Ulu Öndər Heydər Əliyev və ordu quruculuğu

10:01 14-04-2023 | icon 399
Ulu Öndər Heydər Əliyev və ordu quruculuğu

Azərbaycan Ordusunu müasir müstəqil dövlətimizin memarı və qurucusu olan
ulu öndər Heydər Əliyev formalaşdırmışdır. Qarşısına qoyulan hər hansı tapşırığı
yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan Azərbaycan Silahlı
Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədədir. Vahid
komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən
Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Prezident
İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə
daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Azərbaycan beynəlxalq aləmdə
güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO
standartlarına uyğunlaşmış modern ordusuyla da diqqəti cəlb edir.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi mühüm
tədbirlərdən biri də Milli Ordunun təşkili idi. Əlahiddə Azərbaycan Korpusunun
yaradılması ilə ordu quruculuğunun əsası qoyulsa da, Xalq Cümhuriyyəti süqut
etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmış, ulu öndər Heydər
Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri
sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır.
Ümummilli liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb
yaradılmışdır. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi.
Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin
yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Həmin dövrdə
bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda
belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da,
Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin
qarşısını almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın
güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır.
Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini
bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi.
Ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlandı. Qısa müddətdə
hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı.
Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən zabitlər
hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Ordunun mərkəzləşdirilmiş maddi-
texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti
nizama salındı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksəldildi.
Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.
Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və bölgənin
ən güclü qüvvəsinə çevrildi. Azərbaycan Ordusunun güclənməsinin və uğurlu
şəkildə təşkilatlanmasının ən başlıca səbəbi, ordu quruculuğuna Heydər Əliyevin
rəhbərlik etməsi idi. Azərbaycanın müstəqilliyinə, xalqının milli maraqlarına
dərindən bağlı olan ulu öndər Heydər Əliyev müstəsna dövlətçilik təcrübəsi,
təşkilatçılıq bacarığı, yorulmaz işgüzarlığı ilə ordu quruculuğuna xüsusi bir önəm
verdi, bu prosesin siyasətini çox böyük incəlik və dəqiqliklə müəyyənləşdirdi,
onun icrasında məqsədyönlü bir çeviklik nümayiş etdirdi.

Kərimova Nigar
Saatlı şəhər Bülbül adına UMM-nin müəllimi


Digər xəbərlər

0.27100920677185