2022-ci ildə həmkarlar ittifaqlarına müraciətlərin 97,1 %-i müsbət həllini tapıb – İcraiyyə Komitəsi

21:00 14-04-2023 | icon 771
2022-ci ildə həmkarlar ittifaqlarına müraciətlərin 97,1 %-i müsbət həllini tapıb – İcraiyyə Komitəsi

Aprelin 14-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin iclası keçirilib.

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iclasın gündəliyinə “Həmkarlar ittifaqı təşkilatlarının 2022-ci il üzrə statistik hesabatı”, “2022-ci il ərzində AHİK və üzv təşkilatlarına daxil olmuş ərizə və şikayətlərin təhlili”, “2022-ci
ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının kurslarında həmkarlar
ittifaqı kadr və fəallarının təhsilinin nəticələri və 2023-ci il üçün təhsil planı”,
“Azərbaycan həmkarlar ittifaqları idman təşkilatlarının 2022-ci ilin yekunları üzrə
fəaliyyəti və statistik hesabatlarının əsas göstəriciləri”, “Azərbaycan həmkarlar
ittifaqlarının 2022-ci  il üzrə gender statistikası”, “Sağlam və təhlükəsiz əmək
şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə keçirilən
respublika müsabiqəsinin 2022-ci il üzrə yekunları”, həmçinin digər cari və təşkilati
məsələlərin daxil edildiyi barədə məlumat verib.

Məsələlərin müzakirəsi zamanı bildirilib ki, ötən il Azərbaycan həmkarlar
ittifaqlarına 162 078 ərizə və şikayət daxil olub. Müraciətlərin 97,1%-i müsbət həllini
tapıb. Həmçinin keçən il 248 həmkarlar ittifaqı üzvü AHİK-in rəhbərləri tərəfindən
qəbul edilib. Onlardan 47-si Konfederasiya sədrinin qəbulunda olub və qaldırılan
bütün məsələlər müsbət həllini tapıb. İşə bərpa ilə əlaqədar həmkarlar ittifaqlarına
daxil olan 222 müraciətdən 132-ü müsbət həll olunub. Eləcə də AHİK-ə 32 təşəkkür
məktubu ünvanlanıb.

İclasda üzv təşkilatların rəhbərlərinə tövsiyə olunub ki, həmkarlar ittifaqı
üzvlərindən daxil olan məktubların obyektiv şəkildə hərtərəfli araşdırılması, faktların
təsdiqi müqabilində qaldırılan məsələlərin həllinə köməklik göstərilməsi,
şikayətçilərin məlumatlandırılması ilə əlaqədar müvafiq şöbə və ya mütəxəssislərin vəzifə məsuliyyətlərinin artırılması, təkrar müraciətlərin səbəblərinin aydınlaşdırılması məsələlərinə nəzarət gücləndirilsin.
Həmçinin iclasda məlumat verilib ki, 2022-ci ildə Əmək və Sosial Münasibətlər
Akademiyasında təşkil olunan kurslara həmkarlar ittifaqlarının 575 kadr və fəalı
qatılıb. 2023-cü ildə isə 701 nəfərin Akademiyanın kurslarına cəlb edilməsi nəzərdə
tutulub.

İclasda bildirilib ki, AHİK-ə üzv olan 27 həmkarlar ittifaqında 1 102 484
həmkarlar ittifaqı üzvlərini özündə birləşdirən 14 202 həmkarlar ittifaqı təşkilatı, o
cümlədən 60 birləşmiş və 501 şəhər, rayon komitələri fəaliyyət göstərir. Həmkarlar
ittifaqı üzvlərinin sayında 2021-ci illə müqayisədə ötən il 0.05 % artım olub, 8 sahə
üzrə 44 yeni ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb. Ötən il işəgötürənlərlə 122 saziş,
11746 kollektiv müqavilə bağlanıb.

Qeyd olunub ki, “Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq sahəsində ilin ən yaxşı
müəssisəsi - 2022” adı uğrunda keçirilən müsabiqədə 2150-dən artıq müəssisə və
təşkilat iştirak edib ki, onlardan da 48-i qalib olub.

Daha sonra gündəlikdəki digər məsələlər, o cümlədən cari və təşkilati məsələlərə
dair müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.

Sonda AHİK sədri Səttar Möhbalıyev əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, istehsalat sanitariyası, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması,
bədbəxt hadisələrin, istehsalat zədələrinin, peşə xəstəliklərinin minimuma endirilməsi,
əməyin mühafizəsi üzrə qayda və normalara əməl edilməsi məqsədilə mütəmadi
maarifləndirmə tədbirlərinin həyata keçirilməsini tövsiyə edib.

Konfederasiya sədri həmçinin deyib ki, həmkarlar ittifaqlarına ünvanlanan bütün
müraciətlər dərindən araşdırılsın, qaldırılan bütün problemlər qanunvericiliyə uyğun
olaraq, vaxtında həll edilsin, vətəndaş məmnunluğu tam təmin olunsun.
Şəhid ailələrinin və valideynlərinin, qazilərin, veteranların müraciətlərinə
həssaslıqla yanaşmağı diqqətə çatdıran S.Möhbalıyev bunun hamımızın müqəddəs
borcu olduğunu vurğulayıb.


Digər xəbərlər

0.27337694168091