Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir

14:10 30-03-2023 | icon 1304
Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir

Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri hələ eramızdan əvvəl I-II
minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə
müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndir. Səthi dağlıqdır və şimal hissəsi
Qarabağ silsiləsinin cənub-qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub-şərq yamacında,
cənub-qərbi Qarabağ yaylasındadır. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır. Çayları Həkəri və
onun qollarıdır. Bitki örtüyü kollu və seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı dağ
meşələrindən subalp və alp çəmənliklərindən ibarətdir. Laçında dünyanın nadir 300-400 illik
qırmızı palıd ağacları var. Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir. Rayonun çox
böyük potensialı var.
Laçın rayonunda 73 tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Onlardan 3-ü ölkə
əhəmiyyətli memarlıq, 8-i ölkə əhəmiyyətli arxeoloji, 47-si yerli əhəmiyyətli memarlıq, 3-ü yerli
əhəmiyyətli bağ-park, monumental və xatirə abidəsi, 3-ü yerli əhəmiyyətli arxeoloji, 9-u
dekorativ-tətbiqi sənət nümunələri abidələridir.
Rayon ərazisində yerləşən Ağoğlan məbədi, Məlikəjdər türbəsi, Sarı Aşığın xatirə muzeyi,
Həmzə Soltan sarayı və Dəmirovlu Pir məbədi Azərbaycan Respublikası ərazisində mövcud olan
daşınmaz tarix-mədəniyyət abidələri içərisində xüsusi önəmə malikdir.
Laçın rayonunun Cicimli kəndi yaxınlığında geniş məzarlıq içərisində iki türbə yanaşı ucalır.
Onlardan tarixən qədim olan, pir kimi ziyarət edilən, yerli əhalinin Məlik Əjdər türbəsi kimi
tanıdığı türbədir. Alimlər abidəni XIII-XIV əsrə aid edirlər. Türbənin üzərində verilən naxışlar
və işlənmiş heyvan obrazlarının Xaçındərbətli kəndində olan türbənin naxışları ilə oxşarlığı da
belə nəticəyə gəlməyə imkan verir.
XVII əsrdə yaşamış bayatı ustadı Sarı Aşığın xatirə muzeyi1989-cu ildə rayonun Güləbird
kəndində istifadəyə verilib. Arxeoloqlar 1927-ci ildə Sarı Aşığın məzarının yerləşdiyi Güləbird
qəbristanlığında və türbədə araşdırmalar aparmış, belə qənaətə gəlmişlər ki, türbə XVII əsrə
aiddir.
Həmzə Soltan sarayı Laçın rayonunun Hüsülü kəndində yerləşir. XVIII əsrdə tikilməsi ehtimal
edilən sarayın tikintisində şərq memarlıq ənənələrindən geniş istifadə edilib. Saray əvvəl böyük
bir kompleks təşkil etsə də, dövrümüzə ondan yalnız bir saray binası qalıb.
Yüksək bədii və tarixi səciyyə daşıyan eksponatlarla zəngin olan Laçın Tarix-Diyarşünaslıq
Muzeyi 1979-cu ildə fəaliyyətə başlayıb. Muzeyin fondu 10 mindən çox eksponat təşkil edib.
Muzeyin həyətində açıq səma altında ekspozisiya da fəaliyyət göstərib, burada müxtəlif əsrlərdə
hazırlanmış qədim tarixə malik bədii daş nümunələri, at və qoç fiqurları, sujetli oymalar, kənd
təsərrüfatı alətləri və bir çox məişət əşyaları nümayiş etdirilib.
Laçında bir sıra uşaq musiqi məktəbləri də fəaliyyət göstərib. Laçın şəhər Əli Quliyev adına 1
nömrəli Uşaq Musiqi Məktəbi 1966-cı ildə yaradılıb. Bu təhsil ocağı 1992-1995-ci illərdə Bakı
şəhəri, Nərimanov rayonu, İnşaatçılar Mədəniyyət Sarayında, 1995-2008-ci illərdə Bakı şəhəri,
Nərimanov rayonu, Səttərxan adına Mədəniyyət Evində fəaliyyət göstərib. Laçın rayon Şəlvə
kənd Uşaq Musiqi Məktəbi 1985-ci ildə yaradılıb. Hazırda fəaliyyətini Sumqayıt şəhəri Sarı
Qaya qəsəbəsi, Şəfəq pansionatının klub binasında davam etdirir. Laçın rayon Şamkənd kənd
Uşaq Musiqi Məktəbi 1988-ci ildə yaradılıb. Məktəb yaranandan 1992-ci ilədək Laçın rayon
Şamkənd kəndində, 1992-ci ildən 2004-ci ilədək Şəki rayonu Çələbixan kəndində fəaliyyət

göstərib. 2004-ci Ağcabədi rayonu Taxtakörpü qəsəbəsindəki 552 saylı yaşayış məhəlləsində
fəaliyyətini davam etdirir. Laçın rayon Ərdəşəvi kənd Uşaq Musiqi Məktəbi 1989-cu ildə
yaradılıb. Rayonun işğalından sonra məktəb fəaliyyətini Abşeron rayon Pirəkəşkül qəsəbəsində
uşaq bağçasının binasında davam etdirir.
1999-cu ildə Saatlı rayonunda məskunlaşmış məcburi köçkünlərlə görüşü zamanı ulu öndər
Heydər Əliyev Laçın şəhər 2 nömrəli Uşaq Musiqi məktəbinin yaradılmasına qərar verib, həmin
məktəb 2000-ci ildən fəaliyyətə başlayıb. Məktəbin “Laçın Qayası” ansamblı hər il hərbi
hissələrdə və rayonun müxtəlif tədbirlərində fəal iştirak edir.
Laçın rayon Mədəniyyət evi 1930-cu ildən fəaliyyət göstərir. 1982-ci ildən Mədəniyyət
Nazirliyinin əmri əsasında Laçın rayonunun Mədəniyyət Evinin nəzdində “Xalq Teatrı”
yaranmışdır. “Xalq Teatrı” hazırda kiçik səhnə əsərlərini tamaşaya qoymaqla rayon sakinlərinə
xidmət göstərir. Laçın rayonunun işğalı nəticəsində rayon Mədəniyyət Evinin bütün əmlakı işğal
zonasında qalmışdır. Laçın rayon Mədəniyyət evi Ağcabədi rayonu Taxta-Körpü qəsəbəsində
250 nəfərlik tamaşaçı yeri olan yeni inşa edilmiş binada yerləşir. 2015-ci il Laçın rayon
Mədəniyyət evi Laçın Rayon Mədəniyyət Mərkəzi adı ilə fəaliyyət göstərir
Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur – su xətləri, kanalizasiya xətləri, elektrik
enerjisi xətləri, yollar, Laçın şəhərinin bütün daxili yolları yenidən qurulur. Daxili yolların
uzunluğu təqribən 50 kilometrdən çoxdur.
Rzayeva Nərgiz
Saatlı rayonu Nərimanov kənd tam orta məktəbin müəllimi


Digər xəbərlər

0.30173492431641