Azərbaycan xalqı haqlı olaraq qürur hissi ilə yaşayır

12:07 28-03-2023 | icon 596
Azərbaycan xalqı haqlı olaraq qürur hissi ilə yaşayır

8 Noyabr 2020-ci il gününün hər anı əsrlər sonra da milli yadaşımızda
xatırlanacaq, qürur dolu tarix kimi nəsillərdən-nəsillərə ötürüləcək. Bəli, Prezident cənab
İlham Əliyevin qətiyyətli siyasəti ilə Ulu Öndər Heydər Əliyevin vəsiyyəti reallaşdı. Ali
Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu
doğma torpaqlarımızı işğaldan azad etdi və bu gün xalqımız həmin ərazilərdə Novruz
bayramını ürək açıqlığı və könül xoşluğu ilə qeyd edir.
Əzəli-əbədi torpaqlarımızda 30 ildən sonra Novruz sevinci yaşandı, bayram
tonqalları qalandı. Onu da qeyd edək ki, Novruz bayramının işğaldan azad edilən
torpaqlarda qeyd edilməsi müstəqil Azərbaycan dövlətinin tarixinin ən qürurlu səhifələri
sırasına daxil oldu. 
18 mart 2023-cü ildə Prezident cənab İlham Əliyevin Novruz bayramı
münasibətilə Azərbaycan xalqını təbrik edərkən mühüm əhəmiyyətli mövzulara toxundu.
Cənab prezident qeyd etdi ki, “Üçüncü dəfədir ki, Azərbaycan xalqı Novruz bayramını
artıq doğma Qarabağda qeyd edir. Bu, böyük xoşbəxtlikdir”. Dövlət başçımızın
vurğuladığı kimi bütün bu xoşbəxtlikləri bizə bəxş edən şəhidlərimizdir. Azərbaycanın
mərd, igid oğulları əcdadlarımızdan irsən keçən döyüş ruhunu, vətən eşqini, qalib olmaq
əzmini bir daha nümayiş etdirdilər. Azərbaycan əsgərinin qanı və canı bahasına əzəli və
əbədi torpaqlarımız işğaldan azad edildi. Haqq savaşında tarixi ədaləti bərpa edən,
xalqımıza böyük Qələbə sevinci yaşadan Müzəffər Ali Baş Komandana, şəhidlərimizə,
qazilərimizə, Azərbaycan Ordusunun əsgərlərinə, zabitlərinə, hərbçilərimizə ömür boyu
borclu və minnətdarıq.
Xüsusilə qeyd etmək lazımdır ki, 44 günlük Vətən Müharibəsində xalqımız 30 il
davam edən işğala son qoymaq üçün ölkə Prezidentinin ətrafında sıx birləşdi, gücünü,
iradəsini ortaya qoyaraq ədaləti və beynəlxalq hüququ bərpa etdi. Tarixi ədaləti bərpa
edən Ali Baş Komandan cənab İlham Əliyev qurucu lider, müzəffər sərkərdə və
xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə
həkk etdi.
Bu gün azad edilmiş torpaqlarımızda həyatın qaynadığını, quruculuq-bərpa
işlərinin davam etdiyini görürük. Məlumdur ki, erməni qəsbkarları tərəfindən otuz ilə
yaxın  bir  müddətərzində  işğal  olunmuş  ərazilərimizin  maddi və mədəni
sərvətləri talan edilib, dağıdılıb. Bu gün doğma Qarabağda yaşayış məskənlərimizi bir-
birinə qovuşduran yeni yollar çəkilir, aeroportlar tikilir, “ağıllı kənd” və “ağıllı şəhər”
layihələri reallaşdırılır. İşğaldan azad edilmiş bölgələrimizdə elektrik yarımstansiyaları
quraşdırılır, hər yer yenidən nura, işığa bürünür. Dövlət başçımız da çıxışlarında
dəfələrlə qeyd etmişdir ki, biz doğma Qarabağımızı tezliklə cənnətə çevirəcəyik. 
Görülən işlər, həyata keçirilən tədbirlər bunu deməyə əsas verir. Bir sözlə işğaldan azad
edilən ərazilərin bərpası və yenidən həyata qaytarılması Azərbaycan dövlətinin
qarşısında duran əsas vəzifələrdən biridir. İnanarıq ki, bütün bu nəhəng miqyaslı işlərin
həyata keçirilməsi Qarabağa əbədi xoşbəxtlik gətirəcək. Biz də bu yurdun sakinləri kimi
doğma elimizə sevinclə gedəcəyik.
Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müstəqil
Azərbaycan dövləti tarixinin ən böyük yüksəliş dövrünü yaşayır. Aparılan məqsədyönlü
daxili və xarici siyasət hesabına əldə edilmiş sosial-iqtisadi, mədəni nailiyyətlər
xalqımızın bayram sevincini daha da artırır, bizləri gələcəyə ruhlandırır. 
  Əminliklə deyə bilərik ki, milli-mənəvi dəyərlərimizi təcəssüm etdirən Novruz
bayramını gələn il də böyük ruh yüksəkliyi ilə qeyd edəcəyik.
Əliyeva Afət Rəfi qızı
Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı


Digər xəbərlər

0.27531003952026