Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir

12:18 12-04-2023 | icon 706
Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir

Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Bu gün Azərbaycanın xarici siyasətində biz bunun şahidi oluruq. Prezident İlham Əliyevin son bir-iki il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcək konturlarını müəyyənləşdirir. Tacikistanla Azərbaycanın əlaqələri uzun illərdir ki, davam edir. 1992-ci il mayın 29-da iki qardaş ölkə arasında diplomatik münasibətlər qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.
     Azərbaycanla Tacikistan arasında münasibətlərin inkişaf etməsində və strateji tərəfdaşlıq səviyyəsinə qalxmasında hər iki ölkənin dövlət başçılarının şəxsi münasibətləri ilə yanaşı qarşılıqlı səfərləri böyük əhəmiyyətə malikdir. Bu günə qədər hər iki ölkənin Prezidenti çoxsaylı görüşlər keçiriblər. Keçirilən bütün görüşlərdə dövlət başçıları Azərbaycanla Tacikistan arasında əməkdaşlığın dərinləşməsindən məmnunluq ifadə edərək əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini bildiriblər.

      Diqqətəlayiq haldır ki, 1996-1999-cu illərdə “BMT ilə ATƏT arasında əməkdaşlıq haqqında” qətnamə layihəsində Azərbaycanın Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasına mənsubluğunu təsdiqləyən, mühüm əhəmiyyət kəsb edən düzəliş Tacikistan tərəfindən də dəstəklənib. Hər iki dövlətin rəhbərləri arasında yüksəksəviyyəli görüşlərin keçirilməsi normal siyasi münasibətlərin qurulması üçün möhkəm zəmin yaradıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistana səfərləri qarşılıqlı münasibətlərdə mühüm addım olub. Həmçinin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana səfərləri hər iki ölkənin gələcək inkişaf perspektivlərini müəyyənləşdirib.
     Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırdır: "Ona görə ki, Tacikistan bizə yaxın ölkədir və sabitlik hökm sürən ölkədir. Səfərin nəticələrinə əsasən ən yaxın vaxtda konkret addımlar atılacaq. Hökumətlərarası komissiyanın növbəti iclasını bu il Tacikistanda keçirmək barədə razılıq əldə olunub. Hökumətlərarası komissiyanın iclasına qədər bizim məhz nəqliyyat-logistika qarşılıqlı əlaqələri, investisiya siyasəti, sənaye kooperasiyası məsələlərinə dair nümayəndə heyətlərinin üzvlərinə verilmiş bütün tapşırıqlar yerinə yetiriləcək".

    Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır.
Azərbaycan-Tacikistan münasibətləri beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq sahəsində də inkişaf etməkdədir. Azərbaycanla Tacikistan İKT, İƏT, MDB kimi regional təşkilatlarda, həmçinin TRACECA proqramında faydalı əməkdaşlıq edirlər. Müasir dövrdə Azərbaycanla Tacikistan arasında ticari-iqtisadi əlaqələrin əsasını idxal-ixrac, həmçinin tranzit yükdaşımalar təşkil edir.
    Əminik ki, danışıqların nəticələri ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq. Bunlar son on ildə ilbəil yeni praktik məzmunla zənginləşən uğurlu qarşılıqlı fəaliyyət üçün əlavə şərait və zəmin yaradır. Qeyd etmək lazımdır ki, Tacikistan öz tərəfindən xalqlarımızın rifahı naminə bizim dövlətlərarası münasibətlərin hərtərəfli inkişaf etməsi, möhkəmlənməsi üçün var qüvvəsini sərf edəcək. Əminik ki, bu gün görülən iş bizim çoxşaxəli tərəfdaşlığımızın daha yüksək artım mərhələsinə keçməsinə təkan verəcək.

 

Qiyasova Çinarə

Saatlı rayonu Qara Nuru kənd ümumi orta məktəbin müəllimi


Digər xəbərlər

0.20677089691162