Səttar Möhbalıyev: “Laçın rayonunun yeni inkişaf dövrü başlayır”

16:59 29-03-2023 | icon 852
Səttar Möhbalıyev: “Laçın rayonunun yeni inkişaf dövrü başlayır”

“Hazırda işğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Laçın
rayonunda abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Rayon ərazisində
yeni yollar salınır, infrastruktur qurulur, kəndlər, qəsəbələr bərpa edilir. Planlı
və sistemli şəkildə görülən bütün işlər bilavasitə dövlətmizin başçısı cənab
İlham Əliyevin nəzarəti altındadır. Rayona səfəri zamanı Prezidentimiz
təməlqoyma və açılış mərasimlərində iştirak edir, aparılan işlərlə yerindəcə tanış
olur, qiymətli tapşırıq və tövsiyələrini verir. Görülən işlərin keyfiyyəti və sürəti
bir daha göstərir ki, Laçın sakinlərini öz ata-baba yurdlarında xoş və firavan
həyat gözləyir. Laçın ərazisində tikilməkdə olan beynəlxalq hava limanı
xüsusilə böyük əhəmiyyət daşıyır. Belə ki, bu həm rayonun, həm də bölgənin
sosial-iqtisadi inkişafına kömək edəcək, turizm imkanlarını artıracaq, logistik
mərkəzlərin yaradılmasına gətirib çıxaracaq. Nəticə etibarilə daha çox iş
yerlərinin açılmasına, sakinlərin məşğulluğunun təmin edilməsinə təkan
verəcək”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli
Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Prezident İlham Əliyev Laçın rayonuna təyin etdiyi xüsusi
nümayəndəsini qəbul edərkən bir sıra vacib və konkret tapşırıqlar verdi.
Dövlətimizin başçısı görülən işlərin yüksək keyfiyyətinin, ətraf mühitin
qorunmasının, qayda-qanuna əməl edilməsinin vacibliyinə diqqət çəkdi.
Prezident həmçinin laçınlılara xoş müjdə də verdi. Belə ki, minlərlə insan bu
ilin sonuna qədər Laçın şəhərində yaşayacaq. Bu, onu göstərir ki, laçınlıların öz
yurdlarında xoşbəxt həyatı o qədər də uzaqda deyil. Məlumdur ki, Böyük
Qayıdış proqramı uğurla icra edilir. Tərtər rayonunun Talış kəndinə də ilkin
mərhələdə 20 məcburi köçkün ailəsi köçürülüb. Təbii ki, həmin mənzərəni hər birimiz böyük qürurla seyr etdik, Talış sakinlərinin üzündəki xoşbəxt təbəssüm
bizi xeyli fərəhləndirdi. Sakinlər fərdi evlərə köçürüldülər, onlar doğma
kəndlərində hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar”, - AHİK sədri bildirib.

Onun sözlərinə görə, həyata keçirilən yenidənqurma və bərpa işlərini
Azərbaycan özü təkbaşına yerinə yetirir: “Heç bir maliyyə yardımı almadan,
daxili imkanları hesabına, öz gücü ilə hər şeyi edir. İşğal dövründə Ermənistan
Laçın rayonunda böyük dağıntılar törədib, meşələri məhv edib, hətta qanunsuz
məskunlaşma da həyata keçirmişdir. Bu cür əməllər bütün beynəlxalq
konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya
ictimaiyyətinin gözü qarşısında baş vermişdir. Amma, təəssüflər olsun ki, bir
dəfə də səslərini çıxarmadılar, bütün haqsızlıqlara göz yumdular. Bu gün
Azərbaycan əleyhinə qətnamələr qəbul edən Avropa Parlamenti həmin vaxt
tamamilə susurdu, işğalçını öz adı ilə çağırmırdı. İndi isə ermənipərəst
qüvvələrin təsiri altında mənasız və ədalətsiz qətnamələr qəbul edir. Bəlkə də,
düşünürlər bununla nəyəsə nail ola biləcəklər. Əsla. Dövlətimizin başçısı cənab
İlham Əliyevin dediyi kimi, heç kəs bizim iradəmizə təsir edə bilməz. Zaman da
bunu göstərir ki, ədaləti bərpa edən Azərbaycan öz yolu ilə gedir, bölgədə sülh
və təhlükəsizliyə əsaslanan siyasətini uğurla davam etdirir”.


Digər xəbərlər

0.30533289909363