Millət vəkili Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib

10:15 21-04-2023 | icon 1960
Millət vəkili Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib

Millət vəkili Cavanşir Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. 

Təbrikdə deyilir: 

Xalqımızın əziz bayramı olan Ramazan bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, hər birinizə ən xoş arzu və istəklərimi, diləklərimi çatdırıram.

Müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanları xeyirxah, nəcib əməllərə, sülhə, əmin-amanlığa, mənəvi-əxlaqi saflığa, nəfs üzərində qələbəyə çağıran mübarək aylardandır. Ramazan bəşər övladına səbir, mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Bu ülvi bayram günlərində valideynləri yad etmək və sevindirmək, qohum-əqrəbaya baş çəkmək, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərmək, küsülüləri barışdırmaq hər bir müsəlmanın borcudur.

Hər bir sahədə olduğu kimi, din sahəsində də dünyaya görkəmli şəxsiyyətlər bəxş etmiş möminlər diyarı, ulu, qədim Azərbaycan sakinləri əsrlər boyu milli-mənəvi dəyərlərimizə sadiq qalmış, öz adət-ənənələrini, dini ayin və mərasimlərini bu gün də layiqincə qoruyub saxlamaqdadırlar. Ramazan bayramı respublikamızın bütün bölgələrində hər il yüksək səviyyədə keçirilir.

Qeyd etmək istəyirəm ki, bu gün də sevincini, fərəhini yaşadığımız ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasına xalqımız layiqli töhfələr vermişlər. İşğaldan azad edilmiş ərazilərimizdə həyat yenidən canlanır, tarixi-mədəni irsimiz, ibadət yerlərimiz bərpa olunur, məscidlərimizdən uzun illərdir ki, eşidilməyən azan sədaları ucalır.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini bu mübarək bayram günlərində bir daha böyük hörmət və ehtiramla yad edir, onlara Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə cansağlığı diləyirəm.

Bir daha hamınıza səmimi bayram təbriklərimi yetirir, ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət arzulayıram. Allah orucunuzu qəbul etsin.

Bayramınız mübarək olsun!


Digər xəbərlər

0.24442601203918