dəqiq
planlar əsasında fəaliyyət göstərən quruma çevirib.
Ümidvarıq ki. Azərbaycanın sədrliyi Qoşulmama Hərəkatı çərçivəsində
çoxsaylı pozitiv proseslərə təkan verib. Bu proseslər Hərəkatın beynəlxalq
arenada rolunu və nüfuzunu əhəmiyyətli dərəcədə artıracaq.
Azərbaycan bir daha uca səslə bəyan etdi ki, bu dövlət özünün ideya və
məqsədlərini ifadə etməklə yanaşı, beynəlxalq gündəlikdə duran əsas
məsələlərin həlli üçün beynəlxalq birliyin üzvlərini səfərbər etməyi bacarır.
Qoşulmama Hərəkatına sədrlik Azərbaycanın diplomatik potensialını artırdı,
Azərbaycanla bizim regiondan uzaqda yerləşən dövlətlər arasında
münasibətlərin inkişafına stimul verdi, Afrika, Asiya və Latın Amerikasında
inkişaf etməkdə olan ölkələrin çoxunun Azərbaycana hörməti artdı. Digər
tərəfdən, yadımızdadır ki, 44 günlük müharibə dövründə Azərbaycana çox
böyük təzyiq göstərilirdi, çalışırdılar ki, Azərbaycan öz məqsədinə nail olmadan
hərbi əməliyyatları dayandırsın. Lakin həmin dövrdə BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatı üzvlərinin dəstəyi
Təhlükəsizlik Şurası çərçivəsində anti-Azərbaycan qətnamənin qəbul
edilməsinin qarşısını almağa imkan verdi. Beləliklə, Azərbaycan özünün
ədalətli tələblərini əsaslandıra bildi.
Bu Hərəkatın əvvəlki kimi olmayacağını əminliklə söyləmək olar.
Azərbaycanın sədrliyi bu təşkilatın tarixində əlamətdar hadisə olub. Gözləmək
olar ki, bu illər ərzində cilalanmış formatlar inkişaf edəcək. Azərbaycan
Qoşulmama Hərəkatının iştirakçıları üçün BMT Təhlükəsizlik Şurasının daimi
üzvləri kimi yerin təmin edilməsi ilə bağlı məsələləri də qaldırıb. Bu qurumun
ehtimal edilən islahatları çərçivəsində yəqin ki, bu proses sürətlənəcək, çünki
Qoşulmama Hərəkatının onlarca üzvü bu təşəbbüsü dəstəkləyib. Azərbaycan
həm də Qoşulmama Hərəkatının tam dəyərli beynəlxalq təşkilata çevrilməsi
təşəbbüsünü irəli sürüb. Ümid edə bilərik ki, bu Hərəkat yaxın vaxtlarda
Qoşulmama Təşkilatına çevriləcək və beynəlxalq arenada bütün iştirakçıların
mənafeyini təmsil edən vahid qurum kimi çıxış edəcək. Digər tərəfdən, qeyd
etməliyik ki, indiki vəziyyətdə, qlobal qütbləşmə şəraitində yeni soyuq
müharibə başlana bilməsi, dünyanın yenidən bir neçə bloka bölünməsi ehtimalı

hiss olunanda Qoşulmama Hərəkatı xüsusi aktuallıq kəsb edir və çoxqütblü
dünyada yeni bir qütb kimi çıxış edir. Onun məqsədi planetin ayrı-ayrı aparıcı
dövlətlərinin geosiyasi və ya hərbi-siyasi ambisiyalarını reallaşdırmaq deyil,
bütün üzvlərin və onların hər birinin maraqlarını təmin etməkdir. Bu halda
beynəlxalq hüququn aliliyi və təşkilatın təməl prinsipləri də təmin olunacaq.

Yaqut Mehdiyeva
Saatlı rayonu Azadkənd kənd tam orta məktəbin Tarix müəllimi


Digər xəbərlər

0.22624588012695