İlham Əliyevlə xanımı Salyana gedib

21:12 18-04-2023 | icon 1083
İlham Əliyevlə xanımı Salyana gedib

Aprelin 18-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Salyan rayonuna səfər ediblər.

Dövlət başçısı və birinci xanım Salyan şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Prezident İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstələri qoyublar.

***

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Salyan Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.

Səhiyyə naziri Teymur Musayev dövlət başçısına və birinci xanıma Doğum Evində və Uşaq Poliklinikasında yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, xəstəxananın bina və qurğuları 3,94 hektar sahədə inşa edilib, tikililərin ümumi sahəsi 16 min 472 kvadratmetrdir.

Qeyd edilib ki, binada əsaslı təmir işlərinə 2019-cu ildə başlanılıb və 2022-ci ildə başa çatdırılıb.

Xəstəxana Doğum Evi, Uşaq Poliklinikası, Gigiyena və Epidemiologiya Mərkəzi, Yoluxucu xəstəliklər korpusu, Patoloji Anatomiya binası, digər tikili və qurğulardan ibarətdir.

Müalicə ocağı müasir tələblərə cavab verən Rəqəmsal stasionar ultrasəs müayinə cihazı, rentgen (vizioqraf ilə birlikdə) və rəqəmsal stasionar exokardioqraf cihazı ilə təchiz olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sisteminin təkmilləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində son illər mühüm işlər görülüb. Bu sahədə aparılan davamlı islahatlar sayəsində ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyəti və səviyyəsi də yüksəlib. Bu istiqamətdə görülən işlər vətəndaşlar tərəfindən məmnunluqla qarşılanır.

***

Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib.

 “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlət başçısına mərkəzdə yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, Salyan şəhərində yaradılan Rəqəmsal İdarəetmə Mərkəzi vasitəsilə dispetçer idarəetmə sistemi ilə aşağı gərginlikli şəbəkələr tərəfindən elektrik enerjisinin son istehlakçıyadək çatdırılması nəzarətdə saxlanılır. Eyni zamanda, 110, 35, 10-6 və 0,4 kV-luq şəbəkələrin real vaxt rejimində güc imkanlarının qiymətləndirilməsi, zəruri hallarda digər mənbələrə yönləndirilməsi və rəqəmsal hesabat sisteminin qurulması ilə abonent məmnunluğu təmin olunur.

Qeyd edilib ki, rayonun elektrik enerjisinə artan tələbatının qarşılanması, habelə fasiləsiz, dayanıqlı və etibarlı enerji təchizatının təmin edilməsi və həmin prosesin daimi nəzarətdə saxlanılması məqsədilə 110/35/10 kV-luq “Qaraqaşlı” və 110/35/6 kV-luq “Şorsulu”, 35/10 kV-luq 12, 35/6 kV-luq 14 və 35/0.4 kV-luq 12 yarımstansiyanın Rəqəmsal İdarəetmə Mərkəzinə inteqrasiya olunması həyata keçirilir.

Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzini işə salıb.

Diqqətə çatdırılıb ki, şəbəkələrin texniki parametrlərinin mütəmadi monitorinq edilməsi, o cümlədən qeyri-balans, texniki itki və ya qəza hallarında elektron xəritədə dərhal problemin yerinin koordinatları müəyyən edilir, SMS-xəbərdarlıq xidməti ilə “199 Çağrı Mərkəzi” və qəza xidmətlərinə məlumat ötürülür. Bununla da elektrik enerjisinin verilməsində yaranan fasilələrin qısa müddətdə aradan qaldırılması və istehlakçıların məmnunluğu təmin edilir.

Qeyd edək ki, ümumi qoyuluş gücü 40-50 MVt olan Salyan rayonunun paylayıcı şəbəkələri vasitəsilə 33 min 331 abonentə (31 min 182 əhali, 2 min 149 qeyri-əhali) xidmət göstərilir.

Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin dispetçer sistemi həm mərkəzləşdirilmiş, həm də müstəqil funksional rejimlərdə istismar imkanına malikdir.

Diqqətə çatdırılıb ki, gələcəkdə belə Rəqəmsal İdarəetmə mərkəzləri vasitəsilə bərpaolunan enerji mənbələrinin iş rejimlərinin izlənməsi də nəzərdə tutulur.

***

Dövlət başçısı “ASAN xidmət” Mərkəzinin açılışını edib. Sonra İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlət başçısına məlumat verib.

Bildirilib ki, Salyan regional “ASAN xidmət” mərkəzi üçün ayrılan 2 hektar ərazidə inzibati bina, iki yerüstü avtomobil dayanacağı, kafe, konsert səhnəsi, dekorativ fəvvarə, istirahət və uşaq əyləncə meydanı yaradılıb. Mərkəzdə mediafasad quraşdırılıb.

Respublika üzrə sayca 25-ci olan Salyan regional “ASAN xidmət” mərkəzində videomüşahidə kameraları, monitorlar, kompüterlər, printerlər, iki lift, iki eskalator, yanğınsöndürmə, mərkəzləşdirilmiş havalandırma və istilik sistemləri, çiller, generator, UPS, 22 ədəd “ASAN ödəniş” terminalı, elektron şikayət köşkü (Skype), iki elektron rəy sorğusu (exit poll) köşkü, Çağrı mərkəzinə zəng köşkü quraşdırılıb.

Əsasən Salyan, Neftçala, Biləsuvar, Şirvan rayonlarında qeydiyyatda olan ümumilikdə 426 min 600 vətəndaşa xidmət edəcək mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək.

Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox xidmət həyata keçiriləcək.

Burada çalışacaq əməkdaşların ümumi sayı 205, könüllülərin sayı 45 nəfər nəzərdə tutulur.

Mərkəzdə üzərində xüsusi QR kodlar əks olunan məlumat tabloları yerləşdirilib. QR kodları oxudaraq asan.gov.az saytına keçid etməklə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin, yashat.gov.az portalına keçid etməklə isə “YAŞAT” Fondunun fəaliyyəti barədə asanlıqla məlumat əldə etmək mümkündür.

Dövlətimizin başçısına innovativ yeniliklər - “Metaverse” platforması, “METASAN xidmət”, “Evə dönüş” layihəsi, “e-ASAN” avadanlığı, “Charge Box” elektrik qidalanma stansiyaları barədə də məlumat verildi.

Sonra Prezident İlham Əliyevə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının ilk yubiley medalı, həmçinin "ASAN xidmət" kollektivi adından qurumun 10 illiyinə həsr olunmuş və ABAD tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olundu.

Qeyd edək ki, son illərdə Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar xüsusi vurğulanmalıdır. "ASAN xidmət" mərkəzlərinin yaradılması da bu islahatların tərkib hissəsidir. Bu mərkəzlər dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.

Hazırda Azərbaycanda 24 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir.

Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur.

“ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox, “ASAN Kommunal” mərkəzlərində isə “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 növ xidmət göstərilir.

Bu günədək “ASAN xidmət” mərkəzlərinə 8 milyon 640 mindən çox vətəndaşın 61 milyondan çox müraciəti daxil olub.

Keçirilən rəy sorğularına əsasən, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8 faiz təşkil edir.

Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyun ayından etibarən 2 milyon 783 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib.

Dövlət Agentliyi öz fəaliyyəti çərçivəsində 16 ölkə və 2 beynəlxalq təşkilatla müqavilə imzalayıb.

Həmçinin bir neçə ölkədən “ASAN xidmət” təcrübəsinin öz ölkələrində tətbiqi ilə əlaqədar müraciətlər daxil olub. Hazırda danışıqlar davam etdirilir.

 

 
 
 

Digər xəbərlər

0.27413201332092