Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir

10:18 10-03-2023 | icon 784
Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir

Yaşadığı tarixi dövrdən, onun sosial-iqtisadi vəziyyətindən, coğrafi
məkandan, irqindən, dilindən, dinindən asılı olmayaraq qadın bəşəriyyətin
inkişafının bütün mərhələlərində özünəməxsus aparıcı qüvvə olmuşdur.
Cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət
quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmişlər. Böyük
mədəni irsə malik olan Azərbaycan qadını da çətin, keşməkeşli inkişaf olu
keçmişdir. Qadınlarımız bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə
milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna
xidmətlər göstərmişlər. Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı,
parlaq səhifəsi məhz məğrur qadınlarımızın adı ilə bağlı olmuşdur. Azərbaycan
qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi
şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş
etmişdir. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən
torpağının təcəssümüdür. Tarix boyu Azərbaycanda qadına– anaya daim böyük
ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi
sayılmışdır. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar
qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə
yazılmışdır.
        Hələ ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda
misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-
siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli
məsələlərin həllinə sanballı töhfələr verir. Elm, təhsil, mədəniyyət, səhiyyə və
digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük
potensiala malik olduğunu təsdiq etmişdir.
        Ölkəmizdə dövlət-qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər
Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının
bütün sahələrində qadınlara xüsusi yer ayıraraq, onların hərtərəfli fəaliyyətinə
geniş meydan vermiş, lider qadınlar yetişdirmişdi..

Ümummilli lider Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə
bağlı demişdir: “Bu bayram, doğrudan da bizim bütün bayramlarımız içərisində
ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində
qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan
yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri
bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar
anadırlar”.      
         Bu gün dövlət qadın siyasətinin  cənab Prezident İlham Əliyev tərəfindən
qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri
və nüfuzu daha da artmışdır. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə
ölkədə Birinci vitse-prezidentlik institutunun yaradılması və Mehriban xanım
Əliyevanın bu vəzifəyə təyin olunması ölkənin müasir tarixinin mühüm
hadisəsidir. Uğurlu və məqsədyönlü fəaliyyətinə hələ Heydər Əliyev
Fondunun Prezidenti olarkən başlayan Mehriban xanım Əliyevanın, Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın hərtərəfli parlaq
fəaliyyətləri, xeyirxahlıq missiyaları, mədəniyyətimizin bütün dünyada təbliği
sahəsində gördükləri işlər əsl örnək, Azərbaycan qadının nə qədər fəal
olduğunun sübutudur.
Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə
rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycanda ailə
dəyərlərinin qorunması və təbliği, qadın və uşaq hüquqlarının müdafiəsi, gender
bərabərliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətləri kimi
müəyyən edilmişdir. Ölkəmizdə qadın məsələlərinin dövlət səviyyəsinə
qaldırılması məqsədilə yaradılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi uğurla fəaliyyət göstərir. Qadınlarımız ölkənin bütün ali orqanlarında
əzmlə, məsuliyyətlə çalışırlar. Azərbaycan qadınları mühüm dövlət
qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi,
sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının
inkişafına böyük töhfələr verirlər.
     Bu gün həm də torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş
qadınlarımızın, bütün şəhid anaları və xanımlarının, döyüşlərdə sağlamlığını
itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli
övladlar böyüdən əsgər analarının, uzun müddət ürəyi Vətən həsrəti ilə
döyünən, məcburi köçkün düşmüş qadınlarımızın  bayramıdır. Artıq onlar
beynəlxalq qadınlar bayramını daha qürurlu qeyd edirlər. Çünki qəhrəman
analarımızın sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 44 günlük
Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək, Azərbaycanın ərazi

bütövlüyünü təmin etdilər. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər
borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara
borcluyuq . Qürurlu Şəhid analarını unutmaq olmaz. Onlar ən böyük acını
yaşayıb ən güclü varlıqlar oldular. 44 gün və ondan sonrakı dövrdə hər kəsə
örnək olmağa davam etdilər. Budur Azərbaycan qadınının təsviri: güclü,
yenilməz, qayğıkeş!

Cəlal Ağayev
Saatlı rayonu Şəhər 1 saylı ümumi orta məktəbin direktoru


Digər xəbərlər

0.22975587844849