Yalançılığa və riyakarlığa meydan yoxdur

20:49 29-03-2023 | icon 682
Yalançılığa və riyakarlığa meydan yoxdur

       Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub. Bu cür əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir.

      Qələbəmizdən  ötən müddət ərzində bütün dünya bir daha hər şeyi gördü. Eyni zamanda, anti-Azərbaycan qüvvələr bizim əyilməz iradəmizi gördü. Prezident İlham Əliyevin cari ilin 28 mart tarixində Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədovu qəbul olunması ilə əlaqədar qəbul edərkən dərin məzmunlu çıxışında demişdir: “Uzun illər aparılmış danışıqlar əsnasında hər zaman vasitəçilər Laçın rayonuna hansısa xüsusi bir yanaşma sərgiləyirdilər və Ermənistan bütövlükdə Laçın rayonunun Azərbaycana qaytarılmasını qəbuledilməz sayırdı. Halbuki onlar digər rayonlardan da çıxmaq fikrində deyildilər. İndi - müharibədən iki il yarım keçəndən sonra bu, hər kəsə daha aydın oldu. Fransanın Azərbaycana bu ədalətsiz və mənfi münasibəti təsadüfi deyil. Sadəcə olaraq, işğal dövründə bunu müəyyən dərəcədə pərdələmək istəyirdilər, sadəcə olaraq, bizi çaşdırmaq istəyirdilər.

       Amma baxın, müharibədən – İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində bizə qarşı hansı çirkin əməllər törədilir, hansı əsassız ittihamlar irəli sürülür. Yəni, bütün bunlar göz qabağındadır, o cümlədən Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bir sıra qətnamə yenə də ermənipərəst, rüşvətxor və anti-Azərbaycan qruplaşmanın məhsuludur və burada aparıcı rolu Fransa deputatları oynayır. İşğal dövründə də biz bunu təbii ki, hiss edirdik, amma bu dərəcədə yox. Təsəvvür edə bilməzdik ki, ölkələr bu dərəcədə riyakar, yalançı ola bilərlər. Adamın üzünə baxıb bir söz deyə, arxada başqa iş görə bilərlər”.

        Amma neyləyəsən ki, dünyada hər cür məxluq var, fərqli qütblər, yetənə yetib yetməyənə daş atanlar var. Bunlara baxmayaraq Azərbaycan dövləti bundan sonra qalib dövlət kimi inkişaf edəcək, xalqımız müzəffər xalq kimi yaşayacaq, qürur hissi ilə yaşayacaq. Doğma torpaqlarda yaşayıb rahat ömür sürmək bizim haqqımızdır. Buna görə cənab Prezidentə minnətdarlığımızı bildirir və onunla fəxr edirik.

Elnur Atakişiyev,

Masallı Regional Mədəniyyət İdarəsinin

 Cəlilabad nümayəndəliyi


Digər xəbərlər

0.28246998786926