44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi

11:58 27-03-2023 | icon 911
44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi

İkinci Qarabağ müharibəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş
torpaqlarını azad edən Azərbaycan Respublikasının qələbəsi ilə başa çatmışdır. Bu 44
günlük müharibə təkcə bölgənin hərbi-siyasi həyatı üçün deyil, həm də beynəlxalq
təhlükəsizliyin təmini üçün müsbət nəticələnmişdir. 44 günlük Vətən müharibəsində
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə şanlı ordumuzun torpaqlarımızı işğaldan azad etməsi xalqımızın
qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. "Dəmir yumruq" əməliyyatı nəticəsində 28
ildən sonra şəhidlərimizin qanı bahasına, ordumuzun böyük şücaəti sayəsində yenidən
doğma yurdumuza qovuşmaq bizə nəsib oldu. 44 gün ərzində apardığımız bu haqq savaşı
dost və qardaş ölkələri bizə bir daha tanıtmaqla yanaşı, həm də özünü dost kimi qələmə
verib, məkrli siyasət aparan dövlətlərin əsl simasını da üzə çıxardı. Hər zaman
Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Türkiyə bu dəfə də dövlətimizin çətin
günündə öz mənəvi dəstəyini və köməyini əsirgəmədi.
İki qardaş dövlət arasında olan münasibətlərin fəlsəfi ideoloji xəttini ulu öndər Heydər
Əliyev qoyub. Burada əsas dövlətlər arasındakı bağlayıcı tezis "Bir millət, iki dövlət"
ifadəsidir. Dost və qardaş olan bu iki dövlət arasındakı səmimi münasibətlər uğurlu
siyasətin məntiqi nəticəsi olaraq daha da yüksək səviyyəyə çatıb. Azərbaycan və Türkiyə
arasında əlaqələrin yüksək səviyyədə inkişafı həm də regionda sabitliyin, tərəqqinin
olmasına mühüm töhfələr verir. Azərbaycan xalqı və dövləti olaraq, Türkiyənin dəstəyini
hər zaman hiss etmişik. İstənilən taleyüklü tarixi məqamlarda türk xalqının və dövlətinin
qüdrətli əlini çiynimizdə görmüşük.Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə
İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana
göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Müharibə zamanı və tarixi
Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir.
Müharibənin başladığı ilk günlərdən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi
açıqlamalar onu göstərdi ki, Azərbaycan bu haqq savaşında tək deyil, onun Türkiyə kimi
böyük qardaşı, arxa-dayağı və etibarlı tərəfdaşı var. Böyük kürsülərdən dəfələrlə
səsləndirilən bu açıqlamalar eyni zamanda, Ermənistanın havadarlarına, onu müdafiə edən
qüvvələrə və ölkəmizə qarşı ədalətsiz mövqedə duran qruplara bir mesaj oldu. O,
Azərbaycanın apardığı haqlı mübarizəsində dünya ölkələrinə kənarda durmalarını, bu
məsələyə müdaxilə etməməyi bəyan etdi.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın
Azərbaycanın Vətən müharibəsində qələbəsinə həsr olunmuş Zəfər paradında çıxışını
bütün türk dünyası üçün qürur kimi dəyərləndirmək olar. Prezident çıxışında
Azərbaycanın yanında olduğunu bir daha bütün dünyaya göstərdi. Türkiyə mediası bu
tarixi çıxışı geniş işıqlandırdı. Rəcəb Tayyib Ərdoğan çıxışında bunları dedi: "Rəbbimə
bizlərə bu günləri yaşatdığı üçün sonsuz şükür edirəm. Bu gün  burada bütün qəlbimlə bir
daha təkrarlamaq istəyirəm. Qarabağ Azərbaycandır! Qarabağ artıq ana vətəni ilə
qucaqlaşmış, otuz illik həsrət sona çatmışdır. Bundan sonra Türkiyə və Azərbaycan olaraq
hədəfimiz bu torpaqları firavan, inkişaf etmiş, övladlarımız üçün yaşana bilən bir yerə
çevirmək uğrunda mübarizə aparmaqdır. Türkiyə  və Azərbaycan kürək-kürəyə verdikcə
Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam
edəcəkdir".
Türkiyə kimi regionda və dünyada güclü bir dövlətin Azərbaycanın mövqeyini
dəstəkləməsi Vətən müharibəsində bizə çox böyük siyasi və mənəvi dəstək oldu,

gücümüzə güc qatdı.  Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir. Bu iki qardaş
dövlət məsuliyyətli tarixi məqamlarda bir yumruq kimi birləşərək bu birliyin sarsılmaz
olduğunu bütün dünyaya nümayiş etdirə bilir. Bu, tarixən də belə olub, illər keçsə də belə
olacaq. Türkiyənin regionda gücü postmüharibə dövründə bölgəmizdə çox önəmli və
müsbət rol oynayır.

Həqiqət Həziyeva
Saatlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor v.m.i.e.


Digər xəbərlər

0.78091597557068