Altıncı çağırış Milli Məclis çoxpartiyalıdır

17:56 09-03-2023 | icon 531
Altıncı çağırış Milli Məclis çoxpartiyalıdır

        2020-ci il fevralın 9-da keçirilən seçkilərlə xalqın iradəsini əks etdirən yeni parlament heyəti formalaşdırıldı. Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etmək idi. Parlamentin yenilənən tərkibi onu göstərir ki, Milli Məclisdə köklü islahatların aparılmasına zərurət var idi.

     Keçirilmiş parlament seçkilərində iştirak etmək üçün hər bir ölkə vətəndaşına və bütün siyasi qüvvələrin iştirakına yaradılan şərait seçkilərin demokratik, şəffaf, azad və ədalətli keçəcəyindən xəbər verirdi. Yerli və xarici müşahidəçilərin, o cümlədən dünyanın aparıcı kütləvi informasiya vasitələri əməkdaşlarının çoxluğunun da seçkilərə  marağı  beynəlxalq aləmdə diqqət mərkəzində idi. Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar obyektiv bəyanat vermişdir. “Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır” - Aİ tərəfindən verilmiş bu qiymət, seçkilərin tanınması deməkdir.

       Mövqeyindən asılı olmayaraq, siyasi partiyaların nümayəndələrinin seçkilərə qatılmasına problem yaradılmaması da dövlət başçısının siyasi iradəsinin nəticəsi idi. Bütün bunların sonu kimi, altıncı çağırış Milli Məclis çoxpartiyalı məclis kimi formalaşdı. Milli Məclisin  və komitələrin rəhbərliyində müxtəlif siyasi partiyaların nümayəndələrinin təmsil  olunmaları siyasi sistemin möhkəmləndirilməsi, münasibətlərin, habelə əməkdaşlığın  sağlam zəmində inkişaf etdirilməsinə öz müsbət təsirini göstərdi. 

      2020-ci il martın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə altıncı çağırış Milli Məclisin ilk iclası keçirildi. Ölkədə aparılan inqilabi islahatlar parlamentin həmin iclasında özünü açıq şəkildə büruzə verdi. Milli Məclisin və komitələrin rəhbərliyi yeniləndi. İlk dəfə olaraq, parlamentin rəhbərliyində müxalifət partiyasının nümayəndəsi təmsil olundu. Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşdı. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu oldu. Dövlət başçısının parlamentdəki çıxışında qaldırdığı məsələlər sırasında, xüsusilə, çoxpartiyalılığın Azərbaycanın siyasi sisteminin inkişafında yeri və rolu ilə bağlı məqamı vurğulayaraq qeyd etmişdir:

     Son illər ölkəmizdə demokratiyanın inkişafı istiqamətində atılan ən əhəmiyyətli addımlardan biri məhz çoxpartiyalı parlamentin formalaşması olub. Etiraf olunmalıdır ki, ötən illərdə Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində müxalifət partiyalarının nümayəndələrinin təmsil olunmaları kimi bir hal baş verməmişdi. Bu mütərəqqi addım da məhz ökə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə atılmışdır və dövlət başçımızın həyata keçirdiyi uğurlu siyasi islahatların bir hissəsidir.

 

Səyyad Hüseynov,

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının

İnsan Resursları şöbəsinin müdiri


Digər xəbərlər

0.28672385215759